AZ

Rəşad Sadıqov: "Hayduk"la oyunda bunu hiss etdirməməyə çalışacağıq

BAKI, 31 iyul. TELEQRAF

"Düşünürəm ki, azarkeşləri çox maraqlı oyun gözləyir".

Teleqraf xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Xorvatiyada "Hayduk"la keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfansında deyib.

43 yaşlı mütəxəssis mətbuat konfransında ətraflı məlumat verməyin çətin olduğunu bildirib: "Böyük azarkeş kütləsi qarşısında yaxşı komandaya qarşı oynayacağımızı bilirik. Gözəl atmosferdə gözəl oyun oynayaraq yaxşı nəticə qazanmaq istəyirik".

O, matçı buraxacaq Brahim Konate və Ange Mutsinzini barədə danışıb: "Bu itkilərdən öncə də müəyyən itkilərimiz var idi. Bir çox futbolçularımız zədəlidir. Təlim-məşq toplanışında bizim üçün uğursuz gedişatlar oldu. Salifu Sumanın klubdan ayrılması, Rafael Utziqin komandaya gec qoşulması, Vinsent Till, Yeqor Baqamolski və Eldar Quliyevin zədələnməsini qeyd edərdim. Bunlar ilk oyundan öncə olan itkilərdir. Amma ikinci oyundan əvvəl Konate və Mutsinzini də itirdik. Təbii olaraq, hər bir baş məşqçi istəyər ki, önəmli oyunçularının hamısından istifadə edə bilsin. Amma itkilər də futbolun bir hissəsidir. Sadəcə olaraq, bu tip problemlər bu oyun öncəsi daha çox oldu. Düşünürəm ki, komandamızın möhkəm xarakteri var və heç bir itkini hiss etdirməyəcəklər. Hər zaman çalışmışıq güclü komanda formalaşdıraq, hər hansı futbolçu üzərindən oyunumuz formalaşmasın. Bu tip situasiyalara əvvəllər də düşmüşük. "Hayduk"la oyunda bu itkiləri hiss etdirməməyə çalışacağıq".

Sadıqov Konate və Mutsinzini əvəzləyəcək oyunçulardan yüksək performans gözlədiyini söyləyib: "İtkilər üzərində çox dayanmıram, hər hansı bir itki baş verdikdə onlar üçün baş sındırmıram. Daha çox önümüzə baxmağa çalışıram. Bu oyunda da rahat könüllə digər futbolçulara şans verəcəyik. Əminəm ki, onlar zədəli oyunçulardan daha da yaxşı çıxış edəcəklər. Onlar üçün də yaxşı bir fürsətdir ki, ilk dəqiqələrdən başlayıb özlərini yaxşı tərəfdən göstərsinlər".

"Zirə"nin baş məşqçisi komandalar arasında favoritin olmadığını vurğulayıb: "Şansları bərabər dəyərləndirirəm. Bizim müəyyən avrokubok təcrübəmiz var. Bilirik ki, ilk oyunun nəticəsindən asılı olmadan çox şey ikinci oyunda həll olur. Vacib olan odur ki, cavab matçına şanslarını yüksək saxlayasan. Bakıdakı qarşılaşmada göstərdiyimiz oyunla mərhələ keçməyə şansımızın olduğunu sübut etdik. Rəqib doğma azarkeşlər önündə çıxış edəcək. Onların yeganə üstün tərəfi bu ola bilər. O da ki, futbolçularım 30 min azarkeş qarşısında zövq alaraq oynayacaqlar. Hər dəfə belə azarkeş qarşısında oynamaq qismət olmur. Bu yaxşı bir fürsətdir ki, gördüyümüz işdən həzz alaq".

Rəşad Sadıqov ötən mövsüm qarşılaşdıqları Xorvatiyanın digər təmsilçisi "Osiyek"lə "Hayduk"u müqayisə edib: "Heç vaxt komandalar arasında müqayisə aparmağı sevmirəm. "Osiyek" həmin dönəmdə yaxşı formada idi. Sonradan çempionatı uğursuz başa vurduqlarını da bilirəm. Amma onlarla qarşılaşdığımız dövürdə yaxşı formada idilər. Bizdən öncəki mərhələdə inamlı qələbə qazanmışdılar və çox yüksək mental durumda idilər. Hər iki oyun çox gərgin və maraqlı keçmişdi. Bugünkü "Hayduk"la çempionatdakı "Hayduk" arasında fərq var. Adlar olaraq çempionat boyu çıxış edən komanda daha güclü görsənə bilər, amma rəqib olaraq bugünkü "Hayduk" daha təhlükəlidir. Burada yeni baş məşqçinin də rolu var. Amma "Osiyek"lə müqayisə etsəm, komandaları eyni səviyyədə qiymətləndirərdim".

Qeyd edək ki, bu gün "Polyud" stadionunda təşkil olunacaq "Hayduk" - "Zirə" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. Komandalar arasında Bakıda keçirilən ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Seçilən
22
1
teleqraf.com

2Mənbələr