AZ

Malta: “Fələstin dövlətini rəsmən tanıyacağıq”

Malta, sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasında Fələstin dövlətini rəsmən tanıyacağını elan edib. Bu barədə ölkənin BMT-dəki daimi nümayəndəsi Vanessa Frazier Cutacar “Fələstin probleminin sülh yolu ilə həlli və iki dövlətli həllin həyata keçirilməsi” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı bildirib.

News24.az xəbər verir ki, bu barədə TASS informasiya agentliyi məlumat yayıb. 

Cutacar çıxışında Maltanın uzun müddətdir Fələstin xalqının “öz müqəddəratını təyinetmə haqqı”nı dəstəklədiyini və sülhə gedən yolda iki dövlətli həll prinsipinə sadiq olduğunu vurğulayıb. “Məsuliyyətli aktyorlar olaraq bu anlayışı nəzəriyyədən praktikaya keçirmək bizim borcumuzdur,” — deyə o qeyd edib.

Diplomat Fələstinin dövlət kimi tanınmasının bu istiqamətdə “mühüm addım” olacağını bildirib və əlavə edib ki, Malta hökuməti bu qərarı artıq prinsipial şəkildə qəbul edib.

Aralıq dənizində yerləşən və Avropa Birliyinin üzvü olan Malta təxminən 550 min əhaliyə sahibdir. Qeyd edək ki, 2023-cü il oktyabrın 7-dən bəri İsrailin Qəzza zolağına hücumları nəticəsində azı 60 min fələstinli həyatını itirib, 146 mindən çox insan isə yaralanıb.

Xeyrənsə Piriyeva

Seçilən
47
news24.az

1Mənbələr