Kənd həyatından bəhs edən yazılar -1929-1940-cı illərin əhatəsi
Ümumiyyətlə, Arçut kəndi haqqında o dövrün yazılarının başlıca məğzi, qayəsi sosializm, bölşevizm ideyalarının cəmiyyətdə tətbiqindən və inkişafından ibarət idi. Kolxoz təsərrüfatının gəliri, kolxozların genişləndirilməsi, torpağa məxsusi diqqət, kəndlinin torpağa bağlanması, kollektiv təsərrüfatın, birgə əməyin genişləndirilməsi, zəhmətin dərinləşdirilməsi haqqında yazılar məqalələrdə diqqəti çəkirdi. Zəhmət və kəndli, əməkçi məfhumarının harmonik vəhdəti diqqəti çəkirdi. “Qabaqcıl təsərrüfat”, “Sosializm yarışları”, “varlı kolxoz”, “varlı kəndli” kimi ideyalar zamanın mühüm prinsiplərini və şərtlərini özündə ehtiva edirdi. Qəzetlərin səhifələrini vərəqləyərkən bu kimi yazılar diqqəti çəkir. Eləcə də Arçut kəndi haqqında yazılanlar həm yığcamlığı, həm də qısa və aydın məzmunluğu ilə mühüm əhəmiyyət kəsb edirdi. Məqalələr Arçutun o zamankı ruhunu indiki və gələcək nəslin yaddaşında olduğu kimi həkk edirdi. Bununla da o zamanın xarakterik xüsusiyyətləri indiki nəsl üçün tanıçş olmaq və öyrənmək baxımından mühüm bir obeykti təşkil edir.
Arçut kəndi- 1939-cu ilin nəşrlərinin səhifələrində
“Qommunist” qəzetinin 9 iyun 1939-cu il tarixli, N156 (2476) sayında, Məmməd Əliyevin imzası ilə “Ot biçininə başlanıldı” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun bir sıra kəndlərində ot biçininə hazırlıq işlərinə başlamışdırlar. Rayonun Şahalı kənd kolxozu bütün imkanlardan istifadə edərək, ot biçininə başlamışdır. Bütün kolxozçular çöl işlərinə cəlb olunmuşdurlar. İndiyə qədər kolxozda 81 hektar ot biçilmişdir. Kolagirən kənd kolxozu da Şahalı kənd kolxozundan geri qalmayaraq indiyə qədər 37 hektar ot biçilmişdir. Rayonun Arçud, Həmzəçimən, Hallavar, Yaqublu və sairə kənd kolxozları dəxi ot biçini işləri üçün lazımi hazırlıq işləri aparırlar”.
“Qommunist” qəzeti 12 iyul 1939-cu il tarixli, N145 (2479) sayında, M. Əliyevin imzası ilə “Qultur sovet ticarəti uğrunda” başlıqlı məqalədə yazırdı: “Kirovakan rayonunun Qışlaq padrayon kooperativində qultur sovet ticarəti sahəsində parlaq nəticələr əldə olunmuşdur...Padrayon kooperativ işçiləri tədarüklərin ödənilməsi işində də ciddi çalışırlar...Padrayonun bir sıra qabaqcıl kooperativ işçiləri öz vəzifələrində namusla çalışırlar...Rayonun Arçud kənd kooperativ Hidayət Xəlilov qultur sovet ticarətini genişləndirmək sahəsində nümunəvi iş aparır. Bu kooperativ mal dövriyyəsi planını 145 prosentlə ödəmişdir. Kooperativdə olan bütün mallar səliqə ilə yığılmış və malların qiymətləri öz üzərlərinə vurulmuşdur. Padrayonun Xancığaz, Kilsə, Hallavar, Bozavdal kənd kooperativ işçiləri dəxi qultur sovet ticarətinin genişlənməsi sahəsində nümunəvi iş aparırlar”
“Qommunist” qəzeti 22 iyul 1939-cu il tarixli, N167(2487) sayında, Məmməd Əliyevin imzası ilə “Kirovakan rayon kolxozları məhsul yığımına nümunəvi hazırlaşırlar” başlıqlı məqalədə yazırdı: “Rayonun bir çox kəndlərində məhsul toplanışına nümunəvi hazırlaşırlar. Rayonun Arçud kənd 26-lar adına kolxozunun sədri, Ümumittifaq kənd təsərrüfatı sərgisinə namizəd qeyd olunmuş Oruc İsayev yoldaşın namusla çalışması nəticəsində kolxoz bu il məhsul toplanışına keçən illərə nisbətən daha mütəşəkkil hazırlaşmışdır. Bu kolxozda gəm. 32 araba, 8 taxıl sovuran maşın, 280 kərənti, 350 dırmıq keyfiyyətli bir surətdə təmir olunub qurtarmışdır. Kolxozda ot biçininə başlanmış və bir gündə 39 hektar sahənin otu biçilmişdir. Ot biçinində kolxozçulardan Məmməd Abdulla oğlu, Musa Qasımov və Məhərrəm Hüseynov öz nümunəvi çalışmaları ilə gözə çarpırlar. Məhsul toplanışı münasibətilə kolxozun bütün briqadirləri arasında sosyarış müqavilənamələri bağlanmışdır. Kolxozun briqadirlərindən Şəmsi Ələskərov, Nəbi Nəbiyev və Hacı Binnətov öz işlərini yaxşı təşkil etmişlər. Kolxozun inventarlarının təmin olunmasında ustalardan Mustafa Emin oğlu və Hüseyn Əmiraslan oğlu keyfiyyətli iş görmüşlər. Kolxoz məhsulu daşımaq üçün bütün kənd şurası və tarla arası yolları təmir etdirmişdir. Burada biçilən taxılı tez daşıyıb döymək üçün 4 xırman hazırlanmışdır. Xırmanı yanğından mühafizə etmək üçün yanğın dəstələri ayrılmış və bütün xırmanlarda su quyuları hazırlanmışdır. 26 kommunarlar adına kolxoz məhsul toplanışı münasibətilə Xancığaz kənd kolxozu ilə sosyarış müqavilənaməsi bağlamışdır. Məhsul toplanışı işinə kolxozun partiya təşkilatçısı Rəsul İskəndərov yoldaş dəxi yaxşı başçılıq edir...”
1940-cı ilin nəşrlərinin səhifələrində
“Sovet Ermənistanı” qəzetinin 4 yanvar 1940-cı il tarixli, N3 (2623) sayında, “Donuzçuluğun inkişafına xüsusi diqqət verilir” (müəllif M.Ə) yazılırdı: “Kirovakan rayonunun partiya və sovet təşkilatları rayonda donuzçuluq təsərrüfatının genişləndirilməsinə xüsusi fikir verirlər. Rayonun ayrı-ayrı kolxozlarında keçən il 10 yeni donuzçuluq fermaları təşkil edilmişdir. Bundan başqa bir sıra donuzçuluq fermalarında donuzların sayı xeyli artmışdır. Arçud kənd “26-lar” adına kolxozda təşkil olunmuş donuzçuluq fermasında donuzların bəslənilməsi işi zootexniki göstəricilər üzrə aparılır. Kolxoz sədri Oruc İsayev yoldaş kolxozun donuzçuluq fermasını daha da genişləndirmək üçün 1270 manat əlavə olaraq pul ayrımışdır...”
Qəzetin 5 yanvar 1940-cı il tarixli, N4 (2624) sayında, “Savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşlar” (müəllif: M.Ə.) yazılrıdı: “Kirovakan rayonu Xancığaz kənd məktəbinin direktoru Həsən Qorçuyev savadsızlığın ləğvi sahəsində nümunəvi çalışır. Qorçuyev yoldaş kəndin savadsız və az savadlılarını savad kurslarına cəlb etmişdir. Burada təşkil olunmuş savad kursuna 128 nəfər savadsız və az savadlılar cəlb edilmişdir ki, onların da 68 nəfəri qadındır. Kurslar tamamilə dərs ləvazimatı ilə təmin edilmişdir. Həsən Qorçuyev rayonun Arçud məktəb direksiyası ilə sosializm yarış müqavilənaməsi bağlamışdır. Sosyarışda göstərilən maddələr yoxlanılır və ardıcıl surətdə həyata keçirilir...”
Qəzetin 5 yanvar 1940-cı il tarixli, N4(2624) sayında, Məmməd Əliyevin imzası ilə “İki məktəbin yarışı” adlı məqalədə yazılırdı: “Kirovakan rayonunun məktəbləri yüksək dərs keyfiyyəti uğrunda mübarizəyə qoşulmaqla sosyarış işlərini genişləndirmişlər. Rayonun bütün məktəbləri bir-birilə sosializm yarışı müqavilənaməsi bağlayaraq, sosyarışda göstərilən maddələrə ciddi surətdə riayət edirlər. Rayonun bütün məktəbləri sosyarışına qoşulduqları kimi, həmin rayonun Xancığaz məktəbi ilə Arçud kənd məktəbləri arasında sosyarış müqavilənaməsi imzalanmışdır. Sosyarışında göstərilən maddələr ardıcıl surətdə yoxlanılır. Yarış müqavilənaməsində məktəbdə kommunist tərbiyəsi işini daha yüksək tutmaq, iki il bir sinifdə qalmağa qarşı mübarizəni canlandırmaq, dərs keyfiyyətini yüksəltmək və başqa bu kimi konkret maddələr göstərilmişdir. Hər iki məktəbin müəllimlər kollektivinin yaxşı çalışması nəticəsində məktəblərdə əlaçı şagirdlərin miqdarı artır. Arçud məktəbində 47 əlaçı, Xancığaz məktəbində isə 43 nəfər əlaçı şagird vardır. Əlaçı şagirdlərdən Hüseyn İsmayılov, Əhməd Rəfiyev, Qara Rəfiyev, Mədinə Qaraqızı (Arçud) və başqaları öz əlaçılıqlarını saxlamaqla yoldaşlarına da yaxından kömək edirlər. Məktəblərdə ikinci rübün planlarının ödənilməsi uğrunda dönüş yaradılmışdır. Müəllimlər öz dərs planlarını ödəmək və şagirdlərin mənimsəmə faizini artırmağı özlərinin şərəf işi etmişlər. Qeyd etmək lazımdır ki, məktəblərdə rus dilinin öyrənilməsinə xüsusi fikir verilir. Rus dili dərsi üzərə şagirdlər bütün dərs ləvazimatı ilə təmin edilmişdir. Məktəblərdə şagirdlər üçün bir sıra dərnəklər təşkil olunmuş və dərnələrdə məktəblilərin iştirakı təmin edilmişdir. Şagirdlərin məktəb kitabxanasından istifadə etmələri qaydaya salınmış və beləliklə də hər iki məktəbin şagirdləri sistematik olaraq kitabxana kitablarından istifadə edirlər. Məktəblərin direksiyaları sosyarışda göstərilən maddələrin nümunəvi surətdə həyata keçirlməsi üçün ciddi çalışırlar”.
Qeyd: məqalələri oxuyan hər bir Arçutlu adlara rast gəldikcə, bir tərəfdən öz keçmişini yada salır. Əslindən-nəslindən olanına, ulu baba və nənələrinin adlarına rast gəlir. Bununla da kimliyini dərk edir. Digər tərəfdən də tarixini öyrənir. Keçmişinə bir ekskursiya edir. Baxışlarını zənginləşdirir. Qəzetlərdə yazılmış məqalələr o zamankı jurnalistikanın ruhunu yaxından dərk etməyə imkan verir. Yazı stili və üslubu barədə məlumat əldə etmiş olur. O zamankı məqalələrdə yazı üslubunun sadə olması diqqəti çəkir.
“Sovet Ermənistanı” qəzetinin 16 yanvar 1940-cı il tarixli, N13 (2633) sayında, Əhmədov Əmirin müəllifliyi ilə “Qəzetlərin yayılışını daha da genişləndirmək” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun Hallavar kənd tam orta məktəbində 300-ə qədər şagird olduğuna baxmayaraq burda yalnız 20 nüsxə qəzet alınır ki, bundan da 9-u müəllimlərindir. Məktəbin istər müəllimlər kollektivi və istərsə də məktəbin ilk komsomol təşkilatı məktəblilər arasında qəzetlərin yayılması işinə yaxından başçılıq etmirlər. Məktəbdə olan komsomolçulardan heç biri qəzet almır. Kənddə olan klubda dəxi lazımi qəzetlər alınmır. Kəndin partiya və sovet təşkilatları kolxozçular arasında qəzetlərin yayılmasını yaxşı təşkil etməmişlər. Rayonun Heydarlı kəndində 150 nüsxə “Sovet Ermənistanı”, 10 nüsxə “Qommunist” (rusca) və 7 nüsxə “X. Hayastan”, 5 nüsxə isə “Stalinets” alırlar. Arçud kənd tam olmayan orta məktəbində 270 şagird vardır ki, bunların hamısı qəzetə abunəçidirlər. Hallavar kənd məktəbi Arçud məktəbindən nümunə götürməli və şagirdlərin abunə məsələsini yaxşı təşkil etməlidir”. Həmin qəzetin 27 fevral 1940-cı il tarixli, N47 (2667) sayında, Məmməd Əliyevin imzası ilə “Kirovakan rayonunda rəhbər partiya orqanlarının hesabat seçkisi” başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “Rəhbər partiya orqanlarının seçkilərini nümunəvi təşkil etmək və seçkilər zamanı şəxsi tənqid və özünütənqidi bolşevikcəsinə genişləndirmək lazımdır. Yerlərdə ilk partiya təşkilatlarının hesabat-seçki yığıncaqlarını mütəşəkkül keçirmək üçün Kirovakan rayon partiya komitəsi bürosu partiya aktivindən ilk partiya təşkilatlarına 31 nəfər təhkim etmişdir...Rayonun ilk partiya təşkilatlarında fevral ayının 16-dan rəhbər partiya orqanlarının hesabat-seçki yığıncaqlarının keçirilməsinə başlanılmışdır. Rayonun Arçud kənd ilk partiya təşkilatının hesabat zamanı 7 nəfər çıxış edərək olan nöqsanları tənqid etmişdir. Çıxış edənlərdən Mürsəl İsmayılov göstərmişdir ki, partiya təşkilatı savadsızlığın lğvi sahəsində çox az iş görmüşdür. Savadsızlar savad kurslarına tamamilə cəlb olunmuşlar. Burada müdafiə işlərini öyrənmək məsələsi tamamilə unudulmuşdur. Osoaviaxim təşkilatının iclasları vaxtlı-vaxtında olmadığı kimi, hərbi məşğələlər də keçirlməmişdir. Qeyd etmək lazımdır ki, partiya təşkilatının komsomol təşkilatına köməyi yarıtmaz olmuşdur. Həmin yığıncaqda hesabat məruzəsi üzrə çıxış edənlərdən Oruc İsayev göstərmişdir ki, partiyamızın XVIII Qurultayından sonra partiya sıralarına qəbul işləri yaxşı təşkil edilməmişdir. Partiyaya qəbul edilənlər individual surətdə yoxlanılmırlar. Bu ilk pariya təşkilatında qadınların partiya sırasına qəbul işi tamamilə yarıtmazdır. Namizədlər (qandidatlar) partiya üzvlüyünə öz vaxtında dəyişdirilmir. Partiya üzvlüyünə kandidat İsmayıl Ələskərov yoldaş 1931-ci ildən partiya üzvlüyünə namizəddir. Onun partiya üzvlüyünə qəbul edilməsi məsələsi ilə ilk partiya təşkilatı konkret məşğul olmamış və bu səbəbdən də Ələskərov indi də kandıdatdır. Çıxış edən digər yoldaşlar dəxi bir sıra nöqsanların olduğunu göstərmişlər. Göstərilən nöqsanların aradan qaldırılması üçün konkret göstərişlər verilmişdir. Çıxışlardan sonra yığıncaq qapalı (gizli) səsverməklə yeni seçki keçirmişdir...”
Qəzetin 12 mart 1940-cı il tarixli, N59 (2679) sayında, Məmməd Əliyevin imzası ilə “Tarlaların gübrələnməsinə başlandı” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun kolxozları yaz əkininə nümunəvi hazırlaşırlar. Rayonun bir sıra kolxozları tarlalara yerli gübrə daşımaq işinə başlamışlar. Rayonun Arcud kənd 26-lar adına kolxozu fevral ayının 25-dən tarlalara yerli gübrə daşımaq işinə başlamışdır. Kolxozçuların namusla çalışmaları sayəsində bir gün ərzində 14 hektar əkin sahəsi yerli gübrə ilə gübrələnmişdir. Kolxoz 2500 ton yerli gübrə əvəzində, 3400 tonn daşımağı qərara almışdır. Tarlaların gübrələnməsində kolxozun qabaqcıl briqadirlərindən Hidayət Xəlilov, Məhərrəm Alıyev və Nəbi Nəbiyev yoldaşlar öz işlərini yaxşı əsaslar üzrə qurmuşlar. Kolxozçulardan Əhməd Osmanoğlu, Mustafa Abdullayev, Hacıkərim İbrahimov, Nadir Məmmədov və başqaları yaz əkin işində namusla çalışırlar...” Qeyd: məqalələrdə əksini tapan faktlarla kənd və kolxoz rəhbərliyini, təsərrüfat rəhbərliyinin kimliyini müəyyən etmək olar. Bununla da hesab etmək olar ki, kəndin idarəçiliyi haqqında tarixi biliklər bu yazılarda həkk olunub.
Qəzetin 20 mart 1940-cı il tarixli, N66 (2686) sayında, Məmməd Əliyevin imzası ilə, “Kənd təsərrüfat qabaqcıllarının zəngin iş təcrübəsi” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunun kənd təsərrüfatı qabaqcılları, Üçüncü Stalin Beşilliyi adına sosializm yarışına qoşularaq ölkə ilə daha çox məhsul vermək uğrunda namusla çalışırlar. Keçən il rayonun qabaqcıl kolxoz rəhbərlərindən, briqada və zveno başçılarından, zərbəçi və staxanovçu kolxozçularından 31 nəfər Ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmişdir. Bunlar orada gördüyü zəngin iş təcrübələrini praktiki olaraq kolxoz təsərrüfatlarında tətbiq etmişlər. 1940-cı ildə ümumittifaq kənd təsərrüfatı sərgisində iştirak etmək üçün rayonun kənd təsərrüfat qabaqcılları tərəfindən indiyə kimi 97 ərizə verilmişdir. Verilən ərizələrə rayon sovetinin icraiyyə komitəsində baxılaraq 64 nəfər təsdiq edilmişdir. Bunlardan 36 nəfəri meyvəçilik qabaqcıllarıdır...Rayonun Arçut kənd kolxoz sədri Oruc İsayev yoldaş UİKT sərgisində kandidat qeyd olunmuşdur. O, yüksək məhsuldarlıq uğrunda mübarizəyə qoşularaq yaz əkin kampaniyası işində ciddi çalışır. Bu kolxoz yaz əkininə hərtəfli hazırdır. Kolxozun staxanovçusu UİKT sərgisinə kandidat Hacı Məmməd oğlu bağçılıq təsərrüfatını genişləndirmək məqsədilə öz üzərində bir çox yeni təəhhüdlər götürmüşdür. O, keçən il ağacları aqrotexniki qaydalar üzrə becərdiyindən yeni salınmış bağlardan 3 hektarı bu il meyvə verəcəkdir. Bağçılıq işçiləri arasında sosyarış və zərbəçilik genişlənmiş və ayrı-ayrı işçilər arasında sosyarıış müqavilənamələri bağlanmışdır. Sosyarış müqavilənamələrində göstərilən maddələr ardıcıl olaraq yoxlanılır...”
“Sovet Ermənistanı” qəzetinin 5 iyun 1940-cı il tarixli, N129 (2749) sayında, Məmməd Əliyevin imzası ilə “Kirovakan kolxozları yaylağa çıxmaq qarşısında” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunn ayrı-ayrı kolxozlarında bu il keçən ilə nisbətən ictimai heyvandarlığın inkişafı sahəsində xeyli dönüş vardır. Rayonun bir sıra kolxozlarında yeni fermalar təşkil edilmişdir. Rayonun Arçud kənd 26-lar adına kolxozu bu il yaylağa çıxmaq işinə daha mütəşəkkil hazırlaşmışdır. Kolxoz ferma heyvanlarının artmasını və yeni qoyunçuluq fermasının təşkilini nəzərə alaraq, dağda heyvanların saxlanılması üçün yeni binalar və başqa uyğunluqlar yaratmışdır. İnəkçilik fermasının işçilərindən Binnət Vəli oğlu, Nəsib İskəndərov, İslam Qoçayev və başqaları yaylaq işlərinə nümunəvi hazırlaşmışlar. Arçud kənd kolxozu yaylaqda olan komları qultur şəkilə salmışdır. Komlar və heyvan damları vaxtında təmir edilib istifadəyə verilmişdir. Kolxoz sədri Oruc İsayev yoldaş ictimai heyvandarlığı inkişaf etdirmək sahəsində əldə etdiyi nailiyyətlərinə görə 1940-cı il UİKT sərgisində iştirak etmək üçün kandidat təsdiq edilmişdir. Kolxozçuların yaylaqda qultur istirahət etmələri üçün bir sıra uyğunluqlar yaradılmışdır. Kolxozçuların yaylaqda olan binlaraı dəxi təmir edilmişdir. Yaylaqlarda aqitasiya işini canlandırmaq üçün kolxoz partiya təşkilatı tərəfindən kolxoz fermasına kolxozçuların obalarına 5 nəfər hazırlıqlı aqitatorlar təhkim edilmişdir. Aqitatorların görəcək işləri haqqında partiya təşkilatı tərəfindən sistematik göstərişlər verilir...”
Qəzet 19 noyabr 1940-cı il tarixli, N269 (2889) sayında, “1940-cı il Ümumittifaq kənd təsərrüfatı sərgisi iştirakçılarının təltif edilməsi və mükafatlandırılması haqqında Ümumittifaq kənd təsərrüfatı sərgisi Baş Qomitetinin 1940-cı il 4 noyabr tarixlı qərarı”nı dərc etmişdi. Qərarda deyilirdi: “Ermənistan SSR üzrə. Kənd təsərrüfatında görkəmli müvəffəqiyyətləri və Ümumittifaq kənd təsərrüfat sərgisi iştirakçıları üçün müəyyən edilmiş göstəriciləri artıqlaması ilə yerinə yetirdiklərinə görə verilsin:...1940-cı il Ümumittifaq kənd təsərrüfat sərgisi iştirakçıları-kolxoz sədrləri, maşın-traktor stansiyaları və sovxozlar dierktorları ən yaxşı iş nümunələri göstərən kənd təsərrüfat mütəxəssisləri, qabaqcılları və təşkilatçıları təltif edilsinlər:...Xırda gümüş medalla... 29. Oruç Cəbrayıl oğlu İsayev. Kirovakan rayonu, 26 Komissarlar adına kolxozun sədri.
Eyniadlı qəzetin 28 noyabr 1940-cı il tarixli, N277 (2897) sayında, M.Əliyevin imzası ilə “Kirovakan rayon kolxozlarında qoyunların cüftləşdirilməsi yaxşı təşkil edilmişdir” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayon kolxozları qoyunçuluq təsərrüfatının inkişafı işində əldə etdikləri müvəffəqiyyətləri qat-qat artırmaq üçün ciddi mübarizəyə qoşulmuşdur. Bu məqsədlə ayrı-ayrı qoyunçuluq fermaları arasında sosializm yarışı müqaviləsi bağlanmışdır. Yarışda göstərilən maddələrin icrası ardıcıl olaraq yoxlanılır...Rayonun Arcud kənd kolxozunda qoyunların cins qoçlarla cüftləşdirilməsi başa çatdırılmışdır. Burada qoyunlar tamamilə merinos qoçlarla cüftləşdirilmişdir. Qoyunlar üçün yem bazası yaratmaq və təmir etmək işləri başa çatdırılmışdır...”
Qəzetin 8 dekabr 1940-cı il tarixli, N285(2905) sayında, M.Əliyevin imzası ilə “Kirovakanlıların sevinci” başlıqlı məqalədə yazılırdı: “Bu son günlərdə Kirovakan rayonunun kənd təsərrüfat qabaqcılları, ÜİKTS Baş Komitəsi tərəfindən təltif olunanlar öz diplom, medal və qramotalarını almışlar... Arcud kolxozunun sədri Oruc İsayev və Gözəldərə kəndinin adlı-sanlı ovçusu Vəli Mustafayev yoldaşlar xırda gümüş medal almışlar. Rayonun 11 kolxozuna kənd təsərrüfatı sahəsində əldə etdikləri müvəffəqiyyətlərə görə ÜİKTS Baş Komitəsi tərəfindən diplom verilmişdir”.
Qəzetin 20 dekabr 1940-cı il tarixli, N295 (2916) sayında, Məmməd Əliyevin imzası ilə “Komsomol sıraları işdə qabaqcıl gənclər hesabına genişləndirilir”, başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayonunda gənclərin komsomol sıralarına qəbul olunması işinə yaxından diqqət edilir. Rəhbər komsomol orqanlarının seçkilərindən keçən vaxt ərzində rayonun bir sıra ilk komsomol təşkilatları komsomol sıralarına qəbul işində xeyli müvəffəqiyyətlər əldə etmişlər. Komsomol sıralarına yeni qəbul olunanlar arasında aparılacaq işlər nümunə təşkil edilmişdir. Komsomol sıralarına yeni qəbul olunan gənclər komsomol ustavını və Lenin-Stalin partiyasının şanlı tarixini təkbaşına öyrənirlər. Onlar kolxoz istehsalatında və təhsil sahəsində ciddi çalışaraq özlərinin sadiq olduqlarını əməli işdə sübut edirlər. Rayonun Arcud kənd ilk komsomol təşkilatı qabaqcıl gənclərdən 9 nəfərini komsomol sıralarına qəbul etmişdir. Bunlardan H.Yolçuyeva, M. Hümbətov, Əzət Rəfiyeva və bir çox başqaları özlərinin yaxşı işləri ilə gözə çarpırlar. Bir çox komsomolçular bir sıra müdafiə normalarını vermişdilər. Burada 12 nəfər komsomolçu “HKMHMH” normalarını verib döş nişanlarını almışlar. Komsomolçulardan Hüseyin Eminov, H. Əliyev, B.Həsənov yoldaşlar təhsil əlaçılarıdır. Onlar dərslərdə geri qalan şagirdlərə sistematik olaraq kömək edirlər. Məmməd Məmmədov, Məmməd Nəsirov və bir çox başqa komsomolçular kolxozun yeni tikdiyi su anbarlarında namusa çalışırlar...”
Qəzetin 25 dekabr, 1940-cı il, N299 (2919) sayında M.Rəsullu imzası ilə “Rayon kolxozlarında. Kirovakan” başlıqlı məqalədə isə belə yazılırdı: “Rayonun Arcud, Gözəldərə, Heydarlı və başqa kənd kolxozlarında heyvanların qışlamasına hazırlıq işləri yaxşı təşkil edilmiş və ayrı-ayrı kolxozlarda heyvanlar üçün keçən ilə nisbətən bu il daha zəngin yem bazası yaradılmışdır. Arcud kənd kolxozunun bütün heyvandarları arasında yarış müqavilələri bağlanmışdır. Ferma işçilərindən Nəsib İsgəndərov, Osman İbrahimov, Zərxanım Alıyeva, Gülsüm Qocayeva, H. İbrahimova və başqa yoldaşlar öz işlərində namusla çalışırlar...”
1941-ci ilin nəşrlərinin sayında
“Sovet Ermənistanı” qəzetinin 11 aprel 1941-ci il tarixli, N86 (3012) sayında Məmməd Əliyevin imzası ilə “Kolxozçuların sevinci” başlıqlı məqalədə yazılırdı: “Kirovakan rayon partiya komitəsi, partiya və hökumətimizin qabaqcıl kolxozçulara əlavə əmək haqqı verilməsi haqqındakı qərarını kütləviləşdirmək məqsədilə rayon aktivindən 24 nəfər səfərbərliyə alıb kəndlərə göndərmişdir. Səfərbərliyə alınan yoldaşlar kolxozçuların geniş yığıncaqlarında bu qərarı dərindən kütləviləşdirirlər. Bu qərarı kolxozçu və kolxozçu qadınlar arasında daha da dərindən kütləviləşdirmək məqsədilə bütün briqada, ferma, zveno və məhəllələrə 1670 nəfər aqitator təhkim edilmişdir.Partiya və hökumətimizin bu gözəl qərarı kolxozçuların hədsiz sevinc və şadlığına səbəb olmuşdur. Rayonun Gözəldərə kənd kolxozçularının ümumi yığıncağında kolxozun tarlaçılıq briqadasının qabaqcıl briqadiri Namaz Şahalıyev öz çıxışında, bu il hər hektardan 20-22 sentner ot məhsulu götürəcəyinə söz vermişdir. Rayonun Arçud, Hallavarvə sair kənd kolxozçularının yığıncaqlarında dəxi kolxozçu və kolxozçu qadınlar öz çıxışlarında üzərlərinə düşən bir sıra yeni-yeni təəhhüdlər götürmüş, atalıq qayğısı üçün zəhmətkeşlərin əziz atası Stalin yoldaşa təşəkkürlər bəyan etmişlər”
Qəzetin 17 aprel 1941-ci il tarixli, N21(3017) sayında, Kolxoz klubları yaz əkininə yaxından xidmət edir” başlıqlı məqalədə bu kimi fikirlərə rast gəlinirdi: “Kirovakan rayon partiya komitəsinin aqitasiya-propaqanda şöbəsinin təşəbbüsü ilə rayon klub müdirlərinin rayon müşavirəsi çağırılmış, müşavirədə klub müdirlərinin görəcək işləri haqqında geniş və məzmunlu məruzə olmuşdur. Rayonun kolxoz klubları arasında sosializm yarışı müqavilənaməsi imzalanmışdır... Rayonun Arcud kənd kolxoz klubu da yaz əkininə yaxından xidmət edir. Burada divar qəzeti ardıcıl olaraq çıxarılır...”
Qəzetin 8 may 1941-ci il tarixli, N107 (3031) sayında Məmməd Əliyevin imzası ilə “Kirovakan rayon məktəblərində” başlıqlı məqalədə bu kimi fikirlər yazılırdı: “Kirovaka rayonunun bütün məktəblərində dərs ilinin III rübündə yüksək dərs keyfiyyəti sahəsində diqqətəlayiq iş aparılımışdır. XVIII partiya konfransı qabağı genişlənən sosializm yarışı əsasında rayon məktəbləri öz üzərlərinə götürdükləri vədləri yerinə yetirərək, ayrı-ayrı məktəblərdə əlaçı şagirdlərin sayı artmış, şüurlu intizam möhkəmləndirilmişdir. Rayon maarif şöbəsinin metod kabinetinin işlərində də lazımi dönüş yaradılmışdır. Rayonun azərbaycanlı məktəblərinə lazımi metodiki göstərişlər vermək üçün burada azərbaycanlı metodist dəxi saxlanılır...Rayonun Arcud kənd məktəbində də III rübdə xeyli irəliləmə nəzərə çarpır. Burada əlaçılar bütün şagirdlərin 43,5 faizini təşkil edir. Orucov (dərs hissə müdiri), Rəcəb Həsənov və başqaları yaxşı çalışırlar. Lenin-Stalin dilini şagirdlərə dərindən öyrətmək sahəsində məktəbdə yaxşı iş aparılır. Rus dili müəllimi Camal Kosayev yoldaş rus dilini şagirdlərə qayğı ilə öyrədir. Məktəbin şagirdlərindən Xatalı Məmmədov, Bayram Həsənov, Məmməd Nəsibov, Xədicə Rəcəbova və başqaları bütün dərslərindən əla qiymət almışlar...”
Qəzetin 10 iyun 1941-ci il tarixli, N135 (3059) sayında M.Əliyevin imzası ilə yazılırdı: “Kirovakan rayonunda Üçüncü Beşillik Dövlət Zayomuna (dördüncü il buraxılışı) yazılış müvəffəqiyyətlə keçirilməkdədir. Rayonun işçiləri yeni zayoma bir aylıq əmək haqqı, kolxozçular isə iki-üç həftəlik əmək günü miqdarında yazılırlar...Rayonun Arcud, Hallavar, Qışlaq, Bozavdal, Hacıqara, Həmzəçimən və Şahalı kındlərində dəxi yeni zayoma böyük sevinc və ruh yüksəkliyi ilə yazılırlar. Yerli təşkilatlar zayoma yazılışa yaxşı başçılıq edirlər”
Qəzetin 20 iyun 1941-ci il tarixli, N144 (3068) sayında Məmməd Əliyevin “Kolxoz aqitatorları” başlıqlı məqaləsində yazılırdı: “Kirovakan rayonunda XVIII Ümumittifaq partiya konfransından sonra siyasi aqitasiyaya daha artıq diqqət yetirilir. Aqitatorlar kolxozlarda və istehsalat müəssisələrində kütləvi aqitasiyanı istehsalat məsələləri ilə daha sıx əlaqələndirərək partiya və hökumətimizin qərarlarını geniş kütlələrə vaxtında çatdırırlar. Rayonun Arcud kənd “26 kommunar” kolxozunda bolşevik aqitasiyası daha yaxşı təşkil edilmişdir. Aqitator Hümbət Məmmədov yoldaş kolxoz tarlalarında partiyamızın XVIII Ümumittifaq konfransının qərarlarını kolxozçulara dərindən izah edir. O, növbəti aqitasiya saatında keçdiyi temaları yerli faktlarla əlaqələndirdiyindən kolxozçular arasında böyük maraq əmələ gəlir. Bolşevik aqitasiyasının təsiri altında kolxozçulardan Hüseyn Quliyev, H.Nəsibov, Nəsib İskəndərov, İskəndər İsmayılov, H.Nəbiyeva və Yetər Ələskərova yoldaşlar öz gündəlik planlarını xeyli artıqlaması ilə yerinə yetirirlər. Burada aqitatorların vasitəsilə qabaqcıl briqada, zveno və kolxozçuların parlaq iş nümunələri geridə qalanlara çatdırılır. Bu sahədə aqitatorlardan Camal Kosayev və Rəcəb Həsənov yoldaşları nümunə göstərmək olar. Onlar partiya və hökumətin qərarlarını vaxtlı-vaxtında kolxozçulara çatdırır və onları təsərrüfat planlarının yerinə yetirilməsi uğrunda mübarizəyə səfərbərliyə alırlar...Kolxoz ilk partiya təşkilatının katibi Xıdır Mansırov yoldaş ayrı-ayrı briqadalara təhkim edilmiş aqitatorlarla işi diqqət mərkəzinə almışdır. O, aqitatorlarla vaxtlı-vaxtında seminar məşğələlər və müsahibələr təşkil edir ...”
Qəzetin 21 iyun 1941-ci il tarixli, N145 (3069) sayında, Məmməd Əliyevin imzası ilə “Arıçılıq inkişaf etdirilir” başlıqlı yazıda qeyd olunurdu: “Kirovakan rayonunun Hacıqara kəndindəki Kalinin adına kolxozun arıçılıq fermasında 296 arı ailəsi vardır. Arıçılıq fermasının işçiləri bu il arı ailələrinin sayını 329-a çatdırmaq və bol-bol məhsulu götürmək uğrunda namusla çalışırlar...Rayonun Arcud kənd “26”-lar adına kolxozunda və Gözəldərə kənd kolxozunda dəxi arıçılıq işləri inkişaf etdirilmişıdir”.
Qəzetin 24 avqust 1941-ci il tarixli, N201(3126) sayında “Məmməd Əliyevin imzası ilə dərc olunan “Patriot qadınlar” adlanan məqalədə yazılırdı: “Kirovakan rayon kolxozlarında qadınlar fədakar iş nümunələri göstərirlər. Rayonn Arcud kənd 26 kommunarlar adına kolxozunun əmək sevən qadınlarından Bağdad Çinoyan (qeyd: məqalədə texniki səhv olub. Onlar Cinoyevlər adlanırlar), Yetər Qasımova, Zərxanım Əliyeva yoldaşlar hər gün gecə molotilka, gündüzlər isə taxıl biçini işində çalışırlar...”
Qəzetin 23 sentyabr 1941-ci il tarixli, N 226 (3151) sayında, Məmməd Əliyevin imzası ilə “Qadınlar kolxoz işində aktiv çalışırlar” başlıqlı məqalədə yazılırdı: “ Kirovakan rayonunun kolxoz tarlalarında staxanovçu qadınların sayı hər gün artır. Rayonun Arcut kənd kolxozunun kolxozçu qadınlarından 45 nəfər payız əkini və məhsul toplanışı işində fədakarcasına çalışır. Onlar öz istehsalat planlarını vaxtından qabaq yerinə yetirmək üçün bir-biriləri ilə sosializm yarışı müqaviləsi bağlamışlar. Fatı Orucova, Qəndab Alı qızı, Xədicə Binnətova və bir çox başqaları öz yaxşı işləri ilə nəzərə çarpırlar...”
“Sovet Ermənistanı” qəzetinin 9 oktyabr 1941-ci il tarixli, N240 (3165) sayında dərc olunan “Payız əkinini vaxtında qurtardılar” başlıqlı məqalədə bu kimi ifadələr öz əksini tapırdı: “Kirovakan rayonunun Arcut kəndinin 26 kommunarlar adına kolxozu planda görülmüş 120 hektar payız əkini sahəsi əvəzində 170 hektar sahə əkib başa çatdırmışdır...”
Qəzetin 17 oktyabr 1941-ci il tarixli, N247(3172) sayında, Məmməd Əliyevin imzası ilə “Bol şəkər pazısı əldə etmişlər” başlıqlı məqalədə bu kimi fikirlər əksini tapırdı: “Kirovakan rayon kolxozları öz işlərini müharibə vaxtının tələbləri üzrə quraraq, rayonda şəkər pazısı yığımını böyük mütəşəkkilliklə irəli aparırlar. Rayonun Arcud kənd kolxozunda şəkər pazısı yığımına hazırlıqlı surətdə başlanılmışdır. Burada şəkər pazısı əkini yüksək aqrotexnika qaydaları üzrə becərildiyi üçün hər hektardan 169 sentner məhsul götürülmüşdür. Kolxoz indiyə qədər dövlətə 986 sentner şəkər pazısı təhvil vermişdir. Pazı yığımı sahəsində kolxozçulardan Xəlil Osmanov, Hüseyn Quluyev, Qəndab Qocayeva, Əzət Yusifova və başqaları fərqlənirlər...”
Arçut haqqında məqalələr “Sovet Ermənistanı” qəzetinin səhifələrində tez-tez dərc olunurdu. Bu da kənd həyatının fəallığından, ictimai aktuallığından irəli gəlirdi. Qəzetin 18 dekabr 1941-ci il tarixli, N300(3225) sayında Məmməd Əliyevin imzası ilə “Kirovakan kolxozçuları bol məhsul bölürlər” başlıq məqalədə yazılırdı: “Krovakan rayonunun kolşxozçu və kolxozçu qadınları bu il böyük vətən müharibəsi vaxtının templəri üzrə çalışaraq, keçən illərə nisbətən 2-3 dəfə artıq məhsul əldə etmişdir. İndi rayonun bütün kolxozlarında əldə edilən bol məhsul bölgüsünə başlanılmışdır. Rayonun Yaqublu kənd kolxozu keçən il 115 tonn taxıl məhsulu götürdüyü halda bu il həmin həmin sahədən 291 ton taxıl məhsulu götürmüşdür...Rayonun Qışlaq, Arcud, Həmzəçimən, Şahalı, Kolagirən, Dərvaz və sair kolxozlarında da əldə edilən bol məhsul müvəffəqiyyətlə bölünməkdədir”.
Elşən Nəsibov (Elşən Ardıc)
Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü
30 iyul 2025
Bakıvaxtı.az üçün