Fuad İbrahimov: "Ümumiyyətlə, bugünə qədər bizdə büdcə xərclərinin şəffaf mexanizmi yoxdur"
Hesablama Palatası (HP) dövlət vəsaitlərinin istifadəsində 65 milyon manatlıq pozuntu aşkarladığını bildirir.
Bu barədə Palatanın 2025-ci ilin ilk yarısında fəaliyyətinə aid iyulun 29-da açıqlanan hesabatında qeyd edilib.
Məlumata görə, qurumun həyata keçirdiyi audit tədbirləri nəticəsində dövlət vəsaitlərinin istifadəsində ciddi nöqsanlar və hüquqpozmalara rast gəlinib. Hesabata görə, ümumilikdə 65 milyon manatlıq pozuntu faktı qeydə alınıb ki, bunun da 17,8 milyon manatı birbaşa dövlət büdcəsinə zərər kimi qiymətləndirilib. Büdcə vəsaitlərinin bəzi hallarda funksional təyinatından kənar istifadə olunduğu müəyyən edilib.
Demək olar, hər il Hesablama Palatası belə nöqsanlar aşkarlayır, amma pozuntular azalmır. Maraqlıdır, nöqsanlar niyə təkrarlanır? Ola bilərmi ki, sözügedən nöqsanlarla bağlı ciddi cəza tədbirləri görülmədiyinə görə bu baş verir?
"Güman edirəm ki, reallıqda pozuntuların həcmi 1 milyard manatdan çoxdur"
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, 30 milyard manatlıq büdcə xərci olan ölkədə 65 milyon manat pozuntu elə də böyük deyil: "Deməyim odur ki, pozuntunun bundan çox olması ehtimalı böyükdür. Ümumiyyətlə, bugünə qədər bizdə büdcə xərclərinin şəffaf mexanizmi yoxdur. Bütövlükdə, o xərclər necə formalaşır, əsasən də kapital qoyuluşu sektoruna aid büdcənin formalaşması şəffaflıqla müşayiət olunmur. O nöqteyi-nəzərdən hesab edirəm ki, birincisi, reallıqda pozuntuların həcmi 65 milyondan qat-qat yüksəkdir. Sadəcə olaraq 65 milyon manat ifadə olunur. Hesab edirəm ki, büdcədən təyinatı üzrə xərclənməyən hər bir manata görə cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir. Hüquqşünaslar daha yaxşı bilir hansı hallarda cinayət məsuliyyətinə cəlb edilirlər. Hələ ki, biz bunu görmürük. Mən iqtisadçı olaraq əminəm ki, pozuntuların həcmi 65 milyon manat deyil, daha çoxdur. Güman edirəm ki, reallıqda pozuntuların həcmi 1 milyard manatdan çoxdur. Biz əgər büdcə xərclərini təyinatı üzrə xərcləsəydik, ölkəmizin heç bir problemi olmazdı. Ona görə də büdcəyə effektiv nəzarət olmalıdır. Nə qədər ki bu yoxdur, sözügedən pozuntular növbəti illərdə də davam edəcək. Ona görə də bütün bunlara son dərəcə ciddi yanaşmaq lazımdır. Layihələrə ayrılan vəsaitlər mənimsənilir. Çünki vəsaitlər təyinatı üzrə xərclənmir".
Vidadi ORDAHALLI