AZ

Kreml yeni təxribatlara əl ata bilər: Paşinyan Rusiya ilə dil tapmağa çalışır

Rusiya Ermənistana təzyiq rıçaqlarını gücləndirməklə məşğuldur. Son günlərdə yayılan xəbərə görə, Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası əhəmiyyətli dərəcədə gücləndirilir.

Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb ki, son həftələr bazaya çoxlu sayda hərbi texnika və sursat gətirilib. Hər gün bir neçə yük təyyarəsi hərbi yüklə enir. Nəşr bildirib ki, bu çatdırılmaların məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür:

"Versiyalardan biri budur ki, Moskva Ermənistandan mümkün geri çəkilmə məsələsində zahirən sakit mövqeyinə baxmayaraq, regionda mümkün dəyişikliklərə hazırlaşır".

Nəşr onu da iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.

Politoloq Turab Rzayev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, bu, gözlənilən addım idi.

Ekspert vurğulayıb ki, Rusiyanın Cənubi Qafqazdan çıxmaq niyyəti yoxdur:

"Rusiyanın müdafiə arxitekturası elə qurulub ki, Qərbdən Belarus, Cənubda Ermənistan üzərindən bütün hədəflərə qarşı mübarizə məntəqəsi yaradıb. Rusiyanın xarici təhdidlərə qarşı erkən alarm sistemlərinin hamısı bu ölkələrin ərazisindədir. Belə olan halda Rusiya sakitcə Ermənistanı tərk etməyəcək. Özü də ABŞ-nin Ermənistana, Cənubi Qafqaza daxil olması ilə bağlı xəbərlərin yayıldığı bir zamanda Rusiya bölgədən əl çəkməz. Ona görə də Rusiyanın regiondan çıxması və onu Qərbin əvəzləməsi qeyri-mümkündür”.

T.Rzayev hesab edir ki, Rusiya Ermənistanda Paşinyan hakimiyyətini devirmək üçün açıq hücuma keçəcək. Dediyinə görə, artıq Paşinyana qarşı hücumların miqyası genişlənir:

“Bir tərəfdən kilsə aktivləşib, onlara revanşistlər, radikal müxalifət, cinayətkar "Qabağa klanı" da dəstək verir. Rusiya baş nazirə qarşı yeni və köhnə müxalifəti bir araya gətirir. Rusiyanın əsas dayağı olan kilsə açıq şəkildə Paşinyana səlib yürüşü elan edib".

Turab  Rzayev: Rusiyanın regiondan çıxması və onu Qərbin əvəzləməsi qeyri-mümkündür

Analitik qeyd edib ki, Paşinyan vəziyyətdən çıxmaq üçün Rusiya ilə dil tapmağa çalışır:

"Paşinyanın 9 mayda Rusiyaya parada getməsi, ABŞ-nin Zəngəzur dəhlizində iştirakına qarşı çıxması Rusiyadan çəkinməsi ilə bağlıdır. Həm də Paşinyan bu məsələdə Fransa və İranın da mövqeyini nəzərə alır. Bu məsələlər kontekstində görünür ki, Kreml Paşinyana dərs verməyə çalışır. Çünki Paşinyanın KTMT-dən çıxma istəyi və əvəzinə Avropa İttifaqına üz tutması Moskvanın maraqlarına tamamilə ziddir. Buna görə də Rusiyanın daha aqressiv davranacağı ehtimalı böyükdür”.

Müsahibimiz qeyd edib ki, əlbəttə, rus hərbi bazasına silahların daşınması İrəvanın gözünü qorxutmaq məqsədi də daşıya bilər. Onun sözlərinə görə, ancaq eyni zamanda Rusiyanın İrəvan hökumətinə qarşı hansısa hərbi planlarından da xəbər verə bilər:

“Rusiyanın yeni təxribatlara əl atacağı da inandırıcıdır".

Aydın Baxış

Seçilən
26
bakivaxti.az

1Mənbələr