AZ

Ştirlitsin xələfləri – minlərlə kəşfiyyatçı regiona və dünyaya dağılıb, Kremlə işləyirlər

Rusiya elə bir dövlətdir ki, dünyanın bütün ölkələrində agentura şəbəkəsi var. Dövlətlərin böyük və kiçik, yaxın və uzaq olmasının fərqi yoxdur, əgər bir ölkədə Rusiya səfirliyi varsa, demək, orada, onun kəşfiyyatçıları və onların işə cəlb etdikləri casuslar da var.

Təkcə Rusiya deyil, böyük və böyümək istəyən dövlətlərin hamısı dünyanın dörd bir tərəfində casus şəbəkələri, rəğbət qrupları, "milli kadrlar" bankı formalaşdırır və daima öz maraqlarını güdür, bəzi hallarda əlverişli fürsət gözləyirlər.

20-ci əsr boyunca SSRİ, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İsrail kimi dövlətlərin arasında əməlli-başlı casus müharibəsi gedib. İndi İran və Çin də bu səfə qoşulub.

İfşa olunduqdan sonra edam və ya həbs edilən agentlər, qarşı düşərgəyə keçənlər, öz ölkəsindən gizli şəkildə qaçırılanlar, eyni zamanda bir neçə ölkənin kəşfiyyatına xidmət edənlər barədə saysız-hesabsız kitablar, məqalələr yazılıb, filmlər çəkilib.

Bu materiallardan xəbərdar olanlar, ümumiyyətlə, SSRİ\Rusiyanın kəşfiyyat strukturlarının iş prinsipini bilənlər üçün çoxdan aydındır ki, Rusiya istisnasız olaraq bütün qonşularında əsasən diplomat və jurnalist adı altında fəaliyyət göstərən kəşfiyyatçılar şəbəkəsinə malikdir.

Bunlarla yanaşı, yerli kadrlardan ibarət informatorlar, çoxsaylı ictimai-siyasi fəalların cəlb edildiyi rəğbət qrupları da var. Sonuncular məxfi informasiyalarla işləmirlər, yəni Rusiyanın kəşfiyyat orqanlarına dəyərli və məxfi məlumatlar ötürmürlər (onların belə informasiyalara çıxışları da yoxdur), ancaq açıq şəkildə Moskvaya rəğbət ifadə edirlər, lazımi anlarda, hansısa məqamlarda Kremlin haqlı olduğunu bildirir, ictimai rəyə təsir göstərməyə çalışırlar.

Məsələn, ötən ildən bəri Qafqaz və Orta Asiya respublikalarında bir tendensiya müşahidə olunur: rus dilinin işləkliyi və statusu məsələsi ilə bağlı mübahisələr qızışanda həmin rəğbət qrupları hərəkətə gəlir və sübut etməyə çalışırlar ki, rus dili bu xalqlar üçün əvəzedilməzdir, ondan imtina faciəyə səbəb olar. Bəzən onlara işin içində olmayanlar da qoşulur.

Hazırda Gürcüstanda, ümumi şəkildə desək, "Rusiyaya işləyənlər" məxfi qalmağa, özlərini afişaya çıxarmamağa çalışsalar da, belələri Ermənistanda fəaldırlar və adbaad məlumdurlar.

Rusiyanın Azərbaycanda da casus şəbəkəs, əlbəttə, var. Sovet kəşfiyyatçısı Yevgeni Primakovun eyni ad-soyadlı nəvəsi, "Rossotrudniçestvo"nun rəhbəri Yevgeni Primakov onlardan biriydi və özlüyündə Ştirlits kimi bir şey idi. Belə ştirlitslər dünyanın hər yanında Kremlə işləyirlər və tora saldıqları adamları RF kəşfiyyatına işlədirlər.

Ölkəmizdə kimlərin Rusiyaya rəğbət bəslədiyi, kimlərin marığa yatıb əlverişli zamanın yetişməsini gözlədiyi az-çox bəllidir. İctimaiyyətə bəlli olmayan detallar, eləcə də "ümid vəd edən kadrlar" və rəğbət qruplarının fəalları isə əks-kəşfiyyat orqanlarına məlumdur.

Ona görə də jurnalistləri bu məsələdə araşdırma apararaq, fəallıq göstərərək ifşaedici dəllilər əldə etməsinə, onları açıqlamalarına elə bir ehtiyac yoxdur. İşi bilənlər bilir. Ancaq əgər kimlərinsə adları sızıb jurnnalistlərə çatıbsa, demək, bu da təsadüfi deyil.

Yüksək vəzifəli şəxslərin adlarının "Rusiyaya işləyənlər" qrafasında çəkilməsi o deməkdir ki, adamlar Rusiya ilə, Kremllə işləməyə hazır olublar,. Onlar dövlətin sirlərini başqa ölkətyə sataraq, konkret cinayət törətməsələr də, zamanı yetişəndə nərimanovluq, əliheydəqarayevlik, çingizildırımlıq, həmidsultanovluq etməyə potensial namizəd olublar. Sadəcə, onların gözlədiyi məqam yetişməyib, durum alınmayıb.

Bunun qarşılığında Cəmil Həsənli kimi informasiyalı, təcrübəli tarixçinin adları "Rusiyaya işləmək"də hallandırılan şəxsləri müdafiə etməsi, yayılan informasiyanı şübhə altına alması təəccüb doğurur.
Kim bilməsə də, Cəmil müəllim xalq hərəkatının tanınmış simalarından biri olaraq Kremlin agentura sahəsində nəyə qadir olduğunu yaxşı bilir. Əksinə olmalıydı, o adı çəkilənlərin sırasında daha kimlərin olduğunun açıqlanmasını istəməliydi.

Bu, şpionomaniya hadisəsi deyil, tam da şpionajın özüdür. Bir ara bəlli səbəblərdən Rusiyanın ölkəmizdəki agentura şəbəkəsinin fəaliyyətinə göz yumulub. Şübhəsiz ki, onlar nəzarətdə olublar, hara gedib-gəldikləri, kimlərlə oturub-durduqları, kimlərin haqqında esse müsabiqəsi təşkil etdikləri lazımi orqanlara məlum olub. Ancaq onların fəaliyyəti milli təhlükəsizliyimizə təhdid təşkil edənə qədər onları ifşa etmək sərfəli olmayıb.

Son 7 ayda Rusiya və Azərbaycan arasında yaranmış gərginlik göstərir ki, "Rusiyaya işləyənlər" dövlətimizə təhlükə kəsb etməyə başlayıblar. Ona görə də onların ifşası və cəzalandırılması şərt olub.

Yadınızdadırsa, bir ara "İrana işləyənlər"də ölkədə sərbəst, açıq fəaliyyət göstərir, şəbəkələrini gündən-günə böyüdür, az qala qoşun toplayırdılar. Sonra onların qurduğu "hörümçək toru"na süpürgə çəkildi. Casuslarla yanaşı, özünü İran sərbazı kimi görənlərin bir qismi də həbsə düşdü.

"Başqa yerlərə işləyənlər"lə bağlı da müəyyən işlər görülür, amma bu, uzun söhbətdir.

Salamatı adamın öz ölkəsinə, dövlətinə bağlı olmaısıdır. Buna görə adamı ifşa etmir, cəzalandırmırlar. Bu, o halda ola bilərdi ki, "başqa dövlətlərə işləyənlər" qalib gələrdi, bax, onda görərdik, öz dövlətinin təəssübünü çəkənləri necə tutur, Kolıma, Solovkiyə göndərirlər. Bunu bir dəfə görmüşük.

Xalid Kazımlı

Yeni Musavat

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr