AZ

İsti havada bu məhsulları alırsınızsa, xəstəxanaya düşməyə hazır olun!

Son günlər havaların kəskin isti keçməsi qida təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb. Günəş altında saatlarla qalan süd məhsulları, yumurtalar, turşular və ətlər tez xarab olur və insan sağlamlığı üçün ciddi risk yaradır. Mütəxəssislər xəbərdarlıq edir: bu cür şəraitdə alınan məhsullar zəhərlənmə təhlükəsini xeyli artırır.

Bəs bu isti savaşda insan sağlamlığı hansı təhlükələrlə üz-üzədir? Alıcılar görünməyən, amma ciddi risklərə qarşı necə sipər çəkə bilər?

Qida eksperti Fərid Səfərov “Yeni Sabah”a məlum mövzunu şərh edib və bildirib ki, yay aylarında, xüsusilə temperatur 35–40°C-yə çatanda açıq havada saxlanılan və düzgün şəraitdə qorunmayan qidalar insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər: Dördpendirli pizza

“Süd, pendir, qatıq, kəsmik və digər süd məhsulları istilik və günəş işığında çox tez xarab olur. Yüksək temperaturda Listeriya, Salmonella, E. coli kimi zərərli bakteriyalar sürətlə çoxalır. Bu bakteriyalar qida zəhərlənməsinə, ishal, qusma, qızdırma və ciddi hallarda septisemiya və menenjit kimi ağır fəsadlara səbəb ola bilər. Açıq şəkildə satılan süd məhsulları xüsusilə soyuducu olmadan saxlanılırsa, 1-2 saat ərzində təhlükəli hala gələ bilər.

Yumurta qabığının üzərində mikro çatlar varsa və isti hava şəraitində saxlanılırsa Salmonella enteritidis bakteriyası yumurtanın içinə daxil olub orada çoxala bilər. Bişirilməmiş və ya az bişmiş yumurtadan istifadə edən şəxslərdə zəhərlənmə halları baş verə bilər. Üstəlik, yumurtalar uzun müddət birbaşa günəş şüasında qalanda onların dadı, qoxusu və tərkibi də dəyişə bilər”.

F.Səfərov qeyd edib ki, alıcılar isə yay aylarında qida alarkən bir sıra məqamlara diqqət etməlidirlər:

“Sərin şəraitdə saxlanılmayan süd, pendir, qatıq və yumurtalardan uzaq durmaq, xüsusilə günün istisi olan saatlarda bu məhsullardan çəkinmək vacibdir. Soyuducusuz şəraitdə satılan turşulara və kənd toyuqlarına da diqqətli yanaşmaq lazımdır. Bunların təmizlənməsi və saxlanma şəraiti çox vacibdir. Etiket, qablaşdırma və istehsal tarixini yoxlamaq, məhsulun nə vaxt hazırlandığı və hansı şəraitdə saxlandığını bilmək vacibdir. Satıcıdan məhsulun haradan və necə gətirildiyini soruşmaqdan çəkinməmək tövsiyə olunur. Həqiqi kənd məhsulu belə düzgün saxlanmadıqda təhlükə yarada bilər. Qoxuya, görünüşə və teksturaya da xüsusi diqqət yetirilməlidir. Əgər məhsulda qıcqırma, pis qoxu, yapışqanlıq və ya rəng dəyişimi varsa, onu qətiyyən almaq olmaz.

Yay aylarında xüsusilə açıq havada, günəş altında satılan qidalar süd məhsulları, yumurta, turşular və ət ciddi mikrobioloji risk daşıyır. Alıcılar məhsulun harada və necə saxlandığına, təhlükəsizlik şərtlərinə və vizual əlamətlərinə ciddi diqqət yetirməlidirlər”.

Aytac Əliyeva

 


Telegram kanalımız
Seçilən
28
1
yenisabah.az

2Mənbələr