Asiya Bankı Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını təqdim edib
Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün 2025-2029-cu illər üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasını (ÖTS) təqdim edib. Sənəd Azərbaycanın milli inkişaf strategiyalarına uyğun şəkildə hazırlanıb və əsas çağırışların həllinə yönəlib, eyni zamanda, “yaşıl” və dayanıqlı artım üçün imkanlardan istifadə etməyi nəzərdə tutur. Sənəd digər strateji prioritetlər də daxil olmaqla innovasiyaların, yüksək dəyərə malik məhsulların və xidmətlərin təşviq olunması, habelə peşəkar kadr potensialının inkişaf etdirilməsi vasitəsilə rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasına diqqət ayıracaq.
Yeni strategiya barədə şərh verən AİB-in Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal bildirib ki, Azərbaycanla tərəfdaşlığın yeni mərhələsində başlıca diqqət dayanıqlı iqtisadiyyatın təmin olunmasına, özəl sektorun aparıcı olduğu iqtisadi artımın təşviq edilməsinə, maliyyə sektorunun gücləndirilməsinə və regional əməkdaşlığa töhfə verilməsinə yönəldiləcək: “AİB uyğunlaşdırılmış strateji investisiyalar və birgə səylər vasitəsilə ölkənin inkişaf prioritetlərinə nail olmasına, regional təşəbbüslərin inkişaf etdirilməsinə və Azərbaycan xalqı üçün firavan gələcəyin qurulmasına dəstək verməyi hədəfləyir”.
Beş il ərzində strategiya iki əsas istiqamətə yönələcək - “yaşıl” və şaxələndirilmiş iqtisadiyyatın yaradılması, aşağı-karbonlu bağlantıların və inklüziv inkişafın təşviqi. Həmin hədəf çərçivəsinə uyğun olaraq iqlim fəaliyyətini sürətləndirmək, fəlakət risklərinin idarəetməsini gücləndirmək, həmçinin gender bərabərliyi və rəqəmsal transformasiyada irəliləyişlərə nail olmaq üçün tədbirlər planı hazırlanacaq.
26 ildə 4,2 milyard dollar investisiya
Dünyanın nüfuzlu maliyyə institutlarından biri olan, Asiya və Sakit Okean regionunda inkişaf proqramlarının maliyyələşdirilməsində əsas donor kimi tanınan Asiya İnkişaf Bankı (AİB) ilə Azərbaycan arasında əməkdaşlığın təməli təxminən 26 il əvvəl qoyulub. Ötən illər ərzində bank ölkəmizdə həyata keçirilən layihə və proqramların maliyyələşdirilməsində 3,2 milyard dollar vəsait ayırıb. Dövlət müəssisələri tərəfindən dövlət zəmanəti ilə təmin edilmiş kreditlər əsasında həyata keçirilən layihə və proqramlara 928,5 milyon dollar, bilavasitə özəl sektorun maliyyələşdirilməsinə 61,6 milyon dolları və əvəzsiz maliyyə vəsaitləri - qrantlar və texniki yardımlar üzrə isə 36 milyon dollar yönəldib. Ümumilikdə, Asiya Bankının bu müddət ərzində ölkəmizə ayırdığı maliyyə portfelinin həcmi 4,2 milyard dollar təşkil edib.
Asiya Bankı ölkəmizdə maliyyə sabitliyinin möhkəmlənməsində də öz töhfəsini əsirgəməyib, 2014-cü ildən etibarən xam neft qiymətlərinin kəskin azalması fonunda Azərbaycanın əsas ticarət tərəfdaşlarında müşahidə olunan iqtisadi gərginlikdən qaynaqlanan mənfi fəsadların aradan qaldırılmasında və 2015-ci ildə dövlət büdcəsinin icrasına təzyiqlərlə bağlı maliyyə kəsirinin örtülməsində təchizatçı kimi aktiv rol oynayıb, “Kontrtsiklik Dəstək Proqramı” çərçivəsində 500 milyon dollar kredit vəsaitləri yönəldilib.
Cənub Qaz Dəhlizində tərəfdaşlıq
Həmçinin dövlət maliyyə idarəçiliyinin gücləndirilməsi, dövlət borcunun idarə edilməsi üzrə ortamüddətli strategiya sənədinin hazırlanması, dövlət müəssisələrinin idarə edilməsində şəffaflığın və effektivliliyinin artırılması, eləcə də dövlət büdcəsinin fiskal qayda və orta müddətli fiskal çərçivə əsasında hazırlanaraq təqdim olunması məqsədilə hökumət tərəfindən həyata keçirilən islahatların dəstəklənməsinə AİB tərəfindən 500 milyon dollar məbləğində kredit vəsaitləri ayrılıb.
Asiya İnkişaf Bankı Azərbaycanın regional enerji layihələrinin maliyyələşdirilməsində də donor kimi fəal rol oynayıb, Cənub Qaz Dəhlizi layihəsinə dəstək verən ilk beynəlxalq maliyyə qurumu olub. Avropa İttifaqının enerji təminatında xüsusi rol oynayan bu layihələri də maliyyələşdirməyi öz öhdəsinə götürərək “Şahdəniz” yatağının maliyyələşdirilməsinə 524,5 milyon dollar məbləğində tam şəkildə zəmanət verib. Hazırda yenə də Aİ-nin enerji təminatları üçün nəzərdə tutulan yeni marşrutların və infrastrukturların qurulmasına da tam dəstəyini gösrətrməyə hazır olduğunu bəyan edir.
Orta Dəhlizə maliyyə dəstəyi
Asiya İnkişaf Bankı dəmir yolu infrastrukturunun müasirləşdirilməsində aparıcı donor kimi yer alaraq Sumqayıt-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına 150 milyon dollar kredit ayırıb, dəmir yolu sektorunun maliyyə davamlılığının artırılması üzrə həyata keçirilən islahatların dəstəklənməsi məqsədilə 2017-ci ildə bank tərəfindən “Dəmir yolu sektorunun inkişafı proqramı” çərçivəsində 250 milyon dollar məbləğində krediti təmin edib.
Azərbaycanın dəmir yolu sektorunda dekorbanizasiya ilə bağlı təşəbbüslərə qoşulan Asiya Bankı “Gələcək üçün dayanıqlı nəqliyyat” proqramı üzrə ölkəmizlə əməkdaşlığa dair memorandum imzalayıb. Sənəd nəqliyyat sisteminin ekoloji tələbatlara uyğunlaşdırılması, dəmir yolunun enerji səmərəliliyinin artırılması, və “yaşıl nəqliyyat” sahələrində yeni baxışları əks etdirir. Bu anlaşmaya əsasən, AİB “Şimal-Cənub” və Orta Dəhliz çərçivəsində dəmir yolu sektorunda infrastrukturların rəqəmsallaşdırılması və “yaşıl tranzit” prinsiplərinin tətbiqində ölkəmizə zəruri maliyyə dəstəyini göstərəcək.
“Yaşıl nəqliyyat” sektoruna sərmayələr
Azərbaycan hökuməti ilə AİB-in qarşıdakı illərdə əməkdaşlıq gündəliyində “yaşıl enerji” proqramı əsas yer tutur və 2025-2029-cu illər ərzində AİB-lə Azərbaycan Respublikası arasında əməkdaşlıq əsasən bərpaolunan enerji ve “yaşıl nəqliyyat” sahələrini əhatə edəcəkdir. Bu istiqamətdə bank tərəfindən regional nəqliyyat sistemləri vasitəsilə regional əməkdaşlığın gücləndirilməsi, habelə Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu sektorunda nəzərdə tutulan işlərin tamamlanması və Bakı şəhərində mobilliyin artırılmasında ölkəmizə dəstək veriləcəkdir. Əməkdaşlıq çərçivəsində özəl sektorun iştirakçıları ilə birgə bərpaolunan enerji layihələrinin birgə maliyyələşdirilməsi də nəzərdə tutulur. AİB-in, xüsusilə də işğaldan azad olunmuş ərazilərdə hidroelektrik stansiyaların tikilməsinə sərmayə qoyması gündəlikdə durur.
Beləliklə, AİB-lə imzalanan yeni tərəfdaşlıq sənədi Azərbaycanın iqtisadi inkişaf hədəflərinin bir hissəsinin maliyyə təchizatında mühüm rol oynayacaq, iqtisadiyyatın şaxələnməsində əlavə imkanlar açacaq.
E.CƏFƏRLİ