“Qarabağ”ın yarımmüdafiəçisi Kadi Borges UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda “Şelburn”a qarşı keçirilən görüşdən (1:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
O, QOL.az saytının sualını cavablandırıb.
- Minimal hesablı qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. Əsas odur ki, işimizi gördük və qalib gəldik. Yolumuza davam edirik.
- Penaltini qaçırmağınıza səbəb nə oldu?
- Penaltini yerinə yetirdim deyə qaçırdım. Vurmasaydım, qaçırmazdım (gülür).
- “Şelburn”la matçlarda fərqli mövqedə, dayaq yarımmüdafiəçisi kimi çıxış etdiniz. Bu, sizin üçün nə dərəcədə çətin idi?
- Mənim üçün heç bir çətinliyi yox idi. Üzərimə çox iş düşmürdü. Bir qədər müdafiəyə meyilli mövqedə olsam da, çətinlik çəkmədim.
- Səfərdəki nəticədən sonra azarkeşlər Bakıda da “Qarabağ”dan böyük hesablı qələbə gözləyirdilər. Buna nə mane oldu?
- Azarkeşlərlə bizim aramızda fərq odur ki, fərqli düşünürük. Futboldur, hər bir nəticə qeydə alına bilər. Udmaq da olar, uduzmaq da. Səfərdə 3 qol vurmuşduq, bəlkə bu baxımdan azarkeşlərin cavab görüşündə də bu cür nəticə gözləməyi normaldır. Lakin unutmayaq ki, hər matçda fərqlidir.
- Mərhələ adlamaqla “Qarabağ” minimum UEFA Konfrans Liqasının liqa mərhələsini təmin etdi...
- Mən Konfrans Liqasında oynamaq istəmirəm (gülür).
- Növbəti rəqib “Şkendiya”dır. Bu, sizin üçün gözlənilməz olmadı?
- Bizim üçün rəqibin fərqi yox idi. Öz komandamız barədə düşünürəm.
- “Qarabağ”la bağlı budəfəki planlarınız uzunmüddətlidir?
- Bəli, uzunmüddətlidir. Lakin futbolda hər şey mümkündür. Heç kim sabah nə olacağına təminat verə bilməz.