Məlum olduğu kimi Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda ''Şaxtyor'' İstanbulda ''Beşiktaş'' üzərində inamlı qələbə qazandı.
Ukrayna nəhəngi 4:2 qalib gəlməklə iyulun 31-də Polşada keçiriləcək cavab oyunu ərəfəsində mühüm üstünlük əldə etdi. Bu arada ''Şaxtyor''un aparıcı üzvlərindən olan Kevinin matçdan sonrakı paylaşımı qalmaqala səbəb olub. 22 yaşlı braziliyalı vinger öz ''instaqram'' səhifəsinin hekayə bölümündə ''Beşiktaş''lıların ona göndərdiyi nifrət və irqçilik mesajlarını paylaşıb.
Qeyd edək ki, 2024-ün yanvarından donetsklilərin şərəfini qoruyan ''sambaçı'' İstanbulda komandasının vurduğu son iki qolun müəllifi olmuşdu. Kevin özü də bilmədən böyük bir qalmaqalın üstünü açıb. Belə ki, onun ifşaladığı mesajlardan birinin İstanbul nəhənginin rəsmi üzvü Ahmet Turunça məxsus olduğu məlum olub. Məğlubiyyəti həzm edə bilməyən Turunç rəqibin futbolçusuna ağıza alınmayacaq söyüşlər, təhqirlər və irqçi ifadələr yazıb.
''Beşiktaş'' gözlənildiyi kimi bu qalmaqala biganə qalmayıb. Klubun paylaşdığı bəyanatda ad açıqlanmasa da, həmin şəxsin rəsmi üzvlükdən kənarlaşdırılması üçün araşdırmanın başlandığı qeyd olunub. Bəyanatda klubun hər zaman irqçiliyə qarşı olduğu xatırladılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta