AZ

Azərbaycan dili Heydər Əliyevin sayəsində öz saflığını qoruyub saxlayıb



"Azərbaycan dilini tarixin müxtəlif dövrlərində yad təsirlərə məruz qoyub, onu ümumişlək bir dili kimi sıradan çıxarılmağa çalışsalar da, lakin onu qorumaq, inkişaf etdirmək mümkün olmuşdur. Bu sahədə aparılan məqsədyönlü siyasət, dilimizin kənar təsirlərdən qorunması istiqamətində atılan addımlar nəticəsində Azərbaycan dili öz saflığını qoruyub saxlamış, milli kimliyimiz, milli mənsubiyyətimizin ayrılmaz hissəsinə çevrilmişdir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə bağlı danışarkən səsləndirib. Millət vəkili qeyd edib ki, dilimizin inkişaf etdirilməsi, onun qorunmasına xüsusilə müstəqillik illərində ciddi diqqət ayrılmışdı. Yaxın tarixə nəzər salan İlham Məmmədov deyib ki, sovetlərin dağılması ərəfəsində, 1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Deputat qeyd edib ki, yeni müstəqil əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk alim Afad Qurbanov olub:

"1 avqust 1990-cı il tarixində onun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradılmış və əlifba mütəxəssisi kimi bilik və bacarığı nəzərə alınaraq o, komissiyanın sədri təyin edilmişdir. Məhz Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır".

Millət vəkili onu da qeyd edib ki, dilimizin qorunması, bu sahədə hüquqi bazanın yaradılması Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf edir. İlham Məmmədov deyib ki, Heydər Əliyev istər Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, istərsə müstəqil Azərbaycanın prezidenti kimi Azərbaycan Respublikasında dilin qorunması və inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib:

"Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman Azərbaycan dilinin qorunması və inkişafı baxımından göstərdiyi mühüm addım idi. Ulu Öndərin 2001-ci il avqustun 9-da imzaladığı fərman əsasında avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilirdi".

İlham Məmmədov deyib ki, dilimizin saflığının qorunması, onun inkişaf etdirilməsi istiqamətində Heydər Əliyevin atdığı addımlar günümüzdə Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Millət vəkili qeyd edib ki, 2004-cü il yanvarın 12-də İlham Əliyevun imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamı da ana dilimizin inkişaf etdirilməsi, onun həyatımızın bütün sahələrində tətbiq edilməsi baxımından əhəmiyyətlidir:

"Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ı xüsusi qeyd edilməlidir. Prezidentin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş Dğvlət Proqramı ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi sənədi idi".

Süleyman
Seçilən
39
32
newscenter.az

9Mənbələr