AZ

"Türkiyə sülhün açarı ola bilərmi?" – Qara dənizdə balans uğrunda mübarizə - ÖZƏL

Türkiyə Milli Təhlükəsizlik Şurasının Prezident Ərdoğanın sədrliyi ilə keçirilən iclasında Ukraynada daimi sülhün təmin olunması üçün Türkiyənin məsuliyyət daşımağa və bu prosesə hər cür dəstək verməyə hazır olduğu vurğulanıb. Türkiyənin Ukrayna münaqişəsinin həllində vasitəçi kimi çıxış etməsi regionda balanslara necə təsir edə bilər? Bu məsələ ilə  bağlı  politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib: 
"Türkiyə bu münaqişənin əvvəlindən vasitəçi kimi çıxış etməyə çalışır. Bunun bir neçə səbəbi var. İlk növbədə, Türkiyə yeganə dövlətdir ki, həqiqətən də Rusiya ilə Qərb arasında müharibənin baş verməsini istəmir. Çünki bu, Türkiyənin regional maraqlarına ziddir. Türkiyə üçün Qara dəniz xüsusi əhəmiyyət daşıyır. O, Qara dənizdəki müharibə sisteminin bir parçasıdır. Hələ Qara dənizdə silah toplanmağa başlamamışdan əvvəl də, xatırlayırsınızsa, prezident Ərdoğanın bir çıxışı olmuşdu: "Qara dənizin qarşıdurma məkanına çevrilməsinə icazə verməyəcəyik."
Qara dənizdə Rusiya ilə açıq konflikt ehtimalı Türkiyəni narahat edir. Bunu bilirik. Bu gün də Türkiyə eyni mövqedə qalaraq çalışır və yeganə ölkə olaraq burada təşəbbüslə çıxış edir. Məsələn, Türkiyə "Taxıl sazişi"nin əldə olunmasında əsas rol oynayıb. O, Ukrayna əsirlərinin dəyişdirilməsi istiqamətində də təşəbbüslər göstərib. Həmçinin dəfələrlə Ukrayna və Rusiya arasında görüşlərin təşkili prosesində vasitəçi olub.
Hətta iki dəfə Rusiya və Ukrayna arasında mövqelərin yaxınlaşması Türkiyənin təşəbbüsü ilə baş tutub. Məsələn, İstanbul Sammitində bu, açıq şəkildə göründü. Daha sonra Britaniyanın iştirakı ilə keçirilən görüşlər və Ukraynanın danışıqlardan geri çəkilməsi də müşahidə olundu.
Niyə? Çünki Avropa ölkələri düşünürlər ki, bu müharibə Rusiyaya qarşı maksimum təsir göstərməlidir. Onlar istəyirlər ki, Rusiya münaqişədə zəifləsin və Avropanın təhlükəsizliyinə təhdid yaratmasın. ABŞ də istəyir ki, bu münaqişənin nəticələri Rusiyanın ziyanına olsun. Hətta Rusiyanın müttəfiqləri olan Çin və İran belə, bu vəziyyətdə Rusiyanın onlarla daha yaxın əlaqə qurmaq məcburiyyətində qalmasından bəhrələnirlər. Yəni həm İran, həm də Çin, Rusiyanın bu məcburiyyətindən istifadə edərək ona daha çox təsir göstərmək istəyirlər. Hazırda Rusiya, faktiki olaraq, yalnız Çinə məhsul sata bilir və xaricdən,  əsasən yalnız Çindən məhsul ala bilir. Bu vəziyyət həmin ölkələrin xeyrinədir. Yeganə olaraq, Türkiyə burada həqiqətən sülhün təmin olunmasında maraqlıdır və buna görə də uğurlu vasitəçi rolunu oynaya bilir.
Hətta Qərb ölkələri də bunu etiraf edirlər. Məsələn, ABŞ dəfələrlə Rusiya-Ukrayna görüşünün İstanbulda keçirilməsini istəmişdi.  Hətta Rusiyaya dair hansısa görüş gündəmə gəldikdə, birbaşa Türkiyə ilə əlaqə saxlanılır. Məsələn, Ukrayna məsələsində və ya digər məsələlərdə birbaşa prezident Rəcəb Tayyib Ərdoğanla əlaqə quraraq Vladimir Putinlə bu məsələni müzakirə etməsi üçün müraciət edirlər.
Bütün bunlara görə düşünürəm ki, Türkiyənin bu vasitəçiliyi uğurlu ola bilər. Burada başqa faktorlar da var. Onlardan biri də din amilidir. Bir sıra Avropa ölkələri qəbul etmək istəmirlər ki, bir müsəlman ölkəsi olan Türkiyə sülh prosesinə rəhbərlik etsin. Bu, onların zehniyyətində problem yaradır. Buna baxmayaraq, bu gün sülh yaratmaq missiyasına ən yaxın ölkə Türkiyədir. Digər tərəfdən, Avropa ölkələrinin bir hissəsi Donald Trampın vasitəçi kimi çıxış etməsini dəstəkləyə bilər. Ola bilsin ki, əgər belə bir vasitəçilik olarsa, görüşlər yenə də İstanbulda baş tutsun. Əks halda, mən hələ ki yaxın zamanlarda sülh perspektivini görmürəm". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
16
olaylar.az

1Mənbələr