Kaliforniyada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F-35 qırıcısı qəzaya uğrayıb.
News365.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hadisə yerli vaxtla saat 18:30 radələrində Kaliforniyanın Lemur Dəniz Hava Stansiyası yaxınlığında baş verib.
CNN-in məlumatına görə, Hərbi Dəniz Qüvvələri tərəfindən verilən açıqlamada, pilotun ejeksiyon sistemi vasitəsilə təyyarəni təhlükəsiz şəkildə tərk edərək həyatda qalmağı bacardığı bildirilib. Qəzanın səbəbləri ilə bağlı araşdırma başlanıb.
F-35 təyyarəsi, pilotların və ekipajın təlimindən məsul olan “VF-125 zərbə eskadrilyası”na bağlıdır. Hadisə yerindən əldə edilən görüntülərdə təyyarənin düşdüyü ərazidə alov və sıx tüstü müşahidə olunub.
Qeyd edək ki, bu ilin yanvar ayında ABŞ-nin Alyaska əyalətində də bir F-35 döyüş təyyarəsi qəzaya uğramış, lakin pilotun sağ-salamat olduğu bildirilmişdi.