2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər Fondun büdcə xərclərini tam şəkildə qarşılamayıb.
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-nin 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində qeyd olunub.
Sənəddə bildirilir ki, Fondun xərclərinin maliyyələşdirilməsində əsas yük investisiya gəlirləri və büdcədənkənar daxilolmaların üzərinə düşüb.
Sənədə əsasən, ötən il Fondun ümumi gəlirləri 18 milyard 039 milyon manat təşkil edib. Bu gəlirin 11 milyard 461,4 milyon manatı (təxminən 6 milyard 742 milyon ABŞ dolları) neft və qaz satışından daxil olub. Bu isə ümumi gəlirlərin cəmi 63,5 %-ni təşkil edir və xərclərin tam qarşılanması üçün kifayət etməyib.
Fondun büdcə xərcləri 2024-cü ildə 12 milyard 896,4 milyon manat olub. Gəlirlərin çatışmayan hissəsinin qarşılanması üçün əsas yük Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən 5 milyard 795,3 milyon manatlıq (təxminən 3 milyard 409 milyon ABŞ dolları) investisiya gəlirlərinin və büdcədənkənar daxilolmaların üzərinə düşüb.
Hesabatda qeyd olunur ki, xərclərin icrası üzrə müsbət fiskal balans daha çox investisiya gəlirləri hesabına təmin olunub. İl ərzində Fondun aktivləri 6,7 milyard manat və ya 3,96 milyard ABŞ dolları artaraq 60 milyard 031,4 milyon ABŞ dollarına çatıb.