AZ

Azərbaycan Elm Fondu 4-cü Azərbaycan-Türkiyə birgə beynəlxalq qrant müsabiqəsini elan edib

Bakı, 31 iyul, AZƏRTAC

Azərbaycan Elm Fondu və Türkiyə Elmi və Texnoloji Araşdırma Şurası (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə iki ölkənin alimlərini elmi istiqamətlər üzrə elmi-tədqiqat layihələrini təqdim etməyə dəvət edir.

Fonddan AZƏRTAC-a bildirilib ki, 4-cü Azərbaycan-Türkiyə (“AzTürk-4”) beynəlxalq qrant müsabiqəsinin məqsədi Azərbaycan və Türkiyədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elm Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 200 min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Elmi-tədqiqat layihələri avqustun 4-dən noyabrın 4-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2026-ci ildə açıqlanması planlaşdırılır.

Layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə onlayn məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq. Müsabiqəyə təqdim olunduğu gündən etibarən, layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.

 

Seçilən
25
1
azertag.az

2Mənbələr