ABŞ Rusiyadan neft alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etməyə hazırlaşır. Gözlənilir ki, bu sanksiyalardan yayınmaq üçün Rusiyadan neft alan ölkələr alternativ satıcılar axtaracaq. Rusiya iri neft ixracatçısı olduğundan yeni sanksiyaların neft bazarında qiymət artımına səbəb olması ehtimal edilir.
İqtisadçı-ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, bu qərar bir sıra nəticələrə yol aça bilər:
“Hazırda bu sanksiyaların necə tətbiq ediləcəyi bəlli deyil. Qərb Rusiya neftinə qiymət həddi qoyub və bu limitlə alışa icazə verir. Lakin sanksiyalar sərtləşərsə və xüsusilə Hindistan və Çin kimi əsas alıcılara təsir edərsə, Vaşinqtonun həmin ölkələrlə münasibətləri gərginləşə bilər. Bu isə ABŞ üçün də arzuolunmaz ssenaridir”.
Ekspertin fikrincə, sanksiyalar nəticəsində nəzarətdənkənar satışların artması ("boz bazar") mümkündür:
“Bəzi Avropa ölkələri indi də dolayı yolla Rusiya neftini alır və satır. Sanksiyalar sərtləşərsə, mənbənin gizlədilməsi və qeyri-rəsmi kanallarla satış ehtimalı artır. Rusiya belə bir durumda nefti daha ucuz qiymətə, lakin diskauntla satmaq məcburiyyətində qalacaq. Bu isə Moskvanın gəlirlərinə mənfi təsir edəcək”.
Ekspertin qiymətləndirməsinə görə, neftin qiymətində ciddi artım olmasa da, 5-10% arası yüksəliş mümkündür:
“Amerika bu addımı tədricən atır. Çünki sanksiyalar tətbiq olunarsa və Rusiya hasilatı azaldarsa, bu, qlobal qiymət artımına və ABŞ-da benzin qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. ABŞ isə inflyasiyaya və yanacaq qiymətlərinə qarşı həssasdır. ABŞ və Avropa arasında ticarət sazişi, gömrük tarifləri və NATO-nun müdafiə xərcləri üzrə razılaşmalar kontekstində ABŞ Avropanın istəklərini yerinə yetirmək üçün sanksiyaları tətbiq etməyə hazırlaşır”.
Xalid Kərimli bildirir ki, sanksiyalar Rusiyanın neft satışını tam dayandırmasa da, gəlirlərini azaldacaq:
“Rusiya neft satışından asılı olduğu üçün bu satışları davam etdirəcək. Amma bu daha aşağı qiymətlərlə və daha riskli kanallar vasitəsilə olacaq. Nəticədə həm Rusiya, həm də dünya bazarı üçün mənfi nəticələr mümkündür”.
Bəsti Rəfizadə
Sfera.az