AZ

Keçmiş iş yeri sənəd verməkdən imtina edir

İtaliyaya miqrasiya üçün sənədlərini hazırlayan Azərbaycan vətəndaşı keçmiş iş yerinin səhlənkarlığı səbəbindən çətin vəziyyətə düşüb. AzPost bildirir ki, vətəndaş 2024-cü il üzrə illik gəlirini təsdiqləyən arayış əldə etsə də, həmin sənədi apostil etdirmək mümkün olmayıb.

Səbəb kimi Xarici İşlər Nazirliyi (XİN) tərəfindən təqdim olunan cavab göstərilir: arayışı imzalayan şəxsin və müəssisənin möhür nümunəsi XİN-in reyestrində mövcud deyil. Nazirlik isə bu nümunələrin təqdim olunması üçün vətəndaşa xüsusi formaya uyğun sənəd verib ki, keçmiş iş yeri onu doldurub geri göndərsin. Lakin vətəndaş bildirir ki, keçmiş iş yeri – “Global Food Company” – artıq 10 gündür ki, müxtəlif bəhanələrlə sənədi təqdim etməkdən imtina edir.

Daha bir problem isə bankdan çıxarışla bağlıdır. İddialara görə, vətəndaşın maaşının rəsmi ödənişləri bankda əks olunmur və çıxarışda “əməliyyat yoxdur, məbləğ 0.0” kimi görünür. Beləliklə, müvafiq gəlir sübutu yalnız keçmiş iş yerindən alınacaq arayışla mümkündür.

Vətəndaş bu vəziyyətdə hüquqlarını necə müdafiə edə biləcəyini və hansı quruma şikayət edə biləcəyini sorğulayır.

Qanunvericiliyə əsasən nə etməli?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 193-cü maddəsinə əsasən, işəgötürən keçmiş işçiyə onun əmək fəaliyyəti, gəlirləri və əmək haqqı barədə arayış verməyə borcludur. Bu arayış 15 iş günü müddətində və pulsuz təqdim edilməlidir.

Bundan əlavə, “Vətəndaşların müraciətləri haqqında” Qanuna əsasən, fiziki şəxslərin müraciətləri 30 gün ərzində baxılıb cavablandırılmalıdır. Əgər işəgötürən sənədi təqdim etməkdən yayınırsa və ya qəsdən prosesi ləngidir, vətəndaş aşağıdakı instansiyalara müraciət edə bilər:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – əmək hüquqlarının pozulması ilə bağlı

Ədliyyə Nazirliyi və ya XİN – sənədin apostil olunmasında əngəl yaranarsa

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti – işəgötürənin qeyri-qanuni rəftarı və sənəd saxtakarlığı hallarında

Məhkəmə – zərurət olduqda hüquqi təzminat və ya inzibati məsuliyyət tələbi üçün

Mütəxəssislər tövsiyə edirlər ki, vətəndaş rəsmi yazılı müraciətlə (ya məktub, ya da e-gov portalı vasitəsilə) keçmiş iş yerinə sonuncu dəfə müraciət etsin. Əgər nəticə əldə olunmazsa, şikayəti müvafiq dövlət qurumlarına rəsmi şəkildə təqdim etməsi hüququ var.

AzPost.az

Seçilən
10
azpost.info

1Mənbələr