“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv II mərhələdə İrlandiyanın “Şelburn” komandasına hər iki oyunda qalib gəlib – 3:0, 1:0.
İlk matçdakı inamlı qələbədən sonra “Qarabağ”ın mərhələ adlamaqda çətinlik yaşamayacağı bilinirdi. Avropa arenasında son illərdə qazandığı təcrübə ilə demək olar, hər il azı bir mərhələ keçməyi bacaran “atlılar” bu dəfə də gözləntiləri qarşıladı. Mövsümün ilk rəsmi oyunlarını qol buraxmadan qazanan “Qarabağ” eyni zamanda ölkənin UEFA reytinqinə 0,500 xal qazandırdı.
“Şelburn”la cavab görüşünə futbolçular ilk oyunun nəticəsinə görə yaranan rahatlıqla çıxmışdı. Top çevirən, özünü çox yormayan, ara-sıra sürətli hücumlar edən “Qarabağ”ın qələbə qazandığı matçın taleyini avtoqol həll etdi. İkinci hissədə daha açıq futbol oynayan və “Qarabağ”a boşluqlar verən “Şelburn” bəzi anlarda təhlükəli epizodlar yarada bildi. İkinci hissədə hər iki komandanın ifasında açıq futbol nümayiş olundu. Lakin şanslar boşa verildi, tabloda rəqəmlər dəyişmədi.
Matç “Qarabağ”ın yeni transferlərinin uyğunlaşması üçün daha vacib idi. Yarımmüdafiədə Pedro Bikalyoda hələ problemlər sezilir. Tələskənlik və fərdi səhvlər onun əsas heyətdəki yerini itirməsinə səbəb ola bilər. Yankoviçin yoxluğunda üzərinə böyük yük düşən Bikalyo vəzifəsinin öhdəsindən qismən gələ bildi. İkinci hissədə oyuna daxil olan Koaku və Mmae də pis təsir bağışlamadı. Xüsusilə müdafiəçi Mmae aqressiv duruşu ilə seçildi.
“Qarabağ”ın növbəti rəqibi Şimali Makedoniyanın “Şkendiya” komandasıdır. II təsnifatda sürprizə imza ataraq Rumıniyanın köklü klublarından FCSB-nı hər iki oyunda üstələyən makedonlar “atlılar”a başağrısı yarada bilər. Müdafiə futboluna üstünlük verən və qapalı oynayan “Şkendiya” ilə görüşlərdə “Qarabağ”ın fərdi ustalığı yüksək olan futbolçularının üzərinə böyük yük düşəcək. İlk oyun avqustun 5-də səfərdə, cavab görüşü isə 12-də Bakıda olacaq.
Şahin Cəfərov