AzEdu.az Təhsil Portalı yeni silsilə araşdırmasına start verib.
Belə ki, layihə çərçivəsində ölkənin təhsil gündəmində aktiv şəkildə çıxış edən təhsil ekspertlərinin orta, ali və ümumilikdə təhsil sahəsindəki fəaliyyətləri barədə ictimaiyyətə geniş məlumat təqdim olunacaq.
Araşdırmamızın əsas məqsədi “təhsil eksperti” adını qazanan şəxslərin bu mərhələyə gələnədək keçdikləri yol, əldə etdikləri uğurlar və göstərdikləri zəhməti geniş auditoriyaya çatdırmaqdır.
Bu dəfə araşdırmamızda təhsil eksperti Ramin Nurəliyev var.
Ekspert öz fəaliyyətini oxucularımıza belə təqdim edib:
"7 yanvar 1981-ci ildə Bakı şəhərində dünyaya gəlmişəm. Orta ümumtəhsil məktəbini Əli Bəylər Bəyov adına Masallı rayonunun Xılkənd kəndində oxumuş, bütün qiymətlərimi “5” olmaqla, 1997-ci ildə müvəffəqiyyətlə başa vurmuşam. Həmin il Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanı nəticəsində Lənkəran Dövlət Universitetinin Filologiya ixtisasına qəbul olmuşam.
Universiteti bitirdikdən sonra hərbi xidmətə yollanmışam. Bir il hərbi xidmətdə aktiv xidmətimə görə Fəxri fərmana layiq görülmüşəm. Hərbi xidmətdən sonra 2016-cı ilə qədər müxtəlif özəl liseylərdə və kurslarda əvvəl müəllim, sonra isə idarəçi kimi fəaliyyət göstərmişəm. 2016-cı ildə “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası”nda baş katib vəzifəsində çalışmışam. 2018-ci ildə isə həmin qurumun nəzdində fəaliyyət göstərən “ANH Hüquq Jurnalı”nın baş redaktoru olmuşam.
2020-ci ildən etibarən təhsil ekspertliyi sahəsində müstəqil fəaliyyət göstərirəm. Əslində bu sahədə fəaliyyətim 2010-cu ildən başlamışdı. İxtisas seçimi, universitet transferləri, diplomların tanınması və xüsusilə Türkiyəyə tələbələrin göndərilməsi istiqamətində aktiv işləmişəm. Bu sahədə ictimaiyyəti mütəmadi məlumatlandırmışam.
Ancaq daha geniş tanınmağım AzEdu.az Təhsil Portalı ilə əməkdaşlıq etdikdən sonra baş tutdu. Xüsusilə də portalın keçirdiyi “Təhsil Eksperti” müsabiqəsinin qalibi oldum. Bu, fəaliyyətimin inkişafında və tanınmasında mühüm rol oynadı. Bu münasibətlə AzEdu.az ailəsinə səmimi təşəkkürümü bildirirəm. Oranı özümə doğma hesab edirəm.
2020-ci ildən bu günə 2025-ci ilə qədər fəaliyyətim artıq yalnız sosial şəbəkələrlə yox, televiziya, radio, xəbər portalları, sosial platformalar və ictimai tədbirlərlə də davam edir. Sosial platformalarda paylaşdığım dəqiq və düzgün məlumatlar media nümayəndələrinin diqqətini çəkib. Dövlət İmtahan Mərkəzinin qəbul prosesi ilə bağlı tənqid və ya təqdirlərim, eləcə də Elm və Təhsil Nazirliyinin qərarları ilə bağlı fikirlərim mediada geniş işıqlandırılıb.
Hazırda 70-ə yaxın media qurumu ilə əməkdaşlıq edirəm. Müsahibələr verirəm, televiziyaya və radiolara dəvət olunuram. Təhsil sahəsində hazırda tanınan 4-5 təhsil ekspertindən biri olaraq qəbul olunduğumu düşünürəm. Bu, həm də Elm və Təhsil Nazirliyinin müxtəlif layihə və tədbirlərinə dəvət edilməyimlə özünü göstərir. Bu münasibətlə Nazirliyə də təşəkkür edirəm. Qeyd etmək istəyirəm ki, Nazirliklə rəsmi əməkdaşlığım yoxdur. Onların müsbət qərarlarını dəstəkləyir, mənfi halları isə obyektiv şəkildə tənqid edirəm. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi həm təqdir, həm də tənqiddən nəticə çıxarmağı bacaran bir qurumdur. Eyni mövqeyi Dövlət İmtahan Mərkəzinin qərarlarına da tətbiq edirəm.
Mənim üçün əsas prioritet doğruluq və dürüstlükdür. Bu zamana qədər heç kimi aldatmamışam, heç kimin haqqına girməmişəm. Təhsil haqqında qanunvericiliyi yaxşı bildiyim üçün bu çərçivədən kənara çıxmamağa çalışıram. Bu da vətəndaşlar tərəfindən müsbət qarşılanır. İxtisas seçimi, transfer, diplom tanınması və digər istiqamətlərdə göstərdiyim xidmətlər zamanı həmişə açıq və dürüst mövqe sərgiləmişəm. Əgər bir gəncin qəbul ola bilməyəcəyini dəqiq bilmişəmsə, bunu açıq demişəm. Aldatma yolu ilə heç vaxt xidmət göstərməmişəm.
Sosial platformalarda da eyni yanaşmanı nümayiş etdirmişəm. Məsələn, Ukraynada təhsil alanların diplomlarının tanınması ilə bağlı Elm və Təhsil Nazirliyinin rəsmi qərarı olduğu halda, bəzi səhifələrdə “Ukraynaya qəbul -diplomlar tanınır” kimi yanlış reklamlar paylaşılır. Mən bu cür halları sərt şəkildə tənqid edir və izləyicilərimi məlumatlandırıram. Vətəndaşlar da araşdırma apararkən təqdim etdiyim məlumatların doğru olduğunu görür və bu da mənim nüfuzuma müsbət təsir göstərir.
Gələcəkdə həm sizinlə, həm də media qurumları ilə uzunmüddətli və səmərəli əməkdaşlığa ümid edirəm. Əsas məqsədim təhsil sahəsindəki bilik və təcrübəmi ictimaiyyətə çatdırmaq, düzgün informasiya ilə insanlara yol göstərməkdir.
Sonda bir daha qeyd etmək istəyirəm ki, AzEdu.az ailəsini özümə doğma bilirəm. Təhsil ekspertliyi müsabiqəsinin qalibi olduğum vaxtda göstərilən dəstəyi heç vaxt unutmuram. Bir daha AzEdu.az Təhsil Portalının rəhbərliyinə və dəyərli komandasına səmimi təşəkkürümü bildirirəm".