AZ

Dilimiz milli varlığımız və milli sərvətimizdir

Azərbaycan xalqı ən çətin və keşməkeşli dövrlərdə  belə, öz ana dilini milli varlığı kimi qoruyaraq onu daim zənginləşdirmişdir. Millətimizin dahi insanları, dünyaca şöhrətli ziyalıları məhz bu dildə danışmış, təhsil almış və ölkəmizi qürurla təmsil etmişlər.

Xatırladaq ki, 1918-cilin mayın 28- də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi dövlət kimi elan olunan ana dilimiz cümhuriyyətimizin süqutundan sonra məqsədli şəkildə təzyiqlərə məruz qaldı. İmperiya şovinistləri tərəfindən milli təfəkkürlü ziyalılarımızla yanaşı, dilimizə də divan tutuldu. Yurdumuzda ana dilimiz küncə sıxışdırılaraq yabançı, bizə yad olan başqa dilin məişətimizə qədər gətirilməsinə cəhd göstərdildi. Tarixə nəzər salsaq görərik ki, 1977-1978-ci illərdə SSRİ- də dil məsələsi yenidən gündəmə gətirilmişdi. Məlum olduğu kimi, 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edildi. Həmin konstitusiyada isə dövlət dili haqqında maddə yox idi. Azərbaycanda isə vəziyyət başqa cür idi. Azərbaycan SSR-ə rəhbərlik edən dahi dövlət xadimi Heydər Əliyev ana dilinin dövlət dili olması uğrundakı mübarizəsini davam etdirdi. Dilimizin respublikamızda dövlət dili kimi işləməsinə çalışan Ulu Öndər  istəyinə nail oldu. Respublikanın rəhbəri ziyalıları, bütün xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvəsi ilə mübarizə apardı və bütün çətinliklərə və maneələrə fədakarcasına sinə gərdi.1978-ci il aprel ayının 21-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının (əsas qanununun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir".

Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə və tələblərə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı  xeyli artdı.1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.

Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev bu gün də Ulu Öndərin dövlət dili siyasətini uğurla davam etdirir. Bu, həm də Prezidentin öz xalqının milli adət-ənənələrinə, onun qədim mədəniyyətinə bağlılığı ilə bağlıdır. Ölkəmizin başçısının davamlı olaraq dilimizin  qorunması, onun saflığının təmin edilməsi yönümündə önəmli qərarlar verir. Belə ki, Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır.

Ölkəmizin başçısının  müasir dövrün tələblərini və reallıqlarını nəzərə alaraq 2013-cü ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı təsdiqləməsi də milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisə kimi qeyd edildi. Prezident İlham Əliyev, həmçinin 2018-ci il noyabrın 1-də “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzaladı. Bu sənəd ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi. Sözügedən Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradıldı.

Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən qiymətli və etibarlı ünsiyyət vasitəsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bu məsələni xüsusi vurğulayaraq "Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir", - dedi. Azərbaycan vətəndaşı olaraq dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının milli və mənəvi borcudur.

Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri

Seçilən
33
45
ikisahil.az

10Mənbələr