“Qarabağ” futbolçuları Çempionlar Liqasının 2025/26 mövsümünün II təsnifat mərhələsinin cavab oyununda Dublinin “Şelburn” klubu üzərində minumum hesabla qələbə qazanıb.
Oxuməni.az-ın məlumatına görə, “Tofiq Bəhramov” adına Respublika stadionunda baş tutan qarşılaşma Azərbaycan klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşü İtaliyalı baş hakim Andrea Kolombonun rəhbərlik etdiyi hakimlər brigadası idarə edirdi.
Qarşılaşmada hesab ilk hissənin 44-cü dəqiqəsində açıldı. Künc zərbəsindən sonra top Kadinin qarşısına düşdü. O, sol cinahda rəqibini aldadaraq cərimə meydançasına daxil olaraq ötürmə etdi, top rəqib komandanın oyunçusu Con Martinə dəyib qapıya daxil oldu - 1:0.
Matçın ikinci hissəsində “Qarabağ”ın brazilyalı yarımmüdafiəçisi Kadi 68-ci dəqiqədə rəqib qapısına təyin edilmiş penaltini vura bilmədi. Kadinin zəif zərbəsini qapıçı qaytardı. Özünü topa yetirən Cəfərquliyevin zərbəsindən sonra isə top qapının üstündən keçdi. Nəticədə oyun 1:0 hesabı ilə meydan sahiblərini xeyrinə başa çatdı.
Beləliklə, “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsinə keçdi, həmçinin Konfrans Liqasının əsas mərhələsində iştirakını təmin etdi.
Futbol üzrə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ının rəqibi Rumıniya FKSB-ni 2-ci turda iki oyunun cəminə (1:0, 2:1) məğlub edən Şimali Makedoniyanın “Şkendiya” klubudur.
“Qarabağ” – “Şkendiya” matçları avqustun 5/6 və 12/13-də keçiriləcək. Dəqiq tarix və oyun vaxtı bu gün açıqlanacaq. "Qarabağ"ın ilk oyununu səfərdə keçirəcəyi planlaşdırılır.
Almaz Həsənli