AZ

Türkiyədə polis əməliyyatında ilk dəfə "Akıncı" PUA-sından istifadə edildi

Türkiyədə polis əməliyyatında ilk dəfə yerli pilotsuz döyüş aparatı "Akıncı"dan istifadə olunub.
 
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya özünün sosial şəbəkə hesabından xəbər verib.
 
Onun sözlərinə görə, narkotik əməliyyatı Diyarbakır başda olmaqla altı vilayətdə keçirilib.
 
"Akıncı"nın termal və gündüz-gecə görüntü imkanları sayəsində narkotik tarlaları izlənilib, əldə olunan məlumatlar real vaxt rejimində əməliyyat qrupları ilə paylaşılıb.
 

Əməliyyat zamanı 100 tondan çox marixuana istehsalına yararlı 4.4 milyon çətənə kolu, eləcə də 150 kiloqram hazır marixuana ələ keçirilib. Hüquq-mühafizə orqanları tərəfindən ümumilikdə 25 şübhəli saxlanılıb.

Qeyd edək ki, "Baykar Akıncı" Türkiyənin müdafiə sənayesində son illərdə reallaşdırdığı ən mühüm layihələrdən biri sayılır. Bu döyüş dronları yüksək uçuş davamlılığına və geniş fəaliyyət radiusuna malik olan HALE sinfinə daxildir. Beləliklə, Türkiyə bu sinifdən olan PUA-ları istehsal edən dünyanın dördüncü ölkəsinə çevrilib.

Seçilən
2
moderator.az

1Mənbələr