Ukrayna cəbhəsində Rusiya zəif də olsa irəliləyir. Qərbin bütün sanksiyalarına baxmayaraq Rusiyanı dayandırmaq hələ də mümkün olmayıb. Dünən açıqlanan məlumata əsasən, rus ordusu Donetskdə yerləşən Çasov Yar şəhərini ələ keçirib. Görünür ki, yalnız sanksiyalarla Rusiyaya qarşı mübarizə aparmaq səmərəli deyi.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Oqtay Qasımovun fikrincə, Rusiya Ukraynada müəyyən əraziləri ələ keçirsə də, bu, heç də asan başa gəlmir və son bir ildə Moskvanın nəzarətinə keçirdiyi ərazilərin ümumi sahəsi təxminən 250 kvadrat kilometr təşkil edib.
Politoloqun sözlərinə görə, bu rəqəm Rusiyanın hazırda Ukraynanın tam işğalı üçün kifayət qədər gücə sahib olmadığını göstərir:
“Rusiya ilk gündən düzgün hesablamalar aparmadı. Ukraynanın müqavimət gücünü, xalqın iradəsini və beynəlxalq dəstəyi doğru qiymətləndirmədi. Məhz Ukrayna xalqı və ordusunun fədakarlığı nəticəsində Rusiyanın bütün planları pozuldu”.
Onun sözlərinə görə, Rusiyanın savaşdakı irəliləyişinin qarşısını almaq üçün atılan addımlar hələlik yetərli deyil, mövcud sanksiyalar tam effekt vermir:
“Rusiya iqtisadiyyatının əsas dayaqlarından biri enerji daşıyıcılarının satışıdır. Çin və Hindistan kimi ölkələr hələ də Rusiya neft və qazının əsas alıcılarıdır. Bütün sanksiyalara baxmayaraq, Rusiya enerji satışından illik təxminən 300 milyard dollar gəlir əldə edir”.
Politoloq hesab edir ki, Rusiyanın irəliləməsinin qarşısını almaq üçün sanksiyalar daha da sərtləşdirilməli və bununla yanaşı, Ukraynaya həm hərbi, həm də maliyyə dəstəyi ciddi şəkildə artırılmalıdır.
Bəsti Rəfizadə
Sfera.az