AZ

Qubada yay düşərgəsinin iştirakçıları üçün “Tarixin müəmmaları” mövzusunda təlim keçirilib

Bakı, 31 iyul, AZƏRTAC

Bakı Dövlət Universiteti (BDU), İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi, “BDU könüllüləri” təşkilatı və “Əmanət” Şəhid və Qazi Övladlarının Fərdi İnkişafına Dəstək Layihəsinin təşkilatçılığı ilə yay düşərgəsinin iştirakçıları üçün tarixçi-tədqiqatçı Araz Şəhrli “Tarixin müəmmaları” mövzusunda təlim keçib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, təlim zamanı Azərbaycan tarixinin formalaşma mərhələləri, qədimdən günümüzə qədər baş verən mühüm ictimai-siyasi hadisələr müqayisəli yanaşmalarla təhlil edilib. Təlimin əvvəlində milli kimliyin formalaşması, Vətən anlayışı, bu anlayışların tarixi proseslərdəki inkişafı geniş müzakirə olunub.

Təlimdə Azərbaycan ərazisində müxtəlif dövrlərdə mövcud olmuş dövlətlərin – Albaniya, Atropatena, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və xanlıqlar dövrünün tarixi, ictimai quruluşları, daxili və xarici siyasətləri haqqında məlumatlar təqdim edilib. Bu dövlətlərin tarixi haqqında yazan müəlliflərin əsərləri müqayisəli təhlil olunub. Səfəvi ordeninin yaranması, ideoloji əsasları və siyasi təsirləri ilə bağlı ətraflı məlumat verilib. Təlimdə rusların Azərbaycan ərazisinə yürüşləri, bunun tarixi nəticələri və bölgədə yaratdığı dəyişikliklər də diqqət mərkəzində olub.

Sessiya zamanı iştirakçılara etnonimlər və toponimlərlə bağlı maraqlı tarixi faktlar da təqdim olunub, terminlərin mənşəyi və onların formalaşma tarixi barədə müzakirələr aparılıb.

Seçilən
18
1
azertag.az

2Mənbələr