AZ

Bəhruz Quliyev: “Zəngəzur dəhlizi artıq regional reallıqdır” – ÖZƏL

"Qeyd etməliyəm ki, Zəngəzur dəhlizi ilə bağlı İran daxilində uzun müddətdən bəri yaşanan fikir ayrılığı əslində Tehranın daxili ziddiyyətlərinin və regional geosiyasi transformasiyaya hələ də uyğunlaşa bilməməsinin təzahürüdür. Dəfələrlə müxtəlif İran rəsmilərinin dilindən  dəhlizin açılmasının qəbuledilməz olduğunun şahidi olmuşuq. İndi isə Ali rəhbərin müşaviri Əli Əkbər Vilayətinin bu dəhlizi İran və Rusiyanın guya təcridi kimi təqdim etməsi reallıqdan daha çox ideoloji və köhnəlmiş geosiyasi yanaşmanın nəticəsidir. Halbuki İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın bu layihəyə  daha praqmatik yanaşması və onu region üçün sanksiyalardan çıxış imkanı kimi qiymətləndirməsi Tehran daxilindəki yeni siyasi nəfəsin və məntiqə əsaslanan yanaşmanın təzahürüdür." 

Bu sözləri Olaylar.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib. Ekspert bildirib ki, əslində daha dəqiq nəzərdən keçirsək burada məsələ sadədir: "İran Zəngəzur dəhlizinin açılmasını Azərbaycan və Türkiyənin bölgədə daha güclü aktora çevrilməsi kimi qiymətləndirir və bu vəziyyət bəzi siyasi dairələrdə qısqanclıq doğurur. Məsələ burasındadır ki, İran da istəsəydi, öz ərazisindən keçən dəhlizlə regional logistik mərkəzə çevrilə bilərdi. Amma reallıqları qəbul edib əməkdaşlıq etmək əvəzinə, bəzi dairələr hələ də "qırmızı xətt" ritorikasından əl çəkmirlər".

"Azərbaycan bu məsələdə daim açıq və şəffaf mövqe nümayiş etdirib. Azərbaycan tərəfi rəsmi şəkildə dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizi heç bir dövlətin ərazi bütövlüyünə qarşı yönəlməyib, əksinə, bu, regionun bütün ölkələri üçün iqtisadi rifah və siyasi sabitlik vəd edən strateji layihədir. İranın müəyyən siyasi mərkəzlərində səslənən sərt bəyanatlar əslində Zəngəzur dəhlizinin artıq regional reallığa çevrildiyini göstərir. Yəni "qırmızı xətt" ritorikasının artıq heç bir çəkisi qalmayıb. Azərbaycan bu dəhlizin açılması üçün siyasi iradə nümayiş etdirir və regionda dayanıqlı nəqliyyat əlaqələrinin qurulması üçün bütün tərəflərə əməkdaşlıq çağırışı edir" - deyə, B. Quliyev əlavə edib. 

Siyasi şərhçi qeyd edib ki,  Pezeşkianın yanaşması bu ölkənin gələcəyi üçün daha rasional seçimdir. Əgər Tehran Bakı ilə əməkdaşlığı prioritet sayarsa, həm İranın milli maraqları qorunar, həm  Cənubi Qafqazda müxtəlif layihələr həyata keçirilər, həm də sabitlik möhkəmlənər.

"Hesab edirəm ki, Zəngəzur dəhlizi artıq reallıqdır,  bu region üçün çox əhəmiyyətlidir və heç bir "qırmızı xətt" bu prosesə mane ola bilməz. Daha dərindən düşünsək demək olar ki, əksinə, regionda yeni imkanlar dövrü başlayır" - deyə, baş redaktor vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr