AZ

İxtisas seçimində populyarlıq yarışı: Cəmiyyət gələcəksiz diplomlara doğru

“Azərbaycanda abituriyentlərin ixtisas seçimi yalnız fərdi maraqlara və ailə təzyiqinə əsaslanırsa, bu, artıq təkcə şəxsi seçim deyil, cəmiyyətin iqtisadi və sosial inkişafı üçün riskə çevrilir”.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib.

Onun sözlərinə görə, əmək bazarının dəyişən tələbləri, texnologiyanın sürətli inkişafı və xüsusilə süni intellektin müxtəlif sahələrə daxil olması fonunda ixtisas seçimi prosesi strateji qərara çevrilməlidir. Müsahibimiz təəssüflə bildirib ki, hazırda bu qərarın arxasında nə dövlət tərəfindən dəstəklənən məlumat bazası, nə əmək bazarına dair proqnozlar, nə də məktəblərdə real peşəyönümlü marifləndirmə işi mövcuddur. Nəticədə on minlərlə gənc gələcəkdə tələbi olmayan, süni intellekt tərəfindən əvəzlənə biləcək sahələrə yönəlir və diplom alandan sonra iş tapmaqda çətinlik çəkir.

Ekspert statistik göstəricilərin də bu reallığı təsdiqlədiyini deyur. Onun sözlərinə görə, 2023-cü ildə Azərbaycanda ali təhsilli gənclər arasında işsizlik səviyyəsi 14.8% təşkil edib və bu o deməkdir ki, hər 100 ali təhsilli gəncdən təxminən 15-i diplom aldığı halda əmək bazarına inteqrasiya edə bilmir:

“Dövlət Məşğulluq Agentliyinin hesabatlarında göstərilir ki, bu işsiz gənclərin əksəriyyəti humanitar və sosial elmlər üzrə təhsil alıblar, bu isə həmin sahələrin əmək bazarında tələbat baxımından ya doymuş, ya da süni intellekt tərəfindən əvəzlənə bilən istiqamətlər olduğunu göstərir”.

K.Əsədov bildirib ki, süni intellekt hazırda xüsusilə qaydaya əsaslanan, strukturlaşdırılmış və təkrarlanan vəzifələri yerinə yetirə bilir. Mühasibatlıq, ilkin hüquqi məsləhətlər, tərcüməçilik, sığorta ekspertizası, ilkin tibbi diaqnostika, standart kodlaşdırma və hətta məhdud səviyyəli məqalə yazımı artıq alqoritmlər vasitəsilə yerinə yetirilir.

Həmsöhbətimiz söyləyib ki, bu proseslərdə insanın rolu ya azaldılır, ya da süni intellektlə rəqabət apara biləcək səviyyəyə çatmaq üçün çox yüksək ixtisas tələb olunur və əgər ixtisas bu şərtlərə cavab vermirsə, gələcəkdə tamamilə sıradan çıxacaq:

“Qanunvericilik baxımından da problemin dərinliyi görünür. “Təhsil haqqında” qanunun 6.1-ci maddəsində deyilir ki, təhsilin məqsədi əmək bazarına uyğun, rəqabətqabiliyyətli mütəxəssis hazırlamaqdır. Lakin hazırda ali təhsil müəssisələrinin qəbul planları əmək bazarının tələbləri ilə əlaqələndirilmir. Elm və Təhsil Nazirliyi bu əlaqəni qurmaq üçün heç bir səmərəli mexanizm tətbiq etmir. İxtisas planlaması zamanla formalaşmış vərdişlərə və universitetlərin təkliflərinə əsaslanır, real proqnozlara yox. Nazirliyin nə orta və uzunmüddətli əmək bazarı təhlili var, nə də abituriyentlər üçün riskli və ya tələbatlı sahələrin siyahısı ictimaiyyətə təqdim olunur”.

Kamran Əsədov: İxtisas seçimi artıq fərdi məsuliyyət deyil, strateji dövlət siyasəti məsələsidir

Dünya təcrübəsindən danışan müsahibimiz diqqətə çatdırıb ki, inkişaf etmiş ölkələrdə ixtisas seçimi dövlət səviyyəsində yönləndirilir. O əlavə edib ki, Finlandiyada məktəblərdə 8-ci sinifdən başlayaraq peşə seçimi ilə bağlı fərdi konsaltinq xidmətləri göstərilir. Almaniyada tələbələr universitetə müraciət edərkən yalnız ballarına yox, həm də əmək bazarındakı tələbatlara əsaslanan strukturlaşdırılmış təkliflərə uyğunlaşdırılırlar. Cənubi Koreyada və Sinqapurda isə ixtisas seçimi həm texnologiyaların gələcəyi, həm də milli iqtisadi prioritetlər əsasında dövlət səviyyəsində yönləndirilir. Əsədov qeyd edib ki, bu ölkələrdə təhsil strategiyaları ilə iqtisadi strategiyalar bir-birindən ayrı planlaşdırılmır.

Onun sözlərinə görə, bəzi universitetlərin öz təşəbbüsləri ilə əmək bazarına uyğun yeni ixtisaslar - data analitikası, kibertəhlükəsizlik, süni intellekt tətbiqləri və bioinformatika kimi sahələr üzrə proqramlar açmağa başlaması müsbət haldır:

“Lakin bu təşəbbüslər sistemli və kütləvi deyil. Əksər universitetlər hələ də köhnə proqramlarla, real sektordan uzaq kadr hazırlığı ilə məşğuldur. Bunun nəticəsi isə odur ki, minlərlə tələbə 4 il vaxt və resurs sərf edərək əmək bazarında ehtiyacı olmayan diplomlarla məzun olur”.

K.Əsədov hesab edir ki, ixtisas seçimi prosesi dəyişməlidir. Ekspert izah edib ki, bu proses yalnız abituriyentin balı və ya arzusu ilə deyil, eyni zamanda dövlətin proqnozlaşdırdığı tələbat, texnologiyanın inkişaf istiqamətləri və əmək bazarının struktur dəyişikliyi ilə uzlaşdırılmalıdır.

Həmsöhbətimizin fikrincə, təhsildə planlaşdırma sadəcə qəbul yerlərinin sayını müəyyən etməklə yox, gələcəkdə hər bir məzunun necə peşə sahibi olacağı sualına cavab verməklə həyata keçirilməlidir:

“Orta məktəblərdə peşə yönümü üzrə mərkəzlər yaradılmalı, real statistikalar, maraq testləri, əmək bazarına dair interaktiv platformalar təqdim olunmalıdır. Universitetlər isə hər bir proqramın əmək bazarında qarşılığı ilə bağlı ictimai hesabat verməlidir”.

K.Əsədov qeyd edib ki, ixtisas seçimi şəxsi təsəvvürə və sosial stereotiplərə əsaslanır:

“Məhz bu səbəbdən pedaqoji sahələr üzrə qəbul planları boş qalır, süni intellektin əvəz edə biləcəyi sahələrdə isə yüzlərlə gənc toplaşır. Elm və Təhsil Nazirliyi bu sahədə plan təqdim etmədikcə, hər il minlərlə gənc yanlış seçim nəticəsində ya işsiz qalacaq, ya da tamamilə fərqli sektorlarda işləməyə məcbur olacaq.

İxtisas seçimi artıq fərdi məsuliyyət deyil, strateji dövlət siyasəti məsələsidir. Bu sahədə boşluq təhsildə keyfiyyətin yox, gələcəyin yoxluğuna gətirib çıxarır. Dəyişiklik yalnız tənzimləmə ilə deyil, düşüncə ilə başlamalıdır. Və bu düşüncə cəmiyyətə yox, ilk növbədə təhsil qurumlarına aiddir. Əgər bu məsuliyyət götürülməzsə, gələcək ixtisaslar yox, gələcəksiz diplomlar yetişdiriləcək”.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.

DİM-dən Bakıvaxtı.az-a bildirilib ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışı, həmçinin “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli” kitabçaları seçim başlanana qədər nəşr olunacaq.

Mina Mikayılova

Seçilən
12
bakivaxti.az

1Mənbələr