AZ

Bəhlul Mustafazadə: Onlar Qurban Qurbanovun hədəflərini anlayıblar

BAKI, 31 iyul. TELEQRAF

“Əsas məqsəd Çempionlar Liqasının qrupuna düşməkdir. Komanda olaraq maksimum bunun üçün çalışırıq”.

Bunu Teleqraf-a açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə deyib.

Ağdam təmsilçisinin 28 yaşlı müdafiəçisi bildirib ki, bu mövsüm hədəflərinə çatmaq üçün gücləri var: "Əlimizdən gələni edəcəyik ki, buna nail olaq”.

Mustafazadə UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində İrlandiya təmsilçisi “Şelburn”u üzərində 3:0 və 1:0 hesablı qələbələrlə mərhələ adlamalarından məmnunluq ifadə edib: “Cavab görüşü gərgin keçdi. Növbəti mərhələyə adladığımız üçün xoşbəxtik. Gələcək matçlarda da qələbələr qazanmağa çalışacağıq”.

Dörd ildir “köhlən atlar”ın formasını geyinən Azərbaycan millisinin futbolçusu komandaya yeni gələnlərin adaptasiya prosesindən də danışıb: “Yeni qoşulanların hər biri təcrübəli oyunçulardır. Düşünürəm ki, uyğunlaşma çox da uzun çəkməyəcək. Hesab edirəm ki, onlar baş məşqçi Qurban Qurbanov və komandanın hədəflərini anlayıblar. Zaman keçdikcə daha yaxşı olacaqlarını düşünürəm”.

Qeyd edək ki, “Qarabağ” ÇL-in III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya” ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk matçını avqustun 5-də səfərdə, təkrar qarşılaşmasını isə avqustun 12-də evdə keçirəcək.

Seçilən
27
teleqraf.com

1Mənbələr