“Şelburn”la matçdan sonra Ağdam təmsilçisinin Xorvatiyanın “Dinamo” klubundan icarəyə götürdüyü Sami Mmae İdmanxeber.az-a müsahibə verib.
28 yaşlı mərkəz müdafiəçi “Qarabağ”ın Çempionlar Liqasında növbəti mərhələyə adlaması, özünün “köhlən atlar”a transferi və digər sualları cavablandırıb:
– “Qarabağ”da debüt etdiniz. Fikirləriniz necədir?
– Düşünürəm ki, matçı idarə edən tərəf idik. Topa daha çox sahib olduq. Əlbəttə, daha yaxşı oynaya bilərdik. İlk qoldan sonra bizim üçün asan oldu: Topu daha çox özümüzdə saxladıq. Hesab fərqi daha çox ola bilərdi. Artıq növbəti mərhələyə hazırlaşacağıq.
– Növbəti mərhələdə Şimali Makedoniya “Şkendiya”sı ilə qarşılaşacaqsınız. Bu rəqibi daha rahatlıqla məğlub edəcəyinizi demək olarmı?
– Hər bir rəqibə hörmətlə yanaşırıq. Asan komanda yoxdur.
– ”Qarabağ”a uyğunlaşma prosesiniz necə davam edir?
– Komandada ab-hava çox yaxşıdır. Hamı məni yaxşı qarşıladı. Hər kəs çalışır ki, yeni gələn futbolçuya dəstək olsun. Ona görə də adaptasiya prosesim tez keçdi.
– “Qarabağ”ın hazırkı durumu barədə əvvəlcədən məlumatınız var idi, yoxsa gəlməmişdən qabaq hansısa futbolçudan nəyisə dəqiqləşdirmişdiniz?
– Kadi Borges və Abdullah Zubiri çox yaxşı tanıyıram. Zubirlə danışarkən dedi ki, “Qarabağ” çox yaxşı komandadır. Ambisiyalı, çox böyük klubdur. Ona görə də burada oynayır, uğur qazanırlar. Fikrimcə, bura gəlmək ən düzgün qərar idi. “Qarabağ” böyük klubdur, şadam ki, buradayam.
– Ötənilki “Qarabağ”la indiki arasında hansı fərq var?
– Demək çətindir. Amma mən ötən il “Dinamo”da idim. Bu gün isə “Qarabağ”ın şərəfini qoruyuram. Keçən il “Qarabağ”a qarşı oynayarkən də görmüşdüm ki, Ağdam təmsilçisi keyfiyyətli komandadır, səviyyəli futbolçuları var. Bu gün də belədir.