İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapura səfər edib.
“Qafqazinfo” xəbər verir ki, 28 iyulda başlayan səfər çərçivəsində nümayəndə heyəti Sinqapurun səhiyyə üzrə baş dövlət naziri Kou Pou Kun ilə görüşüb.
Görüşdə Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, səhiyyə sahəsində həyata keçirilən islahatlar və maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə tətbiq edilən icbari tibbi sığortanın məqsədi əhalinin tibbi xidmətlərə maliyyə çətinliyi çəkmədən çıxışını təmin etməkdir.
Baş dövlət naziri Kou Pou Kun Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəsinin səhiyyə təcrübəsinə göstərilən marağı yüksək qiymətləndirib. O, Sinqapurun səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin tənzimlənməsi, maliyyələşdirilməsi və rəqəmsal innovasiyaların tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.
Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev beynəlxalq təcrübənin öyrənilməsinin, xüsusilə Sinqapur modelinin araşdırılmasının səhiyyə sistemində dayanıqlı maliyyələşdirmə mexanizmlərinin qurulması baxımından əhəmiyyətini vurğulayıb.
Nümayəndə heyəti, həmçinin Sinqapurun Səhiyyə Nazirliyində təşkil olunan təqdimatda iştirak edib. Nazirliyin Maliyyə Tərəfdaşlığı və İdarəetmə üzrə direktor müavini Li Saycia ölkəsinin səhiyyə sisteminin maliyyələşməsi, büdcə planlaşdırılması və səhiyyə müəssisələrinə ödəniş mexanizmləri barədə təqdimatla çıxış edib.
Nümayəndə heyəti, həmçinin Sinqapurun Mərkəzi Təminat Fondunun (CPF) Tibbi Xərclərin Ödənilməsi üzrə direktor müavini Tan Mey Penlə görüşüb. Fondun nümayəndəsi Sinqapurun səhiyyə sisteminin fərdi məsuliyyət və dövlət dəstəyini birləşdirən balanslı maliyyələşdirmə modelinə əsaslandığını bildirib. O, əhalinin tibbi xərclərini qarşılamaq üçün mövcud olan “MediSave”, “MediShield Life” və “MediFund” proqramları barədə geniş məlumat verib.
Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin Sinqapur Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Texnologiyaları üzrə Dövlət Agentliyində – Synapxedə olub. Qurumun fəaliyyəti barədə məlumat verilib və qeyd olunub ki, Synapxe ölkənin rəqəmsal səhiyyə infrastrukturunun qurulması, İT sistemləri ilə təminat, pasiyentyönümlü xidmətlərin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi sahələrində fəaliyyət göstərir. Synapxe, həmçinin Sinqapurda “Ağıllı Səhiyyə” ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır.
Səfər zamanı nümayəndə heyəti Tampinis rayonundakı yeni nəsil poliklinikaya baş çəkib. Poliklinikanın direktoru və ailə həkimi Sabrina Vi bildirib ki, pandemiyadan sonra tikilən bu tibb müəssisəsi vətəndaşlara ilkin tibbi yardımın multidisiplinar əsasda göstərilməsini təmin edir. Burada tətbiq olunan telemedisin xidməti (məsafədən tibbi məsləhət və müalicə imkanları) xüsusilə yaşlı və fiziki məhdudiyyətli şəxslər üçün əlverişlidir. Agentliyin nümayəndələri tibb müəssisəsinin triaj sistemi, gözləmə sahəsi, aptek, laboratoriya, konsultasiya kabineti, uşaqlar üçün immunizasiya otağı ilə tanış olublar.
Səfər çərçivəsində Zaur Əliyev, həmçinin Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti qismində Sinqapurda keçirilən su idman növləri üzrə Dünya Çempionatının konqresində iştirak edib. Konqreslə paralel Sinqapurda su idman növləri üzrə Dünya Çempionatı keçirilir. Z.Əliyev, həmçinin üzgüçülərimizin çıxış etdiyi yarışı izləyib, yarışdan sonra milli komanda üzvləri ilə ətraflı söhbət edib və onlara uğurlar arzulayıb.

