AZ

Sevgidən dəli olan Kraliça Juananın hekayəsi

Daha çox “Dəli Juana” olaraq tanınan Kastilyalı I Juana, İspan monarxiyasının ən maraqlı və faciəli dövrlərindən birinin simvolu olaraq qalır. Onun şəxsiyyəti yüzillərlə əfsanələrlə və siyasi təbliğatla təhrif edilib. Katolik hökmdarların qızı və I Karlın anası olan Juana’nın həyatı, yalnızlıq, manipulyasiya və demək olar ki, yarım əsr davam edən bir təcrid dövrü ilə yadda qalıb.

Onu sadəcə eşq üzündən dəli olan bir qadın kimi göstərən stereotiplərin əksinə olaraq, əslində Juana Habsburqların sülalə strategiyalarında alətə çevrilmiş, ətrafındakı kişilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış bir kraliçənin hekayəsidir.

Onun həyatı İspan monarxiyasının ən böyük dilemmasını, qan və güc arasındakı qarşıdurmanı göz önünə gətirir.

Bu gün tarixçilər onun hekayəsinə daha tənqidi və insani yanaşır, əsrlərdir təkrarlanan əfsanələri təkzib edirlər.

Bakıvaxtı.az xəbər verir ki, Ruben Burenin koordinatorluğu və Pinolia nəşriyyatı tərəfindən hazırlanan "Los Austrias" kitabı bizi Kastiliya Kraliçası I Juana’nın tarixinə və uzun əsarətinə aparır.

Katolik hökmdarların beş övladından üçüncüsü olan infanta Juana, 6 noyabr 1479-cu ildə Toledoda doğulub. Anasının təkidi ilə, Katolik hökmdarların evlilik siyasətində alətə çevrilməsi üçün təhsil alıb.

1495-ci ildə Avstriyalı Maksimilian və Burqundiyalı Mariyanın oğlu və varisi olan Habsburq nəslindən Felipe ilə evləndirilib. O andan etibarən əfsanələr başlayıb: Hər zaman hiss və arzularını ifadə etməkdən çəkinməyən, amma başqalarının ambisiyalarının qurbanı olan və həyatının son illərini əsir kimi keçirən bir qadın “dəli” kimi təqdim olunmağa başlanıb.

Əfsanəyə görə, Juana əri Felipe El Hermosonun sadiqsizliyi və ölümü səbəbilə dəli olmuş və atası onu idarəetmə məsuliyyətlərindən azad etmək üçün Tordesilyasa həbs etmək məcburiyyətində qalmışdı. Ancaq bu “dəli” etiketi Flandriyada yaşadığı ilk günlərdən formalaşmağa başlayıb. Əvvəlki ehtiras dolu illərdən sonra Felipe, təkcə ona sədaqətsiz davranmaqla kifayətlənməyib, həm də Kastiliya şahzadəsi və Fransa düşməni olan Juana’nın siyasi gücünü sıfırlamaq üçün müxtəlif yollar sınayıb. Juana,  Flandriya sarayında “eksantrik” olaraq damğalansa da, bir qadın və bir nəslin nümayəndəsi olaraq yerini qorumağa çalışıb.

1497-ci ilin sentyabrı ilə 1500-cü ilin avqustu arasında qardaşı John, bacısı İzabella, və tək oğlu Miguel de la Pazın ardıcıl ölümləri Juananı Kastiliya və Aragon taxtının varisi edib. O dövrdə Juana ikinci uşağına hamilə idi. 1501-ci ildə Felipe ilə birlikdə İspaniyaya səyahət edərək Kastiliya varisi olaraq and içib. Bu mərasim 1502-ci ildə Toledo Katedralində baş tutub. Rəsmi mərasimdən sonra Kastiliya sarayında təcrid olunduğunu hiss edən Felipe Flandriyaya dönmək qərarı alıb. Hamilə olan Juana ailəsinin yanında qalmağa məcbur olub. 1503–1504-cü illərdə Medina del Kampodakı La Mota qalasında məcburi qalaraq Flandriyaya getmək üçün anası ilə şiddətli mübahisələr edib. Anasının yalvarışlarına baxmayaraq, İnfante Fernando’nu dünyaya gətirdikdən dərhal sonra yola çıxıb.

Felipe, Mechelen sarayına çatdıqda həqiqi niyyəti ortaya çıxıb. O, ispan kraliyyət ailəsində ikinci adam olmağı qəbul etməyib və Juana’ya qarşı bir qaralama kampaniyasına başlayıb. Onu dəli elan edib və bütün siyasi əlaqələrdən uzaqlaşdıraraq ciddi nəzarət altına alıb. Aralarındakı gərginlik pik həddə çatarkən, Katolik İzabellanın ölümü onları Kastiliyaya qayıtmağa məcbur edib.

Bu zaman Toro’dakı Kortes Kraliça İzabellanın vəsiyyətini təsdiqləyib. İzabella 1504-cü il 12 oktyabrda vəsiyyət yazaraq qızı Juana’nı kraliyyətin varisi elan edib. Həmçinin vəsiyyətində atasının (Ferdinand) əgər qızı krallıqdan uzaqdadırsa və ya idarəni qəbul edə və ya anlaya bilmirsə, onun yerinə naiblik edəcəyini əlavə edib. Felipe taxtdan imtina etməyib və özünü kral olaraq tanıdan Salamanca müqaviləsini imzalasa da, 1506-cı ildə Burgonya hersoqları Kastiliyaya çatdıqda Villafáfila Paktı imzalanıb. Bu paktla Ferdinand Kastiliya idarəsini qızı və kürəkəninə bərabər şəkildə təhvil verib və Aragon idarəsini özündə saxlayıb.

Felipe dərhal Juana’nın ağıl sağlamlığının yerində olmadığını iddia edərək təkbaşına kral kimi and içmək istəyib. Lakin Juana’nın Kortes qarşısındakı aydın və qətiyyətli çıxışı onun planlarını pozub. Buna baxmayaraq, Felipe’nin Juana üzərindəki təsiri ona Kastiliya idarəsini faktiki olaraq ələ keçirmək və hakimiyyətini möhkəmləndirmək imkanı verib. Bu dövrdə Juana yenidən hamilə idi və onun tərəfdarlarını nəzarət altında saxlamaq üçün tədbirlər görüldü. Daha sonra cütlük Burqosa gedib və Felipe orada qəfil xəstələnərək 1506-cı il sentyabrın 25-də vəfat edib.

Mina Mikayılova

Seçilən
19
bakivaxti.az

1Mənbələr