31 iyul 2025-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün “Payız gəlmədən endirimi gəldi!” adlı yeni kampaniyaya start verib.
Operativ Media xəbər verir ki, bu haqda AZAL-ın mətbuat xidməti məlumat yayıb.
Endirim kampaniyasından yararlanmaq üçün onlayn bilet alışı zamanı “FLY25” promokodundan istifadə etmək kifayətdir.
Aksiyanın şərtlərinə əsasən, sərnişinlər 3 avqust 2025-ci il tarixinə kimi AZAL-ın beynəlxalq reyslərinə aviabiletləri 25%-dək endirimlə aviaşirkətin rəsmi veb-saytından və ya mobil tətbiqindən əldə edə bilərlər.
Təklif 23 sentyabr – 25 dekabr tarixləri arasında həyata keçiriləcək uçuşlara şamil olunur. Bu müddət ərzində sərnişinlər AZAL-ın Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edən 40-dan çox beynəlxalq istiqamətinə endirimli şərtlərlə səyahət etmək imkanı əldə edəcəklər.
Endirim AZAL-ın müntəzəm beynəlxalq uçuşlarında ekonom və biznes sinif tariflərinə tətbiq olunur, vergi və yığımları əhatə etmir. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil edilmir. Qeyd edək ki, endirimli yerlərin sayı məhduddur.