AZ

Yaxın aylarda neft daha da BAHALAŞACAQ - SƏBƏB

Son günlərdə ABŞ rəhbəri Trampın Rusiya Prezidenti Vladimir Putinə münasibəti tədricən sərtləşməkdə davam edir. O, 10-12 gün ərzində sülh istiqamətində irəliləyiş baş verməyəcəyi təqdirdə Rusiyanın əsas ticarət tərəfdaşlarına qarşı 100 faiz tarif tətbiq ediləcəyini bəyan edib.

Trampın bu addımı atacağı təqdirdə dünya neft bazarında qiymətlərin artması ehtimalı diqqət çəkir. Azərbaycan nefti də bahalaşıb. Belə ki, bu gün dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,13 ABŞ dolları, yaxud 2,97 % artaraq 73,64 ABŞ dolları təşkil edib.

Modern.az-a açıqlamasında mövcud vəziyyəti şərh edən Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, ABŞ və dünyanın aparıcı iqtisadi gücləri, o cümlədən Rusiya və Çin arasında müşahidə edilən tarif gərginliyi qlobal bazarlara təsirsiz ötüşmür.

O bildirib ki, son 7 gün ərzində tətbiq olunan tariflər və əlavə sanksiyalar nəticəsində neftin dünya bazarındakı qiymətində təxminən 7 faizlik artım qeydə alınıb. Onun sözlərinə görə, hazırda neftin bir bareli 73 dollardan baha satılır.

“Bu qiymət artımı bir neçə amillə bağlıdır. Bir tərəfdən yay aylarında ənənəvi olaraq neftə olan tələb artır. Digər tərəfdən isə tarif siyasətindəki sərtləşmələr yeni qlobal ticarət müharibəsinin başlanğıc siqnalı kimi qiymətləndirilə bilər. Bu da öz növbəsində dünyanın iqtisadi gücünə görə ilk onluqda yer alan ölkələr arasında münasibətlərin gərginləşməsinə səbəb olur və nəticə etibarilə bu gərginlik neft bazarına da təsirsiz ötüşmür”.

Deputat, həmçinin əlavə edib ki, tariflərin neft bazarına təsiri adətən qısa və ya orta müddətli olur:

“Neft qiymətlərinə daha dayanıqlı təsir göstərən əsas amil isə qlobal iqtisadi artım fonunda neftə olan tələbin yüksəlməsidir. Lakin ilkin proqnozlara əsasən, əgər ticarət müharibələri dərinləşərsə, bu ümumilikdə dünya ticarətinin həcminin 330 milyard dollar azalmasına səbəb ola bilər”.

V.Bayramov son olaraq qeyd edib ki, hazırda neft qiymətlərində müşahidə edilən artımın başlıca səbəbi məhz qlobal iqtisadi münasibətlərdəki gərginliklə bağlıdır:

“Əgər bu iqtisadi qarşıdurmalar davam edərsə, yaxın aylarda neft qiymətlərində yeni artımların şahidi olmaq mümkündür”, -deyə iqtisadçı deputat bildirib.

Seçilən
4
modern.az

1Mənbələr