Sosial şəbəkələrdə yayılan şikayətlər, media resurslarında gedən tənqidi materiallar, həmçinin qeyri-şəffaflıqla bağlı iddialar bu qurumun fəaliyyətində ciddi problemlərin olduğunu ortaya qoyur. AHİK özünü minlərlə əməkçinin hüquqlarını qoruyan sosial institut kimi təqdim edir. Lakin reallıqda bu institutun ən əsas funksiyalarından biri olan istirahət və sanatoriya göndərişləri sistemi əksər vətəndaşların təcrübəsində mövcud deyil.
Vətəndaşların əsas narazılığı AHİK-in yaratdığı onlayn sistemlə bağlıdır. İddialara görə, sanatoriya və istirahət mərkəzlərinə göndəriş üçün elektron formada müraciət edənlərə ya cavab verilmir, ya da onlara standart şəkildə "yer yoxdur" deyilir. Halbuki həmin mərkəzlərə birbaşa zəng edən vətəndaşlar boş otaqların olduğunu öyrənirlər. Bu, ictimai rəydə haqlı sual doğurur: müraciətlər necə qiymətləndirilir? Kimlərə və hansı meyarlarla göndəriş verilir? Əgər sistem işləmirsə, niyə onun üzərindən bu qədər təbliğat aparılır?
Əmək və istirahət hüququnu təmin etməli olan bu sistemin digər bir problemi əlaqə vasitələrinin fəaliyyətsizliyidir. Vətəndaşlar sosial şəbəkələrdə yazırlar ki, AHİK-in saytında yerləşdirilən telefon nömrələrinə zəng vurmaq mümkün deyil. Qaynar xətt ya ümumiyyətlə cavab vermir, ya da "əlavə məlumat verəcəyik" deyib, sonra heç bir geri dönüş olmur. Bu passivlik və qeyri-müəyyənlik, ictimai etimadı daha da zəiflədir.
AHİK-in sanatoriya sistemi sosial şəbəkələrdə tez-tez "fırıldaq", "şou", "formal mexanizm" kimi ifadələrlə tənqid olunur. Onlarla paylaşımda vətəndaşlar qeyd edirlər ki, illərlə üzvlük haqqı ödəsələr də, bu sistemdən heç vaxt faydalana bilməyiblər. Ən əsası isə sistemin şəffaf işləməməsi, heç bir ictimai hesabatın təqdim olunmaması, seçimin hansı prinsiplə aparıldığının izah edilməməsi, narazılıqları daha da artırır.
Bəs toplanan üzvlük haqları necə xərclənir?
Əməkçilərdən hər ay maaşlarının müəyyən faizi AHİK-in üzvlük haqqı kimi tutulur. Bu vəsaitlərin miqdarı az deyil və bu pulların hansı istiqamətdə xərcləndiyi sual doğurur. İctimaiyyətə təqdim olunan illik hesabatlar detallı və konkret məlumat əvəzinə, ümumi ifadələrlə doludur. Əgər minlərlə insan bu imkanlardan yararlana bilmirsə, bu vəsait hara gedir? Bu pullar real istirahətə, yoxsa hansısa inzibati xərclərə, təbliğat tədbirlərinəmi yönəlir?
Ən ciddi problemlərdən biri isə ictimai nəzarətin yoxluğudur. Əgər vətəndaş müraciət edib cavab ala bilmirsə, sistemin necə işləyişi barədə məlumat verilmir və nəticədə insanlar əmin ola bilmirsə, artıq bu sosial ədalətsizliyin göstəricisidir.
AHİK tərəfindən sanatoriyalara göndəriş alan şəxslərin siyahıları nə vaxt, necə paylaşılır? Hansı sənədlərlə, hansı reytinqə əsasən bu seçimlər aparılır? Bunlar ictimaiyyətə bəlli deyil. Halbuki şəffaflıq və hesabatlılıq hər bir ictimai qurum üçün əsas prinsiplərdən olmalıdır.
"Azərbaycanda Həmkarlar İttifaqları Konfederasiyası bir qurum olaraq formal xarakter daşıyır və ona üzvlük məcburidir eyni zamanda üzvlük haqqı da məcburi şəkildə yığılır".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib. Ekspert bildirib ki, halbuki dünyada Həmkarlar İttifaqları könüllü əsasda fəaliyyət göstərir və əmək kollektivləri bu qurumlarla kollektiv müqavilələr əsasında əməkdaşlıq edirlər. Başqa sözlə, bu cür qurumlara üzvlük könüllü olmalı və onların yaradılması əmək kollektivlərinin təşəbbüsü ilə baş verməlidir.
İqtisadçının sözlərinə görə, Azərbaycandakı Həmkarlar İttifaqları Konfederasiyası və əmək kollektivlərində yaradılmış ona bağlı struktur bölmələr isə əksinə, yuxarıdan aşağı yaradılmış sistemlərdir. Əslində isə bu cür qurumlar aşağıdan yuxarı, yəni əmək kollektivlərinin təşəbbüsü ilə formalaşmalıdır. İstənilən əmək kollektivində çalışan işçidən soruşsanız: "Siz könüllü şəkildə ərizə ilə Həmkarlar İttifaqına üzv olmusanmı?" - çox güman ki, cavab "xeyr" olacaq. Çünki heç kim bu təşkilata üzv olmaq üçün ərizə ilə müraciət etməyib. Sadəcə əmək müqaviləsi bağlanan andan etibarən, həmin şəxs avtomatik olaraq Həmkarlar İttifaqının üzvü hesab olunur və heç bir müraciət, qəbul prosesi olmadan, hər ay əmək haqqından üzvlük haqqı tutulur. Bu da Həmkarlar İttifaqlarının korrupsiyaya açıq bir quruma çevrilməsinə səbəb olub."
A. Nəsirli qeyd edib ki, bu problemlər hələ uzun müddət davam edəcək. Nə qədər ki Azərbaycanda Həmkarlar İttifaqları müstəqil şəkildə yenidən qurulmayıb, bu vəziyyət dəyişməyəcək. İndiyə qədər necə olubsa, bundan sonra da elə olacaq"
İqtisadçı-ekspert bildirib ki, illərlə vətəndaşdan üzvlük haqqı toplamaq, lakin bunun əvəzində ona xidmət göstərməmək həm hüquqi, həm də mənəvi baxımdan problematikdir. Əgər sistemdə real faydalanma yoxdur, bu zaman AHİK-in sosial institut funksiyası ciddi şəkildə sual altına düşür.
İctimai etimadı bərpa etməyin yeganə yolu - şəffaflıq, ictimai hesabatlılıq və açıq dialoqdur. Əks halda, AHİK öz üzvlərinin maraqlarını deyil, yalnız öz strukturunun saxlanmasını əsas məqsəd kimi təqdim edən bir quruma çevriləcək.
Səidə Ramazanova