Həyatda verilən ən mühüm qərarlardan biri düzgün ixtisas seçimidir. Bu seçim yalnız ali təhsil dövrünü deyil, həm də gələcək peşə fəaliyyətini və şəxsi həyat keyfiyyətini birbaşa təsir edir. Gənclər üçün bu qərarı vermək bəzən çətin ola bilər, çünki çoxsaylı ixtisaslar arasında seçim etmək, gələcəkdə hansı sahənin daha perspektivli olacağını təxmin etmək asan deyil. Çox zaman abituriyentlər istədikləri ixtisaslara daxil olmaq üçün kifayət qədər bal toplamadıqları halda, inadkarlıqla həmin sahəyə müraciət edirlər. Bu isə onların ali məktəbə qəbul olunmamaq riskini artırır.
İxtisas seçimində abituriyentlərlə yanaşı, bu işdə onlara yardım edən şəxslərin də üzərinə böyük məsuliyyət düşür. Bir çox abituriyent, xüsusilə də test imtahanlarında az bal toplayanlar riskə getməyərək ixtisas seçimində mütəxəssislə məsləhətləşir və müsbət nəticəyə nail olurlar. Abituriyentin qəbul imtahanında topladığı bal seçdiyi ixtisasın keçid balı ilə uyğun gələndə isə mütəxəssis yardımına ehtiyac qalmır. Bəzən də hansısa ixtisas üzrə nəticələr ötənilki nəticələrdən yüksək olduğundan keçid balı qalxır və seçimini ötənilki keçid ballarına uyğun edən abituryent müsabiqədən keçə bilmir. Bu kimi hallar yaşanmasın deyə ixtisas seçimi üçün kimə müraciət etmək lazım olduğunu abituriyentlər öncədən araşdırmalı və məqsədli, planlı şəkildə qərar qəbul etməlidirlər.
Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli ixtisas seçiminin uğurlu alınmasında əsas faktoru doğru planlamada görür: "Düşünürəm ki, abituriyentlər ixtisas seçimi zamanı peşəkar mütəxəssislərlə məsləhətləşməlidirlər. Qəbul ola bilməyən abituriyentlər əsasən öz istədikləri ixtisasları seçirlər və həmin ixtisasa müvafiq keçid balını yığa bilmədikləri üçün müsabiqə mərhələsindən keçə bilmirlər. Mən əslində həmin şəxsləri alqışlayıram, çünki onlar gələcəkdə hansı peşə sahibi olmaq istədiklərini dəqiq bilirlər, qarşılarına məqsəd qoyub o istiqamətdə addımlayırlar. Lakin balları həmin ixtisasa uyğun gəlmir. Bu zaman mütəxəssislər onlara kömək edə, gələcək karyeralarında uğurlu olmaları üçün yol göstərə bilərlər. Qəbul ola bilməyən abituriyentlərin balları konkursa əsasən seçilir. Məsələn, bəziləri deyir ki, mən yalnız ödənişsiz oxumaq istəyirəm, bəziləri deyir, mən özəl universitetdə oxumaq istəmirəm. Lakin həmin abituriyentlərin topladığı bal dövlət universitetinin keçid balına çatmır və müsabiqədən keçə bilmirlər. Yəni burada əsas məsələ doğru planlamadır".
Təhsil eksperti Elçin Əfəndinin fikrincə, elə məqamlar olur ki, abituriyent səhv ixtisas seçimi etdiyinə görə dövlət sifarişi ilə oxumaq şansı olduğu halda, ödənişli əsaslarla ali məktəbə qəbul olur. Belə halların yaşanmaması üçün vacibdir ki, bu istiqamətdə peşəkar mütəxəssislərdən rəy, fikir alsınlar ki, dövlət sifarişi üzrə daha uyğun, normal ixtisaslara, universitetlərə qəbul ola bilsinlər. Bəzi hallarda müşahidə edirik ki, valideynlər dövlət sifarişi üzrə yer ayrılmasına baxmayaraq, özəl universitetlərdə təhsil almağa razı olmurlar. Halbuki abituriyent dövlət universitetində ödənişli əsaslarla oxuyacağına, özəl universitetlərdə dövlət sifarişi əsasında təhsil ala bilər. Onsuz da hər iki halda dövlət büdcəsindən həmin tələbənin maliyyələşməsi həyata keçirilir. Bu faktları valideynlər və abituriyentlər bilmədiklərinə görə mütəxəssislərdən məsləhət almaq vacibdir".
Təhsil ekspertinin sözlərinə görə, ixtisaslaşma dövrü elə bir mərhələdir ki, bu imtahan verənlər üçün ən strateji nöqtədir və bu zaman abituriyentlərlə yanaşı, valideynlər də çox diqqətli olmalıdır. İxtisas seçimi özbaşına verilən qərarla edilməməlidir. Əgər biz nəzərə alsaq ki, abituriyentlər 4 il ərzində məhz həmin ixtisası oxuyacaqlar və onların gələcək karyera imkanları məhz bu ixtisasdan asılıdır, demək olar ki, bu prosesin ən məsuliyyət tələb edən mərhələsi məhz ixtisas seçimidir: "Müşahidələrimə əsasən onu deyə bilərəm ki, bu zaman bir çox abituriyentin məqsədi yalnız ali təhsil müəssisəsinə qəbul olmaq olur. Bu, hardasa 70, 80 faiz imtahan verənin hədəfidir. Yerdə qalanlar isə konkret olaraq bilirlər ki, onlar hansı ixtisası istəyirlər və yaxud hansı ixtisasa qəbul olacaqlar".
İxtisas seçərkən əmək bazarında həmin sahəyə olan tələbatı da nəzərə almaq vacibdir. Hazırda informasiya texnologiyaları, tibb, maliyyə, logistika kimi sahələrdə yüksək tələbat var. Ancaq bu, hər zaman dəyişə bilər, ona görə də trendləri izləmək önəmlidir.
Seçilən ixtisas üzrə təhsil verən universitetin keyfiyyəti də mühüm amildir. Yaxşı müəllim heyəti, güclü praktiki baza və beynəlxalq əməkdaşlıq imkanları gələcəkdə iş tapmağı asanlaşdırır.
Bəzi insanlar üçün sosial xidmət, bəziləri üçün isə yüksək gəlir prioritet ola bilər. İxtisas seçərkən şəxsi dəyərlər və həyat məqsədləri ilə uyğunluğu düşünmək uzunmüddətli məmnuniyyət üçün vacibdir.
Yanlış ixtisas seçimi insanı uzun müddət motivasiyasız və narazı edə bilər. Bu, həm akademik uğursuzluğa, həm də gələcəkdə iş tapmaqda çətinliklərə səbəb ola bilər. Bir çox insan seçdiyi sahədən uzaqlaşaraq sonradan fərqli karyera yolu seçmək məcburiyyətində qalır.
Düzgün ixtisas seçimi diqqətlə düşünülməsi lazım olan bir qərardır. Gənclər bu prosesi yalnız valideynlərin və müəllimlərin deyil, həmçinin peşəkar təlimatçıların və kariyera məsləhətçilərinin də dəstəyi ilə həyata keçirməlidirlər. Sevdiyin işi etmək və bu sahədə inkişaf etmək, insanın həm şəxsi, həm də peşəkar həyatında uğur qazanmasının əsas yoludur.
Ali təhsil müəssisəsinə qəbul olmaq istəyən abituriyentlərin konkret məqsədi olmalı və o məqsədə əsasən oxuyacağı təhsil ocağını seçməlidir. Bəzi hallarda şahidi oluruq ki, bir qisim abituriyent kor-koranə qərar verərək tələbə olmaq xatirinə müsabiqədə iştirak edir, hər hansı bir ali təhsil müəssisəsinə qəbul olur və həmin müəssisənin plan yerləri dolur. Nəticədə məqsədi məhz həmin ali təhsil müəssisəsinə qəbul olmaq olan abituriyent yanlış ixtisas seçimi edərək, həmçinin plan yerləri dolduğu üçün qəbul ola bilmir. Belə hallarla rastlaşmamaq üçün müəllimlər və valideynlər abituriyentlərlə əvvəlcədən söhbət aparmalı, məqsədyönlü addım atmaqları üçün onlara yol göstərməlidirlər. Tez-tez şahidi oluruq, məqsədsiz şəkildə ali təhsil müəssisəsinə qəbul olan şəxs təhsilini bitirdikdən sonra iş tapmaqda çətinlik çəkir. Konkret məqsədi olan insan isə doğru addımlar ataraq sonda mütləq uğur qazanır.
Araşdırmaya görə, Azərbaycanda 65 faiz ailə öz övladına ixtisas seçimində nələrisə təlqin etməyə çalışır. Valideynlər onları arzusunda olduğu, ancaq yiyələnə bilmədikləri ixtisaslara yönəldirlər. Belə halda isə övladlarının əvəzinə seçimi valideynlər etmiş olur. Valideynlərin fikirlərinə əsaslanarkən gənclər öz arzu, istək və bacarıqlarını nəzərə almırlar. Doğrudur, hər bir valideyn övladının uğur qazanmasını istər. Amma hərdən övladın fikrinə də hörmət etmək valideynin borcudur. Əfsuslar olsun ki, bu gün əksər valideynlər öz övladlarını nə vaxtsa reallaşdıra bilmədikləri arzularını və ya prestijli peşəyə sahib olmalarını məcbur edirlər. Belə olan təqdirdə isə valideynlər unudurlar ki, övladı istədikləri kimi idarə etmək yaxşı nəticələr verməz. Əksinə, onun istəklərini öyrənib, meyl etdiyi sahəyə yönləndirmək daha məqsədəuyğundur.
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə əsasən, valideynlər və abituriyentlər arasında bu mərhələ üçün o qədər ciddi təlaş yaranıb ki, hər kəs ən çox məsuliyyət tələb edən bu mərhələdə səhv etməkdən qorxur: "İxtisas seçimi ilə bağlı çox suallar verilir, ayrı ayrılıqda cavablamaq fiziki olaraq mümkün deyil. Başa düşüləndir, Dövlət İmtahan Mərkəzi ixtisas seçiminə start verir. Valideynlər və abituriyentlər arasında bu mərhələ üçün o qədər ciddi təlaş yaranıb ki, hər kəs bu məsuliyyət tələb edən mərhələdə səhv etməkdən qorxur. Əslində, burada narahat olacaq və qorxacaq heç nə yoxdur. Valideynlər və abituriyentlərə əsas çağırışım odur ki, hər kəs ixtisas seçimi mərhələsində öz ixtisaslarını özü seçsin. Çox zaman bu prosesə başqa şəxsləri cəlb edirlər. Sosial şəbəkələrdə müəyyən qruplar formalaşdırılaraq kimlərəsə ixtisas seçimi ilə bağlı yardım təklif edirlər. Bu, çox yanlış üsuldur".
Təhsil eksperti Kamran Əsədov abituriyentlərin ixtisas seçimi zamanı bəzi nüanslara diqqət yetirməli olduqlarını deyir. Ekspertin fikrincə, düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq məzunların tələbə olmaq şansını artırır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir.
Nərmin Qarazadə