Ümumi ( 9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi iyulun 31-dən avqustun 7-si saat 23:59-dək internet vasitəsilə aparılacaq.
Dövlət İmtahan Mərkəzindən Mia.az-a bildirilib ki, ixtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər.
2025/2026-cı tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında nəşr olunub.
Qeyd edək ki, 2025-ci ildə orta ixtisas təhsili müəssisələrinə tələbələrin qəbul olması üçün 8144 plan yeri ayrılıb. Ötən il müvafiq göstərici 10930 yer idi. Bu il qeydiyyatdan keçən və müsabiqə şərtini ödəyən 24059 abituriyent ixtisas seçiminə buraxılıb. Ötən il isə 27743 nəfərin müsabiqədə iştirak hüququ var idi. Abituriyentlərin nəzərinə çatdırırıq ki, ötən il olduğu kimi, bu il də müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı qeydiyyatdan keçməyən abituriyentlərə 31 iyul – 7 avqust tarixlərində qeydiyyatdan keçib ixtisas seçimində iştirak etməyə icazə verilir. Ona görə də ixtisas seçimində iştirak edən abituriyentlərin sayının daha da artacağı gözlənilir.
Abituriyentlər ixtisas seçimi ilə bağlı DİM-in “Abituriyent Məsləhət Mərkəzləri”nə də müraciət edə bilərlər. Müsabiqə iştirakçılarına Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat, Texniki Universitetdə, Sumqayıt Dövlət Universitetində, Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetində, və DİM-in regional bölmələrində yerləşən “Abituriyent Məsləhət Mərkəzləri”ndə ödənişsiz kömək göstərilir.