AZ

Ərəb ölkələri HƏMAS-ı Qəzzada hakimiyyəti tərk etməyə çağırırlar

Ərəb ölkələri HƏMAS qruplaşmasını Qəzza zolağında hakimiyyətdən əl çəkməyə çağırıblar. Belə bir bəyanatla Qətər, Səudiyyə Ərəbistanı və Misir çıxış ediblər. "The Telegraph"ın yaydığı məlumata əsasən, bu ölkələr Fələstin terror qruplaşmasını özünü buraxmağa çağırıb.

Bildirilir ki, Qətər, Səudiyyə Ərəbistanı və Misir faktiki olaraq Böyük Britaniya və Fransa daxil olmaqla digər 14 ölkəyə qoşularaq 7 oktyabr hücumlarını pisləyən və HƏMAS-ı Qəzza zolağında hakimiyyətdən əl çəkməyə çağıran bəyanat imzalayıblar. Bu, İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həlli prosesinin bərpasına dair Birləşmiş Millətlər Təşkilatının konfransında razılaşdırılan bəyannamədir. Bundan başqa, ərəb ölkələri gələcəkdə İsraillə münasibətləri normallaşdırmaq niyyətində olduqlarını bildiriblər. Bəyannamədə deyilir: "Qəzza zolağında müharibənin dayandırılması kontekstində HƏMAS Qəzza zolağındakı hakimiyyətinə son qoymalı, beynəlxalq iştirak və dəstəklə, suveren və müstəqil Fələstin dövlətinin yaradılması məqsədinə uyğun olaraq silahlarını Fələstin Muxtariyyətinə təhvil verməlidir".

Konfransı Səudiyyə Ərəbistanı ilə birgə təşkil edən Fransa bəyannaməni "tarixi və görünməmiş" adlandırıb. Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, ərəb və Yaxın Şərq ölkələri HƏMAS-ı ilk dəfə pisləyib və qruplaşmanın tərk-silah edilməsinə çağırıblar.

"Ərəb və Yaxın Şərq ölkələri ilk dəfə olaraq HƏMAS-ı və 7 oktyabr hadisələrini pisləyir, HƏMAS-ın tərk-silah edilməsinə və onun Fələstin idarəçiliyindən kənarda qalmasına çağırır, gələcəkdə İsraillə münasibətləri normallaşdırmaq niyyətlərini açıq şəkildə ifadə edir", - deyə  Fransa XİN rəhbəri bildirib.

Bəyannamə müharibədən sonra Qəzza zolağında xarici qoşunların yerləşdirilməsini dəstəkləyir. Bəyanatda İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin daxil olmaqla hər iki dövləti həll yoluna sadiqliklərini açıq şəkildə bəyan etməyə çağırış yer alıb. Amma İsrail və ABŞ konfransı boykot edərək bəyannaməni imzalamayıblar.

Xatırladaq ki, İsrailin Baş naziri britaniyalı həmkarı Kir Starmeri Fələstin dövlətini tanımaq planlarını açıqlamasına görə tənqid edib. Bildirib ki, bu qərar HƏMAS-ın dəhşətli terrorunu mükafatlandırır və onun qurbanlarını cəzalandırır.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron oxşar (lakin heç bir tələb olmadan) bəyanatla çıxış edib. O, həmçinin Parisin sentyabrda BMT Baş Assambleyası zamanı Fələstini dövlət kimi tanıyacağını bildirib və HƏMAS-ın demilitarizasiyasına çağırıb.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
3
azerbaijan-news.az

1Mənbələr