AZ

Bakı şəhərində “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumu keçirilir - FOTOLAR

30 iyul 2025-ci il tarixində Bakı şəhərində “Tarixi Yerlər və Abidələr” V Beynəlxalq Bakı – Bayırşəhər Simpoziumu öz işinə başlayıb.

QHT.az xəbər verir ki, Simpozium, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin əziz xatirəsinə həsr olunub. Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu (Bakı), “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (Bakı), İtaliyanın Beynəlxalq YOCOCU Assosiasiyası (Roma), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzinin (Skopye) birgə təşkilatçılığı ilə həyata keçirilib. Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Rusiya, İraq, İran və digər ölkələrdən 60-a yaxın alim və tədqiqatçı məruzələrlə iştirak edib.

Simpoziumun açılış mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında baş tutub. Tədbiri giriş sözü ilə açan AMEA-nın Prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, tarixi yerlər və abidələrə həsr olunan bu simpoziumun təşkili həm aktual, həm də elmi baxımdan əhəmiyyətlidir. Qarabağın azad edilməsindən sonra bu ərazilərdə aparılan quruculuq prosesində tarixi abidələrə xüsusi diqqət yetirilir və bu sahədə həyata keçirilən arxeoloji tədqiqatlar görülən işlərin elmi əsaslarını ortaya qoyur. Simpoziumun “Bayırşəhər Simpoziumu” adlandırılması da xüsusi təqdirəlayiqdir. Bakı şəhərinin yalnız İçərişəhəri deyil, eyni zamanda Bayırşəhəri də olmalıdır. Bu toponimin seçilməsi uğurludur və bu istiqamətdə elmi tədqiqatların davam etdirilməsi vacibdir. Simpoziumun yeni konservasiya olunmuş Zərgərpalan hamamında keçirilməsi isə elmin innovativliyini və populyarlaşdırılmasını əks etdirir. Tədbirin professor Vəli Əliyevin xatirəsinə həsr olunması isə Azərbaycan arxeoloqlarına verilən dəyərin göstəricisidir və bu cür etik yanaşmaların davam etdirilməsi vacibdir. Vəli Əliyev Azərbaycan arxeologiyasında məktəb yaradan böyük alim olmuş, xüsusilə Naxçıvan arxeologiyası onun adı ilə bağlıdır.

Simpoziumun Təşkilat Komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AMEA-nın müxbir üzvü Vəli Əliyevin tərcümeyi-halını təqdim edərək onun elmi fəaliyyətindən danışıb. Daha sonra Adnan Menderes Universitetinin dosenti Əhməd Aytac xarici ölkə alimləri adından çıxış edərək simpoziuma uğurlar arzulayıb. Vəli Əliyevin ailəsi adından nəvəsi Ayla Əliyeva çıxış edərək tədbirin babasının xatirəsinə həsr edilməsinə görə minnətdarlığını bildirib.

Plenar iclasda tarix elmləri doktoru, professor Abbas Seyidov “Azərbaycan arxeologiyasının korifeyləri: AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyev”, tarix elmləri doktoru, professor Qafar Cəbiyev “İslam dövrü arxeologiyası: ənənəvi yanaşmalar, müasir çağırışlar”, italiyalı bərpaçı-memar, professor Luici Skrinzi “İnsanın yaddaşa çağırışı və müqəddəs anlayışı”, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə “Bayırşəhərin kompleks qorunması məsələsində arxeoloji tədqiqatların rolu” mövzularında məruzələrlə çıxış ediblər.

Simpoziumun bölmə iclasları Bayırşəhərdə yerləşən tarixi Zərgərpalan hamamında davam etdirilib. Birinci bölmə iclasına tarix elmləri doktoru, professor Qafar Cəbiyev sədrlik edib. Bu iclasda professor Hidayət Cəfərov "Qarabağın hökmdar kurqanları sosial diferensiasiyanın parlaq şahidləri və sinfi cəmiyyətə keçidin müjdəçiləri", professor Kübra Əliyeva "Azərbaycan arxeologiyası və Vəli Əliyevin tədqiqatlarında Qarabağ mövzusu", professor Sevinc Abbasova "Möminə Xatın türbəsi: Sevgiylə yaradılmış memarlıq abidəsi kimi təhlil (Memar Əcəmi irsində qadın zəkasına ehtiram)", professor Esmira Fuad "Təbrizdə yaşayan daş yaddaşı", professor Vəfa Mahmudova "Keçələkəran abidəsi (Yardımlı rayonu)", professor Şahin Abbas Çələbi "İraq Kərkükdə tarixi Osmanlı abidələri", dosent Həbibə Əliyeva "Azərbaycan epiqrafik abidələri arasında hamamların rolu", dosent Ümbülbanu Həmidova "Ərzurum şəhərindəki Qoşa Minarəli Mədrəsə İslam dövrü memarlığının bariz nümunəsi kimi", dosent Bəxtiyar Cəlilov "Əmirvar kurqanları", dosent Əhməd Aytac "Mədəni irsin tanıdılması və tədrisində Azərbaycan Xalça Muzeyinin rolu", dosent Gülçöhrə Hüseynova "Nüzgərin irs abidəsi sayılan kəhrizləri" mövzularında məruzə ediblər.

Simpozium çərçivəsində “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi, bərpaçı-heykəltəraş Vüqar Quliyev tərəfindən “Mədəni irsin suvenirləşdirilməsi” mövzusunda praktik məşğələ keçirilib. Basqal Qəsəbə Mədəniyyət Evinin əməkdaşları Talehə Abdullayeva və Nahidə Ələsgərova isə “Basqal kələğayısı və qurama” adlı sərgini təqdim ediblər.

Simpozium öz işini davam etdirir.

Seçilən
23
qht.az

1Mənbələr