ABŞ-ın Florida ştatında təhlükəli bakteriyanın yayılması nəticəsində artıq dörd nəfər həyatını itirib.
AzPost bildirir ki, bu hallar 2025-ci ilin əvvəlindən etibarən Bay, Brovard, Hillsboro və Sent-Conz dairələrində qeydə alınıb. Ölümə səbəb olan mikrob — Vibrio vulnificus — isti və duzlu suda yaşayan və bədən toxumasını məhv edən bakteriyadır.
Rəsmi məlumata görə, ştat üzrə təsdiqlənmiş yoluxma halları 13 nəfərə çatıb. Xəstəlik xüsusilə yay aylarında təhlükəli olur, çünki suyun temperaturu artdıqca bakteriyanın aktivliyi də yüksəlir. Yoluxma əsasən iki yolla baş verir: ya xam və ya kifayət qədər bişirilməmiş dəniz məhsullarının, xüsusilə də xam midyənin yeyilməsi nəticəsində, ya da dəridə açıq yara olduğu halda çirkli su ilə təmasdan.
Bu bakteriya nekrotik fassit adlı ağır infeksiya yaradır. Bu xəstəlik sürətlə toxumaların məhvinə səbəb olur və bəzi hallarda həyatın xilas edilməsi üçün ətrafların amputasiyasını tələb edir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, immuniteti zəif, qaraciyər xəstəlikləri və dəri zədələri olan insanlar daha yüksək risk altındadır. Eyni zamanda Florida sahillərinə axın edən turistlər də təhlükəyə daha çox məruz qalır.
2024-cü ildə Florida ştatında bu bakteriya ilə yoluxma hallarının rekord səviyyəyə çatdığı bildirilib — 82 yoluxma, 19 ölüm faktı qeydə alınıb. Mütəxəssislər bu artımı oktyabrda baş verən “Helen” və “Milton” qasırğalarının yaratdığı daşqınlarla əlaqələndirirlər.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, ölkədə hər il təxminən 80 min nəfər müxtəlif növ Vibrio bakteriyaları ilə yoluxur. Həkimlər və sağlamlıq orqanları əhalini yay mövsümündə ehtiyatlı olmağa və açıq yaralarla dəniz sularına girməməyə çağırır.