“KFC”nin (Kentucky Fried Chicken) “Port Baku Mall” filialında müştəriyə yararsız toyuq əti satıldığı bildirilir.
Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçilərindən biri paylaşım edib.
Bildirilib ki, “KFC”dən aldığı toyuq əti köhnə olub: “Qızdırıb, göndəriblər. Toyuq əti qapqara, rezin kimi, bərk, içi göy, köhnə iy gəlir. Ət parçalanır, bir sözlə, yemək mümkün deyil. Demişdim, acılı ədviyyat vurulmasın, hamısını acılı ediblər ki, toyuğun köhnə olduğunu ört-basdır etsinlər. Ehtiyatlı olun”.
Şikayətçi Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.
Digər istifadəçilər də narazılıqlarını ifadə ediblər.
Məsələ ilə bağlı Pravda.az “KFC”nin “Port Baku Mall” filialına sorğu ünvanlayıb.
Restorandan bildirilib ki, sözügedən şikayətlə bağlı vətəndaş “KFC”yə hər hansı müraciət etməyib: “Toyuqlar “KFC”də bir gün öncədən standartla buzdan açılır və artıq ət qalmır. Buna görə də toyuq əsla kiflənə bilməz. Fotolara baxdıq. Müstərinin sifariş verdiyi bud acısızdır. Acılı toyuqlar daha açıq rəngdə olur. Qanadlar isə sırf acılı olur və bu haqda müstəriyə məlumat verilir”.
Qeyd: Restoranlar şəbəkəsinin sahibi “GFC” MMC-dir.
Aytəkin Qardaşova