AZ

Makronu bu qədər qıcıqlandıran və əsəbləşdirən SƏBƏB NƏDİR? - EKSPERT AÇIQLAYIR

Fransanın Milli Assambleyasında irəli sürülmüş qətnamə anti-Azərbaycan ruhunda hazırlanmış, hüquqi qüvvəsi olmayan sadəcə bir kağız parçasıdır.
Bu qətnamə qəbul edilsə belə, heç bir hüquqi nəticə doğurmur. Lakin, istənilən halda bu sənəd Fransanın siyasi dairələrinin Azərbaycana qarşı apardığı ardıcıl avantürist siyasətin və ikili standartlara əsaslanan mövqeyinin bariz nümunəsidir. Maraqlı məqamlardan biri də odur ki, uzun illər özünü ATƏT-in Minsk Qrupunun həmsədri və neytral vasitəçi kimi təqdim edən Fransa, əslində birtərəfli şəkildə Ermənistanın müdafiəçisi qismində çıxış edib. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin "vasitəçilik" adı altında illərlə aldadılması deməkdir.

Bu sözləri “İki sahil”ə açıqlamasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O bildirib ki, Fransa Milli Assambleyasında qəbul edilən qərəzli sənədlər və bu istiqamətdə atılan addımlar təsadüfi deyil – onların arxasında birbaşa prezident Emmanuel Makronun rəhbərlik etdiyi siyasi hakimiyyət dayanır. Əgər Makron bu siyasəti dəstəkləməsəydi, Paris şəhərinin mərkəzində qondarma “Artsax Respublikasının nümayəndəliyi” bu gün də fəaliyyət göstərə bilərdimi? Bu sual özü Fransa dövlətinin siyasi mövqeyindəki qeyri-obyektivliyi və ikili standartları açıq şəkildə ortaya qoyur. Eyni zamanda, bu davranış Fransanın Azərbaycanın suverenliyinə münasibətində ciddi suallar doğurur.

Qətnamədə yer alan növbəti əsassız ittihamlardan biri, Qarabağdan könüllü şəkildə çıxan erməni sakinlərin guya “zorakılıqla qovulması” iddiasıdır. Halbuki bu iddia reallıqla heç bir şəkildə uzlaşmır. Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin sentyabrında bölgəyə göndərdiyi faktaraşdırıcı missiya öz hesabatında açıq şəkildə qeyd edib ki, Qarabağdan çıxan erməni sakinlərə qarşı heç bir təzyiq və ya zorakılıq halı qeydə alınmayıb. Əksinə, həmin şəxslər şəxsi əşyalarını toplayaraq sakit və təhlükəsiz şəkildə ərazini tərk ediblər. Hesabatda məcburi köçkünlük və ya zorla çıxarılma hallarına rast gəlinmədiyi xüsusi vurğulanır. Bu mövqe təkcə BMT ilə məhdudlaşmır. Avropa İttifaqının bir sıra üzv ölkələrinin rəsmi nümayəndələri də Azərbaycanın davranışını beynəlxalq humanitar hüquq çərçivəsində adekvat və məsuliyyətli addım kimi dəyərləndirmişlər.
Bundan əlavə, Azərbaycanın rəsmi olaraq erməni əsilli vətəndaşlar üçün reinteqrasiya planı təqdim etməsi, bu prosesin elektron platformalar üzərindən həyata keçirilməsi üçün konkret addımlar atması da beynəlxalq ictimaiyyət tərəfindən izlənmiş və təqdir olunmuşdur. Azərbaycanın bu məsələdə yeganə tələbi, həmin şəxslərin Azərbaycan vətəndaşlığını qəbul etməsi və ölkə qanunlarına riayət etməsidir.

Cəsarət Hüseynzadə qeyd edib ki, bu gün Makronun rəhbərlik etdiyi Fransa özünü Ermənistandan daha çox Ermənistan kimi aparır. Ermənistan sülh danışıqları prosesində son dövrlə çıxış yolu olmadığı üçün daha yumuşaq mövqe sərgilədiyi bir vaxtda, Fransanın niyyətləri qaranlıq və ziddiyyətlidir. Fransa beynəlxalq siyasi arenada və keçmiş müstəmləkəçi siyasətinin məğlubiyyətini qəbul etmək əvəzinə, bəlkə də Ermənistanı yeni bir "müstəmləkə" kimi təqdim edərək öz maraqlarını sığortalamağa çalışır. Bu isə Cənubi Qafqazda sülhə mane olur.

Fransanın Yeni Kaledoniyada diplomatik məğlubiyyəti Makronu çətin vəziyyətə salıb. Mövcud situasiyada “erməni kartından” istifadə etməklə siyasi nüfuzunu bərpa etməyə çalışan Yelisey sarayı unudur ki, nüfuzunu itirmiş Makron hakimiyyətinin qəbul etdiyi istənilən qətnamənin Azərbaycan üçün heç bir təsir imkanları yoxdur.

Burada bir mühüm məqamı xüsusilə qeyd etmək lazımdır: Emmanuel Makron Cənubi Qafqaz regionuna qayıtmaq, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesində iştirak etmək üçün hər vəchlə çalışır. Lakin Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yürütdüyü müstəqil və prinsipial siyasət nəticəsində Fransa bütün proseslərdən kənarda qalıb.
Azərbaycan və Ermənistan arasında danışıqlar davam edir. Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünün Fransanın iştirakı olmadan baş tutması E. Makronu ciddi şəkildə qıcıqlandırır və əsəbləşdirir.

Azərbaycan regionda davamlı sülhün qurulması üçün regional əməkdaşlıq platformasını təklif edir. Bu platformada iştirak isə Ermənistan üçün yeganə çıxış yolu ola bilər. Artıq görünür ki, Ermənistan hakimiyyəti də bunu anlamağa başlayıb.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
9
ikisahil.az

1Mənbələr