Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Rusiya qanunvericiliyində edilən dəyişikliklərlə cəmiyyəti tam hərbiləşdirməyə hüquqi zəmin yaradır və NATO-ya qarşı psixoloji-siyasi mesaj göndərir, lakin hələlik real müharibəyə başlamağa hazır deyil - bu daha çox xəbərdarlıq xarakteri daşıyan addımdır: "Qanunun bu şəkildə sərtləşdirilməsi və genişləndirilməsi Kreml üçün iki məqsəd daşıyır:
Birincisi, istənilən anda cəmiyyətin tam hərbiləşdirilməsi üçün hüquqi bazanı formalaşdırmaq;
İkincisi isə Qərbə xüsusilə NATO-ya qarşı psixoloji və siyasi siqnal vermək.
Hazırkı beynəlxalq kontekstdə NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma tam real ssenari olmasa da, bu ehtimal öncəki illərdən fərqli olaraq artıq nəzəri mülahizədən çıxaraq strateji planlamaların bir hissəsinə çevrilib. Xüsusilə Baltik regionunda, Şərqi Avropada və Qara dəniz hövzəsində gedən hərbi manevrlər, gərgin diplomatik ritorika və qarşılıqlı ittihamlar bunu sübut edir.
Rusiyanın Gürcüstan yaxınlığında baş verən NATO təlimlərinə və ABŞ rəsmilərinin bölgədəki aktivliyinə kəskin reaksiya verməsi isə bu hazırlığın yalnız Ukrayna müstəvisi ilə məhdudlaşmadığını göstərir. Kreml artıq regiondakı istənilən NATO aktivliyini birbaşa təhlükə kimi qiymətləndirir. Qanunvericilikdə edilən dəyişiklik də bu baxımdan qabaqlayıcı addım kimi dəyərləndirilə bilər.
Əgər Rusiya ilə NATO arasında birbaşa qarşıdurma baş verərsə, bu yalnız iki blokun müharibəsi deyil, regional dövlətlərin də cəlb olunacağı kompleks və çoxşaxəli bir böhrana çevrilə bilər. Cənubi Qafqaz, Qara dəniz hövzəsi, Balkanlar və Baltik ölkələri bu qarşıdurmada birbaşa və ya dolayı şəkildə təsirə məruz qalacaq əsas coğrafiyalardır. Enerji marşrutlarının pozulması, iqtisadi sabitliyin zəifləməsi, humanitar böhran, kiberhücumlar və informasiya müharibələri bu ssenarinin ehtimal tərkib hissələridir.
Amma yenədə də Rusiyanın belə bir müharibəyə hazır olduğunu düşünmürəm. Verilən mesaj aydındır amma mesajvermək reak addım atmaqdan çox daha asandır".
Zeynəb Mustafazadə