AZ

GAZAP və HAYALET: Türkiyənin yüksək dağıdıcı gücə malik yeni nəsil bombaları

Türkiyə Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi IDEF 2025 sərgisi çərçivəsində Türkiyənin ən yüksək dağıdıcı gücünə malik təyyarə bombası olan MK-84 GAZAP-ı təqdim etdi. MSB AR-GE eyni zamanda NEB HAYALET bombalarını da sərgilədi.

GAZAP: Termobarik təsirdə yeni mərhələ

MSB AR-GE tərəfindən hazırlanan GAZAP bombası 2000 funt (970 kq) çəkidə termobarik quruluşa sahibdir. Partlayış anında ətraf mühitə 10 min ədəd xüsusi formalaşdırılmış qəlpə yayaraq maksimal dağıdıcı təsir göstərir. Bu qəlpə sıxlığı kvadrat metrə 10,6 qəlpə düşməsi deməkdir ki, bu da NATO standartı olan MK-84 bombalarından təxminən üç dəfə çoxdur. Bu xüsusiyyət geniş sahədəki hədəfləri sıradan çıxarmaq baxımından böyük üstünlük təmin edir. GAZAP mövcud MK-84 tuşlama dəstləri ilə tam uyğunluqlu şəkildə dizayn olunub.

NEB HAYALET bombaları 90 metr dərinliyə nüfuz edir

IDEF 2025-də təqdim edilən digər mühüm sursat NEB-1 HAYALET və NEB-2 HAYALET oldu. MSB AR-GE Mərkəzinin müdiri Nilüfer Kuzulunun verdiyi məlumata görə, bu bombaların nüfuz gücü analoqlarından xeyli üstündür. Yüksək möhkəmlikli C50 beton və gücləndirilmiş poladlarla örtülmüş hədəflər üzərində aparılan sınaqlarda HAYALET 7 metrdən artıq nüfuz gücünü göstərib. Hətta 1,5 tonluq beton blokları keçərək qum maneələrinə qədər irəliləyib. Bu nəticələr 2000 funtluq beynəlxalq standart sursatların 1,8- 2,4 metr nüfuz gücünü aşıb.


Sınaqlar C50 sinifli beton üzərində aparılıb. Bu tip beton körpü keçidi, körpü və nüvə obyektləri kimi strateji infrastrukturlarda istifadə olunur. Uçuş sınaqlarında HAYALET 90 metrlik qaya qatını deşib keçərək gücünü və dəqiqliyini sübut edib. Sursat artıq kalifikasiya və sertifikatlaşdırma mərhələlərini tamamlayıb və TSQ-nin inventarına daxil olmağa hazırdır.

180 kilometrlik “hava-hava” raketi

MSB AR-GE-nin fəaliyyət sahəsi yalnız bombalarla məhdudlaşmır. Nilüfer Kuzulu layihə mərhələsində olan “hava-hava” raketi haqqında da məlumat verib. Raketin tuşlama sistemləri tamamlanıb və hədəf 180 kilometrlik məsafəyə çatmaqdır. İlin sonuna qədər 401-ci Eskadrilyada ilk atış sınaqlarının keçirilməsi planlaşdırılır.


Müqayisə üçün, ABŞ istehsalı AIM-120D AMRAAM raketinin mənzili 160 km-dir. Avropa istehsalı “Meteor” raketi 200 km və daha çox məsafəyə çata bilir. Çinin PL-15 və ABŞ-nin JATM AIM raketləri də 200 km-dən artıq mənzilə malikdir.

Dəyanət Ağalarlı
Ordu.az

Seçilən
5
herbiand.az

1Mənbələr