“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşacaq.
Msport.az xəbər verir ki, Tetovo şəhərini təmsil edən komandanın əsası 1979-cu ildə qoyulub.
Bir müddət sonra fəaliyyətini dayandıran klub 1992-ci ildə bərpa edilib. Ölkə çempionatlarında çıxışına aşağı liqalardan başlayan “Şkendiya” addım-addım irəliləyərək 2010/11 mövsümündə tarixinin ilk zəfərinə imza atıb. Həmin vaxt ilk çempionluğunu bayram edən tetovolular 2017/18, 2018/19, 2020/21 və 2024/25 mövsümlərində də qızıl medala sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş mükafat da var.
2016-cı və 2018-ci illərdə ölkə kubokuna sahib çıxan “Şkendiya” üç dəfə finalda məğlub olub. 2011-ci ildə isə klub tarixinin yeganə Superkubokuna sahib çıxıb.
Avrokuboklarda 2011-ci ildə debüt edən klubun ən böyük uğuru pley-off mərhələsində iştirakdır. “Şkendiya” 2016/17, 2017/18 və 2018/19 mövsümlərində Avropa Liqasının qrup mərhələsinin bir addımlığında dayanıb.
Cari mövsümdə isə “Şkendiya” tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib. Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniya FCSB-sini (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, “Qarabağ”la “Şkendiya” arasında ilk oyun avqustun 5-də və ya 6-da, cavab görüşü 12-də keçiriləcək. İlk matç Şimali Makedoniyada baş tutacaq.