AZ

Ermənistandan Zəngəzur dəhlizinə YAŞIL İŞIQ

Bir müddət əvvəl ABŞ Zəngəzur dəhlizinin amerikalı özəl şirkət tərəfindən idarə edilməsini təklif edib. Birləşmiş Ştatların Türkiyədəki səfiri, Donald Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barrak deyib ki, tərəflər arasında əsas problemlərdən biri Azərbaycanın qərbini Naxçıvanla birləşdirəcək olan, Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizidir: "Azərbaycan dəhlizin Ermənistanın tam nəzarətinə verilməməsini təkid edir".

Barak təklif edib ki, ABŞ özəl şirkəti Zəngəzur dəhlizini 100 illik icarəyə götürə və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər: "Məqsəd isə Bakının uzunmüddətli və güclü təhlükəsizlik zəmanətləri ilə bağlı tələblərini təmin etmək və eyni zamanda İrəvanın dəhliz üzərində suverenliyini qorumaqdır".

Daha sonra İspaniyanın “Periodista Digital” nəşri yazıb ki, Ermənistan hökuməti ABŞ ilə birlikdə gizli memorandum imzalayıb. Sənədə əsasən, Zəngəzur bölgəsindən keçən və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən 42 kilometrlik yeni nəqliyyat dəhlizi yaradılacaq.

Məlumata görə, layihənin idarəçiliyi amerikalı özəl şirkətə həvalə olunacaq. Ermənistan isə dəhlizdən əldə ediləcək gəlirin cəmi 30 faizini alacaq. İrəvan bu barədə sazişin imzalandığını təkzib edib.

Modern.az-ın məlumatına görə, Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bu gün yenidən nəqliyyat marşrutlarının açılmasından danışıb.

O qeyd edib ki, Ermənistan öz ərazisindən keçən nəqliyyat marşrutlarının (Zəngəzər dəhlizi nəzərdə tutulur - red.) Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə bir araya sığmayan heç bir variantını heç vaxt müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək.

Amma Bağdasaryanın açıqlamasında xüsusi bir detal diqqət çəkib. O qeyd edib ki, bu gün Ermənistanda avtomobil yollarının saxlanması və idarə olunması həmişə özəl şirkətlərə həvalə edilib.

"Həmin idarəçiliyi kimin, hansı keyfiyyətlə həyata keçirməsi başqa məsələdir. Amma bunun müzakirə olunan mövzu ilə heç bir əlaqəsi yoxdur", - Bağdasaryan deyib.

Bağdarasyanın bu çıxışı, əslində yolların idarəçiliyinin ABŞ-yə verilə biləcəyinə "yaşıl işıq" yandırıb. Ermənistanda həm avtomobil yolları, həm də dəmir yolları özəl şirkətlər tərəfindən idarə olunur. Buna görə ABŞ şirkətləri bu yolları icarəyə götürə bilər.

Seçilən
7
1
modern.az

2Mənbələr