Arxeoloqlar Xorvatiyada, Roma imperiyasının Dunay çayı boyunca uzanan sərhədi olan limesin müdafiəsi üçün romalılar tərəfindən tikilmiş 1800 illik gözətçi qülləsinin qalıqlarını tapıblar...
Poliqon xəbər verir ki, bununla bağlı məlumat Live Science saytında dərc olunub.
Qeyd edilir ki, qazıntı sahəsində tapılan Roma artefaktları - o cümlədən hərbi təchizat, broşlar və keramika qablar - bu gözətçi qülləsinin eramızın II əsrinin sonunda tikildiyini və III əsrdə istifadə edildiyini göstərir.
Zaqrebdəki Arxeologiya İnstitutundan və qazıntı rəhbəri Marko Dizdar bildirib: "Bu eyni zamanda limesə təzyiqin və Markoman müharibəsinin dövrüdür ki, bu zaman Dunay çayı boyunca sərhədin əlavə qorunması tələb olunurdu".
Maraqlıdır ki, Markoman müharibələri zamanı (təqribən 166-180-ci illər) imperator Mark Avrelinin rəhbərliyi altındakı Roma əsgərləri Dunayın şimalında yaşayan german markomanları və müasir Cənubi Rusiya ərazisindən olan, sonradan Mərkəzi və Şərqi Avropaya yayılan köçəri xalq sarmatlar da daxil olmaqla, bir neçə xalqla vuruşublar.
Markoman müharibələri romalıları müasir Şərqi Xorvatiya ərazisində yerləşən Sotin və İlokda düşərgələr və ya qarnizonlar tikməyə sövq edib. Yaxınlarda Moxovo kəndində qazılmış gözetleme qülləsi, ehtimal ki, Dunay limesini qorumaq səylərinin bir hissəsidir.
Dizdar deyib: "Gözətçi qülləsi Dunay çayı üzərindəki keçid yerlərindən birində, strateji cəhətdən vacib bir yerdə tikilib. Bu mövqedən geniş ərazi üzərində əla vizual nəzarət təmin edilirdi və eyni zamanda üç tərəfdən dərin təbii dərələrlə təbii şəkildə qorunurdu".
Alim bildirib ki, gözətçi qülləsinin, təxminən 2-3 kilometr aralıda yerləşən qonşu gözetleme qüllələri ilə böyük ehtimal gözlə əlaqəsi (vizual rabitəsi) var idi: "Çox güman ki, orada bir neçə əsgər var idi ki, təhlükə yarandıqda qüllədən təxminən 12 km aralıda yerləşən İlok və Sotin qarnizonlarına və qonşu gözetleme qüllələrinə xəbər verirdilər".
Arxeoloqlar bu gözətçi qülləsini və təxminən 10 digər obyekti ilk dəfə 2003, 2013 və 2020-2023-cü illərdə Şərqi Xorvatiyada aparılan səhra tədqiqatları zamanı aşkar ediblər.
2020-ci ildə aparılan maqnit müayinəsi – yeraltı strukturları "görmək" üçün maqnit anomaliyalarını xəritələşdirməyə imkan verən qeyri-invaziv üsul – bu sahələrdə ehtimal ki, gözətçi qüllələrinin və kiçik istehkamların qalıqlarının olduğunu göstərir. Nəhayət, 2024-cü ildə Moxovoda aparılan sınaq qazıntıları bunu təsdiqlədi və aprel 2025-ci ildə orada daha genişmiqyaslı qazıntılar aparılır.
Dizdar deyib: "Bu, Xorvatiyadakı limes üzərində sistemli şəkildə tədqiq edilmiş ilk gözətçi qülləsidir. Onların mövcud olduğu güman edilsə də, indiyə qədər onlar haqqında heç nə məlum deyildi".
Maraqlıdır ki, Moxovodakı gözetleme qülləsi təxminən 40 metrə 30 metr ölçülərində idi və yaxşı möhkəmləndirilmişdi. Dizdar izah edib: "O, dərin xəndəklər sistemi və taxta hasarla (palisad) qorunurdu və mərkəzində taxta bina var idi. Belə xəndəklərin hücum edən tərəfindən keçilməsi çox çətin idi və Roma əsgərlərinə daha uğurlu müdafiə üçün kifayət qədər vaxt verirdi".
Qeyd edilir ki, qüllə təmir və modernləşdirmə ehtiyacını göstərən ən azı üç tikinti mərhələsindən keçib. Eramızın IV əsində onu, ehtimal ki, qülləli daha kiçik bir qala (fort) əvəz edib.
Roma tarixinin o dövründə romalılar adətən sarmatlarla ticarəti davam etdiririblər. Lakin Dunay çayına german tayfalarının gəlməsi ilə vəziyyət dəyişdi və sərhədlərin müdafiəsinin gücləndirilməsi zərurəti yaranıb. Buna görə də, IV əsrdən başlayaraq daha böyük qalalar tikilib və döyüşçülərin sayı artırılıb.
Poliqon.info