Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili Ulu Öndər Heydər Əliyevin "Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir" fikirlərini önə çəkərək qeyd edib ki, Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsində apardığı fəal siyasət Azərbaycanda milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini sürətləndirdi. Bu siyasət, eyni zamanda, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik qazanmağa hazırladı.
Vüqar Rəhimzadə vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə uyğun olaraq Azərbaycan dilinə göstərdiyi diqqət və qayğı siyasi, eyni zamanda, praktiki baxımından fərqləndi. Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dili dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə edildi, dahi rəhbərin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir addımında özünün aydın ifadəsini tapdı. Onun artıq dillər əzbəri olan "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Ulu Öndərin dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar bütün dövrlərdə yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amil oldu. Ümummilli Lider bildirirdi ki, xalqı xalq, milləti millət edən onun ana dilidir.
Milli Məclisin deputatı bildirib ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Prezident İlham Əliyevin "Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir" fikirləri Ulu Öndər Heydər Əliyevin dilimizə qayğısının aydın ifadəsini yaradır. Ümummilli Liderin ana dilimizin qorunması istiqamətində atdığı addımlar bu gün də uğurla davam etdirilir.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncama əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. 2004-cü ildə, eyni zamanda, "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında" Sərəncam imzalandı. 2007-ci ildə imzalanan "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" Sərəncam ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini gerçəkləşdirdi. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncam ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik sahəsində araşdırmaların yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçilik sahəsinin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində imzaladığı sənədlər sırasında 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı xüsusi qeyd edib. Bildirib ki, ümumiyyətlə, ölkəmizdə dövlət dili daim diqqət mərkəzindədir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdı.
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır. Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi olan tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda qarşımızda mühüm çağırışlar dayanır. Gənclərimiz hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalı, tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidirlər.