Abşeron Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, Abşeron Rayon Mərkəzi Xəstəxanasına gündəlik müraciət sayı orta hesabla 3 000-3 500 nəfər təşkil edir. Müaricət edən hər bir vətəndaşa isə gündəlik təxminən 4-5 adda müxtəlif tibbi xidmətin göstərilməsinə ehtiyac yaranır. Vətəndaşların rahat şəkildə tibbi xidmətlərdən istifadə etməsini təmin etmək məqsədilə tibb müəssisəsi tərəfindən bir sıra müvafiq tədbirlər həyata keçirilir.
Hazırda bağçalara, ali məktəblərə, kolleclərə, liseylərə sənəd təqdim edən abituriyentlər, eləcə də işə qəbul olunan şəxslər tərəfindən sağlamlıq haqqında arayışların əldə olunması ilə bağlı müraciətlərin sayında artım müşahidə olunur. Hər il eyni dövrdə intensiv xarakter alan bu proses bəzən tibb müəssisəsində sıxlığa səbəb olur.
Yaranan vəziyyətin tənzimlənməsi məqsədilə tibb müəssisəsi tərəfindən zəruri addımlar atılır.Hazırda müraciət sayının artmasını nəzərə alaraq qeydiyyat bölmələrinin sayı artırılıb, vətəndaş axınına uyğun olaraq həkim və orta tibb personalının iş qrafikləri yenidən tənzimlənib. Eyni zamanda xidmətlərin daha operativ təşkili məqsədilə sənəd, arayış almaq istəyən vətəndaşlar üçün ayrıca pəncərə və yönləndirmə sistemi tətbiq olunub.
Bundan əlavə, xidmətlərin keyfiyyətinin artırılması və növbə yükünün azaldılması məqsədilə gələcək mərhələdə sağlamlıq arayışlarının elektron şəkildə verilməsi, qeydiyyat prosesinin rəqəmsallaşdırılması və müraciətlərin əvvəlcədən planlaşdırılması imkanlarının yaradılması istiqamətində müvafiq işlər nəzərdə tutulub.
Qeyd olunan tədbirlər və yanaşmalar vətəndaşlara daha keyfiyyətli, əlçatan və çevik tibbi xidmətin göstərilməsi məqsədini daşıyır. Abşeron Rayon Mərkəzi Xəstəxanası olaraq vətəndaş məmnuniyyətini təmin etmək üçün bütün imkanlarımızla xidmət göstərməyə davam edirik.
Həmçinin qeyd edək ki, növbələr planlı xidmətlər üçün yaranır, təcili və təxirəsalınmaz tibbi yardım üzrə müraciətlər növbəsiz şəkildə qəbul olunur.