Bakıda müxtəlif ünvanlarda zoomarketlərin sayı durmadan artır. Bu marketlər yalnız ev heyvanları üçün məhsul satışı ilə kifayətlənmirlər. Onlar həm də ev heyvanlarının sağlamlığı, gigiyenası və rifahı üçün vacib xidmət nöqtələridir.
Ev heyvanı saxlayan insanların zaman-zaman söylədikləri fikirlərə, etdikləri müraciətlərə əsasən, bu sektora nəzarət, yaranan məsuliyyət və digər məsələlərlə bağlı müəyyən narahatlıqlar ortaya çıxır.
“Report”un əməkdaşları Bakıda yerləşən zoomarketlərin birinə üz tutaraq ora müraciət edən müştərilərin fikirlərini öyrənib.
Bakı şəhər sakini Adilə Həmzəyeva bildirib ki, Azərbaycanda fəaliyyət göstərən zoomarketlərdə yetərincə boşluqlar müşahidə edilir:
“Ev heyvanına verilən qidalara mütləq xüsusi diqqət olunmalıdır. Keyfiyyətsiz qidadan heyvan qusa bilər, mədə problemləri yaranar. Buna görə də, keyfiyyətli yem seçimi çox önəmlidir. Bakıdakı zoomağazalarda isə yemlərin nə dərəcədə keyfiyyətli olması sual altındadır. Bəzən yemləri günün altında saxlayırlar, vaxtı keçmiş heyvan qidaları satılır, satıcıların çoxunun isə satdığı heyvan məhsullarından düzgün başı çıxmır".
Müştəri qeyd edib ki, zoomarketlərin ən böyük problemlərindən biri sahəsinin kiçik olmasıdır:
"Məhdud yerdə hədsiz çox məhsul satılır. Hətta burada müəyyən ev heyvanları da satırlar. Bu şəraitsizlik birbaşa heyvanların komfortunu da pozur. Başqa ölkələrlə müqayisədə bizdə bu məsələlər hüquqla tənzimlənmir və savadlılıq azdır. Satıcılar üçün heyvansevərlik ön planda deyil. Məlumatlı satıcı ilə işləmək önəmlidir”.
Zoomağaza sahibi, heyvan bərbəri Məhluqə Tağıyeva deyib ki, on müştəridən üçünün bəslədiyi ev heyvanının vəziyyətini "yaxşı" dəyərləndirmək olar:
"İnsanlar öz sağlamlıqlarına laqeyd olduqları kimi, heyvanlarına qarşı da elədilər. Azərbaycanda, demək olar ki, ev heyvanına yaxşı baxan insan çox azdır. Çox maliyyə ayırıb bahalı heyvanlar alırlar, amma bahalı yem, gigiyenik vasitələr almırlar. Heyvan sahibi heyvanına zərərli tərkibi olan yem verir, yəni təyinatını oxumur, araşdırmır, protein dəyərinə baxmır. Mən dəfələrlə rastlaşmışam ki, itin mədə problemi var, ona taxıl məhsulu yemək olmaz, ət yeməlidir. Amma zoomağazada həmin yem olmayıb deyə yönləndiriblər başqa məhsula, heyvanın vəziyyəti pisləşib.
Ən sıxıntılı məsələlərdən biri də daxili və xarici parazitlərdir. Yəni, müalicə üçün heyvanları o halda gətirirlər ki, artıq gənə heyvanın qulağındadır, təmizlənməsi çətindir. Məsələn, altı pişiyi bir yerdə saxlayan insanlar var. Birinin qulaq infeksiyası varsa, hamısına yoluxur. İnsan şampunu ilə ev heyvanını çimizdirən sahiblər var. Sonra allergiyalar, dəri xəstəlikləri yaranır”.
Zoomağaza sahibi heyvan yemlərinin saxlama şəraiti barədə də məlumat verib:
“Heyvanlar üçün saxlanılan quru yemlərin yeri Günəş görməyən və quru məkan olmalıdır. Mağaza özü də Günəş şüası düşməyən bir məkanda olsa, yaxşıdır. Yemlərin mütləq ağzı bağlı olmalıdır. Hava ilə təmas edilsə, kiflənə bilər. Mütləq məhsulun istehsal və son istifadə müddətinə baxılmalıdır. Mağazaya üz tutan müştərilər ilk olaraq qida cəhətdən maarifləndirilməlidir. Məsələn, mədə problemi olan heyvana tərkibində taxıl olan qidanın verilməməsini yalnız mütəxəssis bilə bilər. Daha bir nümunə pişikləri çimizdirməklə bağlıdır. Onlar özlərini yalayaraq təmizləyirlər. Amma insanlar məcburən pişikləri çimizdirməyə çalışırlar. Xüsusi hallarda - əgər pişikdə xarici parazitlər - bit-birə, gənə mövcuddursa, eləcə də qotur varsa, o zaman baytar tövsiyəsi ilə çimizdirmək olar. Satıcı özü bu şeyləri bilməlidir ki, bunu müştəriyə də ötürə bilsin”.
M.Tağıyevanın sözlərin görə, Azərbaycanda zoomağazaların çoxu pula köklənir, müştərilər isə heyvanın gözəlliyinə:
“Bəzi mağazalar reklamı güclü olan qida markaları ilə çalışır. Çünki onlara həmin markalardan satış qazancı qalır. İnsanlar əsas gözəlliyə fikir verir, sağlamlığa yox. İnsanlara maraqlı olan, öz heyvanlarının gözəl olmağıdır. Pişik dilini çıxardıb ləhləyir, quyruq bulayır, sahibi deyir ki, xoşbəxtdir, ona görə edir. Halbuki heyvan stresslidir, infarkt keçirə bilər. Yaxud it qəribə səslər çıxarır, mırıldayır, sahibi deyir ki, evdə də belədir, darıxanda belə olur. Halbuki heyvan darıxmır. O artıq özünü pis hiss edir”.
M.Tağıyeva əlavə edib ki, heyvan satışının, qanunla, lisenziya ilə aparılmalı olduğu halda, bəzi mağazalar bunu qanundankənar edirlər:
“Təkcə it və pişik deyil, eyni zamanda, quş, balıq kimi canlıların da mağazada satışı üçün qanuni icazə lazımdır”.
Mütəxəssis heyvan satışı ilə bağlı mağazalarda lisenziyasının tələb olunmasının vacibliyini də vurğulayıb:
“Əgər mağazalar heyvan satışı ilə məşğuldursa, mütləq lisenziya tətbiq olunmalıdır. Bundan başqa, küçədən heyvanları götürüb sahiblənməyi daha çox aşılamalıyıq. Əlavə olaraq da cins heyvanların çox çətinlikləri olur. Məsələn, bəzi pişiklər var ki, sayı artmamalıdır. İsveçdə, Norveçdə bu qadağandır. Məsələn, şotland cinsindən olan pişiklərin doğuşdan qığırdaq, onurğa problemi var. Amma bu, bizdə qanunla tənzimlənmir deyə, insanlar onları cütləşdirir. Yaxud qırxılmamalı olan itlər var, amma qırxırlar. Yəni heyvan sahibinə demirlər ki, pomeranianı qırxa bilmərəm. Bu, ikiqat tükə sahibdir. Əgər qırxsam, onun bədəninin temperaturunu pozacam, çünki soyuqdan qorunmaq, istidə tərləməmək üçün xəzə ehtiyacı var”.
Mütəxəssis deyib ki, bir bəla da sosial platformalar və "Chatgpt"dir, insanlar orada gördükləri hər şeyə inanır və tətbiq edirlər:
“Heyvanlarla işləyən şəxslər sahiblərinin yox, heyvanların istəklərinə uyğun qərar verməlidir. Fen səsi, tükqırxan aparat onsuz da heyvanı stressə salacaq. Üstəlik, sahibləri də məcburən onlara nələrinsə tətbiq edilməyini istəyir. Əgər heyvan pəncəsindəki tükün qırxılmasını istəmirsə, bunu tətbiq etmək olmaz. Zoomağaza işçiləri, eləcə də baytarlar öncə insanla yox, heyvanla işləməyi bacarmalıdırlar. Heyvan sahibləri onsuz da sosial şəbəkələrdə gördükləri şeyləri tətbiq etməyə çalışırlar.
Bir dəfə inək üçün istifadə olunan bit-birə əleyhinə dərmanı balaca pişiyə tətbiq etmişdilər. Nəticədə heyvan çox ağır vəziyyətə düşmüşdü. Demək istədiyim budur ki, heç olmasa, baytar və satıcılar məlumatlı olmalıdır ki, belə hallar yaşanmasın”.
Heyvan bərbəri Azərbaycanda sözügedən sahədə inkişafın olmadığını qeyd edib:
“Azərbaycanda heyvan bərbəri sahəsində inkişaf yoxdur. Buna səbəb ölkədə bu sahənin təhsilinin olmamasıdır. Hər əlinə qayçı alan heyvan təraş edə biləcəyini zənn edir. Eyni zamanda, heyvanlara yaxşı baxmamaq da bizim bərbərlik sahəsində üzləşdiyimiz ən aktual problemlərdən biridir. Heyvanı çimizdirdikdən sonra qurutmurlar nəticədə tükləri dolaşır. Təəssüf ki, Azərbaycanda şou-təraşlar yayqın deyil. Buna səbəb həmin sahənin məsrəfli olmasıdır. Bizdə daha çox bit-birə təmizliyi, pişiklərin tük tökülmə dönəmində qırxılması üzrə müraciətlər olur. Bunlarla yanaşı, tük boyamalara da təlabat var”.
Bəs hüquq bu barədə nə deyir?
Hüquqi normalara əsasən, baytar kimi fəaliyyət göstərmək üçün Ali baytarlıq təhsili haqqında diplom – tanınmış ali təhsil müəssisəsinin müvafiq ixtisas üzrə verdiyi diplom, peşəkar fəaliyyət üçün fərdi sahibkar və ya hüquqi şəxs statusunda dövlət qeydiyyatı, vergi uçotu eləcə də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq xidməti göstərmək istəyən hüquqi və fiziki şəxslər üçün “baytarlıq fəaliyyəti ilə məşğul olmağa dair qeydiyyat və nəzarət sistemində” qeydiyyatdan keçmək tələb olunur.
Nəzarət mexanizmində ən başda AQTA gəlir. AQTA bu sahədə əsas nəzarət orqanıdır, planlı və ya qəfil yoxlamalar aparır.
Ən çox yayılmış qanun pozuntularına isə sertifikatsız dərmanların tətbiqi və ya satışı, baytarlıq diplomu və icazəsi olmadan fəaliyyət, səhv diaqnoz və ya qeyri-etik tibbi müdaxilələr, gigiyenik norma və sanitariya tələblərinin pozulması, heyvanlara zərər yetirmə və ya qeyri-insani müdaxilələr (anesteziyasız əməliyyat və s.), sahibsiz heyvanlara qarşı qeyri-qanuni tədbirlər (məsələn, öldürmə halları) aiddir.
Qanunsuz heyvan satışı və ya qeyri-insani şəraitdə saxlanma faktları aşkar olunduqda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 274-cü, 275-ci maddələrinə əsasən, heyvanların qeyri-qanuni satışı və saxlanması hallarında fiziki şəxslər 100–300 manat, hüquqi şəxslər 500–2000 manat cərimə oluna bilər.
İqtisadiyyat Nazirliyindən ev heyvanları və onlara verilən yemlərin satışı ilə bağlı lisenziya barədə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ ilə bağlı nazirlik tərəfindən xüsusi lisenziya tələb olunmur:
“Bəzi yoxlanışlar həyata keçirilsə də, heyvan satışı və yemləri ilə bağlı İqtisadiyyat Nazirliyinin xüsusi lisenziya tələbi yoxdur”.
Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Vüqar İsgəndərov "Report"a açıqlamasında deyib ki, hazırda ölkədə qeyri-rəsmi fəaliyyət göstərən baytarların sayının artması bu sahədə yeni qanunların qəbul edilməsini zəruri edir:
“Ev heyvanlarının sayının artması ilə paralel olaraq zoomağazaların sayının da artdığını görürük. Bu, müsbət məqam olsa da, burada satılan qida və digər məhsulların ekspertizadan keçirilməsi və həssas yanaşılması da gözardı edilməməlidir. Buna görə də daim qanunlar çağırışlara adekvat olmalıdır, yenilənməlidir. Hazırda bir çox şirkətlər və firmalar reklam xətrinə müştəriləri dəvət edirlər. Nəticədə bu sahədə təhsili olmayan, reklam sayəsində tanınan zoomağazalar və baytarlar təhlükə yaradır”.
V.İsgəndərov həm kənd təsərrüfatında, həm də şəhərdə heyvan baxımının və qayğının, eləcə də tibbi xidmətlərin zəif olduğunu, baytar sayının azlığını müşahidə etdiyini diqqətə çatdırıb.
Kənd Təsərrüfatı Nazirliyindən isə “Report”un sorğusuna verilən cavaba görə, Azərbaycanda kifayət qədər baytar həkim var:
“Ölkədə savadlı baytarlar kifayət qədərdir və vətəndaşlar onların tövsiyələrindən yararlanırlar. Bu sahədə heç bir çətinlik yoxdur”.
Mövzu ilə bağlı məsul qurum olan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə iyunun 17-dən sorğu ünvanlasaq da, bir aydan çoxdur ki, nə satılan məhsulların tərkibi, nə də bu mağazalara nəzarət mexanizmi barədə hər hansı açıqlama verilməyib.
Zoomarketlərdə ev heyvanlarının gündəlik qayğısı və qidalanması ilə bağlı narahatlıqlar yalnız sahibkarlar və alıcılar arasında deyil, eyni zamanda cəmiyyətin sağlamlıq və etik normalara münasibətində də əksini tapır. Dövlət qurumlarının ictimai suallara cavab verməməsi isə bu mövzuda ictimai şəffaflıq və məsuliyyət anlayışını yenidən gündəmə gətirir.