Elm və Təhsil Nazirliyi daha bir tenderinin nəticəsini açıqlayıb.
Tribunainfo.az açıq mənbələrə istinadən xəbər verir ki, nazirliyin Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə digər malların alınması xərc maddəsi üzrə malların satınalınması prosesinə start verib.
Bu məqsədlə “VEST-LTD” QSC ilə növbəti satınalma müqaviləsi bağlanılıb. Müqavilənin dəyəri isə 1 milyon 705 min 870 manat təşkil edir.
Qeyd edək ki, bu, Təhsil Nazirliyi ilə “Vest-LTD” QSC arasında son 18 ayda ilk anlaşma deyil. Bundan öncə də tərəflər tender məsələsində razılıq əldə ediblər.
Belə ki, 2024-cü ilin oktyabrında nazirlik şirkətlə mebel inventarlarının satınalınması prosesini həyata keçirib. Buna görə, şirkətə 17 milyon 981 min 180 manat pul ödəyib.
İkinci belə tender isə ötən ilin sentyabrında reallaşıb. Tribunainfo.az xəbər verir ki, nazirlik şirkətdən məktəbəqədər təhsil müəssisələrinə digər malların alınmasını sifariş edib. “Vest-LTD” QSC bunun müqabilində 7 milyon 890 min 152 manat pul götürüb.
Bildirək ki, Təhsil Nazirliyi yanında Təsərrüfat Hesablı Tikinti və Təchizat İdarəsi ilə “Vest-LTD” arasında anlaşma bununla da yekunlaşmayıb. Keçən il nazirlik bu şirkətdən 6 milyon 964 min 930 manatlıq məktəbəqədər təhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər alıb.
Maraqlı məqamlardan biri də odur ki, “Vest-LTD” QSC son bir ildə cəmi 6 tenderə qatılıb. Həmin tenderlərin 4-ü Təhsil Nazirliyinin olub. Digər iki tender isə Bakı şəhər Əsaslı Tikinti və Təmir MMC Yasamalda parkın 37 milyon 230 min 105 manata abadlaşdırılması və Milli Arxiv İdarəsinin binasında əsaslı təmir işlərinin 671 min 902 manata görülməsindən ibarət olub.
Bildirək ki, “VEST-LTD” QSC 2010-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan “Vest -LTD” QSC-nin qanuni təmsilçisi isə Şahin Verdəliyevdir.
Lakin açıq mənbələrdən belə aydın olur ki, Verdəliyev sadəcə, icraçıddır. Şirkətin əsl sahibinin məşhur “tendder kralı” kimi ad çıxarmış Hacı Ramazan Mirzəyevə olduğuna dair çoxlu məlumatlar var.
Tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Fərda Uğur