Rusiya ordusu Kiyevə zərbələr zamanı yaşayış binalarını, məktəbləri və xəstəxanaları hədəfə alıb...
Poliqon xəbər verir ki, iyulun 31-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Kiyevi pilotsuz uçuş aparatları və raketlərlə hücuma məruz qoyub. Hücum nəticəsində azı 6 nəfər həyatını itirib, 52 nəfər yaralanıb. Yaralananlar arasında 9 uşaq var, həyatını itirənlərdən biri isə 6 yaşlı oğlan uşağıdır. Bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib. Onun sözlərinə görə, 30 nəfər xəstəxanaya yerləşdirilib.
Raket və PUA zərbələri şəhərin müxtəlif hissələrində — ümumilikdə 27 nöqtədə qeydə alınıb. Kiyevin Svyatoşin rayonunda yaşayış binasının giriş hissəsi dağılıb, Solomensk rayonunda isə bir neçə çoxmərtəbəli binadakı mənzillər zədələnib, avtomobillər yanaraq sıradan çıxıb. Şəhər meri Vitali Kliçko bildirib ki, Qolosiyiv rayonunda məktəb və uşaq bağçası, Şevçenko rayonunda isə uşaq xəstəxanasının pəncərələri zərbə dalğası ilə dağılıb.
Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkədə rus hücumlarının nəticələrini əks etdirən görüntülər yayımlayıb. “Kiyev. Raket zərbəsi. Birbaşa yaşayış binasına. Dağıntılar altında insanlar var. Bütün xidmətlər hadisə yerindədir. Rus terrorçuları”, – deyə o paylaşımında yazıb.
Qeyd edək ki, bu hücum son həftələrdə Kiyevə qarşı həyata keçirilən ən genişmiqyaslı və dağıdıcı hücumlardan biri hesab olunur. Hücumun əsas hədəflərindən birinin mülki infrastruktura çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən kəskin tənqid edilib.
Poliqon.info